Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-509/2024 05.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin ENŞ-nin müdiri X4 tərəfindən tərtib edilmiş 24 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhər, M.Müşfiq küçəsində yerləşən “Cahid Mobil” adlanan sahibkarlıq obyektinin reklamları barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmiş və beləliklə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Şəki şəhər, M.Müşfiq küçəsində yerləşən “Cahid Mobil” obyektinin qarşısında açıq məkanda 3,20 m x 0,50 m x 1 ədəd = 1,60 m2 fasad reklamı, 1,50 m x 0,17 m x 2 ədəd = 0,52 m2 fasad reklamı, 0,60 m x 0,30 m x 2 ədəd = 0,36 m2 fasad reklamı, 0,70 m x 1 m x 2 tərəf = 1,40 m2 ayrıca dayaq müvafiq icazə almadan yerləşdirilmiş və yayımlanmışdır. Bu barədə 03 iyun 2024-cü il tarixdə açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib olunmuşdur. Həmçinin 04 iyun 2024-cü il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X11 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. Lakin “Cahid Mobil” adlanan sahibkarlıq obyektində fəaliyyət göstərən Şəxs qeyd olunan obyektə yayımlanan reklamlar barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yetirməmişdir. Şəxs işlətdiyi sahibkarlıq obyektində reklamın adı əvvəllər “Lux mobile” olmuşdur. X11 İdarəsinin dil norması ilə bağlı qanuni tələbləri ilə əlaqədar həmin reklamı dəyişdirmiş və “Cahid mobil” məzmunda yeni reklam düzəltdirib qoymuşdur. Həmin reklamı da idarə əməkdaşı müfəttiş Qoşqar Mustafayevin vasitəsilə sənədləşdirmiş və ödənişlərini keçirmişdir. xx.xx.2024-cü ildə icazənin vaxtı bitəndə müfəttiş Qoşqar Mustafayev obyektə yaxınlaşmış və həmin zaman orada olan qardaşı ilə görüşmüşdür. O, reklamları azaldacağını, yəni pəncərələrdəki vinilləri sökəcəyini bildirdiyini və müfəttiş Qoşqar Mustafayevin də 10 gündən sonra gələcəyini dediyini bildirmişdir. Yəni ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs reklam yayıcısının özü olduğunu etiraf etməklə məsuliyyəti isə idarə əməkdaşının onu arxayın salması ilə əsaslandırmaqla öz üzərindən atmağa çalışmışdır. Bununla yanaşı reklam yayıcısı Şəxs onu da bildirdi ki, özü Fövqəladədə işlədiyi üçün, işi ilə əlaqədar olaraq VÖEN açdıra bilmir. Obyektdə müxtəlif vaxtlarda işçiləri satıcı qızın adında və sonralar da bir oğlanın adında VÖEN olmuşdur. Hazırda isə onlar işləmirlər və qardaşı VÖEN açdırmaq üçün müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da fiziki şəxs kateqoriyası altında reklam yayıcısı olmaqla və açıq məkanda reklam yayımlamaq üçün verilmiş icazənin müddəti bitdikdən sonra (xx.xx.2024) yenidən müraciət edərək müvafiq ödənişləri keçirib icazə almadığına görə icazəsiz reklam yayımı ilə bağlı idarə tərəfindən verilmiş icrası məcburi olan yazılı göstərişi vaxtında və tam yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Reklam yayıcısı Şəxs əvvəllər ərizə ilə müraciət etməklə və müvafiq ödənişləri keçirməklə icazə sənədi üzrə reklam yayımlamışdır. “Cahid Mobil" məzmunda reklam yayımlamaq istəyən şəxs Şəxsdur və idarə tərəfindən açıq məkanda reklam yayımlamaq hüququ da ona verilmişdir. Reklam yayıcısı Şəxs yayımladığı reklamlara müvafiq olaraq hesablanmış dövlət rüsumunu və yayım haqqını ödəyərək icazə almışdır. Eləcə də həmin obyektdə reklam yayıcısının özünün də məhkəmədə bildirdiyi kimi əvvəllər “Lux Mobile” məzmunda reklam yayımlandığı zamanda da reklam yayıcısı kimi Şəxs müraciət etməklə icazə sənədi almışdır. Daha sonra dil normasının tələbi ilə reklamın məzmunu dövlət dilinə dəyişdirərək uşağın adına “Cahid Mobile” adlandırmışdır. Ümumiyyətlə həmin obyektdə açıq məkanda reklam yayımlamaq üçün 2022-ci ildən bu günədək Şəxs tərəfindən ərizə ilə müraciət olunmuş və öz adına icazə sənədi alınaraq reklam yayımlanmışdır. Buna görə də müvafiq öhdəlikləri daşıyan şəxs də Şəxs olmuşdur. İdarə tərəfindən də reklam sahəsini tənzimləyən qanunvericilik aktlarının tələbləri üzrə müvafiq icrası məcburi olan yazılı göstərişlər həmin şəxsə verilmiş və onun tərəfindən müvafiq vəzifələr yerinə yetirilmişdir. İş materiallarından göründüyü kimi Şəxs açıq məkanda reklam yayımlamaq üçün verilmiş icazənin müddəti bitdikdən sonra xx.xx.2024-cü il tarixdə açıq məkanda icazəsiz reklam yerləşdirilməsinə dair № 000494 nömrəli akt tərtib edilmiş və xx.xx.2024-cü il tarixli 11-3- 5/2-438/2024 nömrəli icrası məcburi olan yazılı göstəriş verilmişdir. Həmin akt və yazılı göstəriş sifarişli poçt xəbərnaməsi ilə reklam yayıcısı Şəxs qeydiyyatda olduğu Şəki rayonu, Vərəzət kəndinə göndərilmişdir. Xəbərnamədən görünür ki, reklam yayıcısı həmin sənədləri xx.xx.2024-cü il tarixdə almışdır. İstər idarəyə, istərsə də məhkəmə iclasında Şəxs özünün reklam yayıcısı olmaması və yaxud həmin reklamların ona məxsus olmaması ilə bağlı heç bir şey bildirməmiş və etiraz etməmişdir. Reklam yayıcısı tərəfindən yazılı göstərişin qeyd olunan müddət ərzində (5 gün) vaxtında və tam yerinə yetirilməməsinə görə onun barəsində xx.xx.2024-cü il tarixdə İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib ediləcəyi yer və vaxt barəsində də əvvəlcədən, yəni xx.xx.2024-cü il tarixdə saat 10:09 radələrində Şəxs, birbaşa mənim tərəfimdən onun istifadəsində olan ********** nömrəli mobil telefonuna zəng edərək məlumat verilən zaman o, həmin reklamla bağlı hər hansı etirazını bildirməmiş, əksinə həmişəki qaydada ərizə ilə müraciət edib yenidən icazə alacağını bildirmişdir. Əvvəlcə bazarda (obyekt bazarda yerləşir) olmadığını bəhanə etdikdə isə ona reklamlarının artıq 1 aya yaxındır ki, icazəsiz olaraq yayımlandığını, onun istəsə idarəyə yaxınlaşıb icazə üçün müraciət edə biləcəyini və yaxud reklamları demontaj etməsini izah edəndən sonra, o, idarəyə yaxınlaşacağını bildirmişdir. Lakin bu məlumatı ciddiyə almamış və həmişəki kimi idarə əməkdaşlarına qarşı olan süründürməçilik hərəkətlərini davam etdirmişdir. Bundan sonra isə Şəxs, saat 16:00-da barəsində protokol tərtib edilməsi barədə qardaşı tərəfindən xəbər verildikdən beş-on dəqiqə sonra isə idarəyə gələrək həmin protokolun məhkəməyə göndərilmədən ləğv edilməsini xahiş edərək, reklamlarını sənədləşdirmək istədiyini bildirmişdir. Ona inzibati xəta haqqında protokolun idarə tərəfindən ləğv edilməsi səlahiyyətinin olmadığı, məhkəmə qaydasında baxılaraq hüquqi qiymət veriləcəyi izah edilmişdir. Göründüyü kimi, inzibati xəta törədən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs olmasında heç bir şübhə yoxdur. İnzibati xəta törədilməsinə şəxsin aidiyyəti və onun təqsirliliyi işin halları ilə təsdiq edilmişdir. Reklam yayıcısının özünün təqdim etdiyi ərizə və şəxsiyyətini təsdiq edən sənədlər əsasında həmin şəxsin reklam yayıcısı olması müəyyən edilmişdir və ona reklam yayımlamaq hüququ verilmişdir. Reklam yayıcısı tərəfindən inzibati xəta törədildikdə də həmin məlumatlar əsasında və eləcədə bilavasitə özü ilə də telefonla danışılaraq məlumat verilməklə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Reklam yayıcısı Şəxs isə həmin reklam barədə heç bir etirazını bildirməmişdir. Həmçinin məhkəmə iclasında da başqa cür bəhanələr gətirsə də reklamla bağlı etiraz məzmunlu heç bir kəlmə də bildirməmişdir. Əvvəllər həm reklama görə müvafiq ödənişlərlə bağlı, həm də avtomobil yoluna qoyduğu texniki tələblərə və təhlükəsiz istismar qaydalarına uyğun olmayan səyyar reklam qurğusu ilə bağlı idarə əməkdaşları tərəfindən reklam yayıcısı ilə dəfələrlə görüşülmüş, profilaktik söhbətlər aparılmışdır. Həmçinin hazırki vəziyyətdə də icazəsiz reklam yayımı ilə bağlı idarə əməkdaşı bilavasitə obyektə yaxınlaşaraq reklam yayıcısına məlumat vermiş, sənədləşmə üçün köməklik göstərməyi təklif etmişdir. O isə işçisi vasitəsilə gah pulunun olmamasını, gah da reklamları sökəcəyi bəhanəsi ilə yubatmağa çalışmışdır. İcrası məcburi olan Yazılı Göstərişi də şəxsən özü alsa da buna məhəl qoymamışdır. Həmçinin Reklam yayıcısı Şəxs telefonla da məlumat verilməsinə baxmayaraq, yəqin ki, o, bunları hədələyici tədbirlər hesab etmiş, öz bildiyi kimi səhlənkarlıq və süründürməçilik hərəkətlərini davam etdirərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyinə inanmamışdır. İdarə tərəfindən açıq məkanda reklam sahəsini tənzimləyən qanunvericilik aktlarından irəli gələn hərəkətlərlə nəticə əldə etmək mümkün olmadıqda, reklam yayıcısının hərəkətlərində inzibati xəta əlamətləri olduğu halda reklam yayıcısı barəsində inzibati xəta haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbl edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şəxs izahat verərək bildirdi ki, onun işlətdiyi sahibkarlıq obyektində reklamın adı əvvəllər “Lux mobile” olmuşdur. X11 İdarəsinin dil norması ilə bağlı qanuni tələbləri ilə əlaqədar həmin reklamı dəyişdirmiş və “Cahid mobil” məzmunda yeni reklam düzəltdirib qoymuşdur. Reklam İdarəsinin əməkdaşı onun işlətdiyi obyektə yaxınlaşmış, 10 gündən sonra geri gələcəklərini bildirmiş, onluq bir iş olmadığını bildirmişdir. Bu barədə ona qardaşı məlumat vermişdir. Lakin sonradan reklamla bağlı müqavilə imzalanmamışdır. Hesab edir ki, protokol əsassızdır. Məhkəmədən icraata xitam verilməsini xahiş emişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Reklam İdarəsinin əməkdaşları özləri 10 - 15 gündən sonra yaxınlaşacaqlarını, müqavilə imzalayacaqlarını bildirmişdilər. Lakin 10 gündən sonra reklam idarəsinin əməkdaşları həmin obyektə gəlməmişdilər. Cahid onun oğlunun adıdır. Obyektin əvvəlki adı “Lux mobile” olmuş, sonradan dəyişdirilərək “Cahid mobil” olmuşdur. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli, 000494 nömrəli aktdan görünür ki, Şəki şəhər, M.Müşfiq küçəsində yerləşən “Cahid Mobil” adlı məkanda Şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla 3,20 m x 0,50 m x 1 ədəd = 1,60 m2 fasad reklamı, 1,50 m x 0,17 m x 2 ədəd = 0,52 m2 fasad reklamı, 0,60 m x 0,30 m x 2 ədəd = 0,36 m2 fasad reklamı, 0,70 m x 1 m x 2 tərəf = 1,40 m2 ölçüdə ayrıca dayaq yerləşdirilmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, Şəxs Şəki şəhər, M.Müşfiq küçəsində yerləşən ona məxsus “Cahid Mobil” adlı sahibkarlıq obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 04 iyun 2024-cü il tarixli yazılı göstərişin surətindən görünür ki, Şəki şəhər, M.Müşfiq küçəsində yerləşən “Cahid Mobil” adlı məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X11 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, X11 İdarəsi tərəfindən Şəxs ünvanlanmış göndəriş 12 iyun 2024-cü il tarixdə şəxsən ünvançı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 24 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, Şəki şəhər, M.Müşfiq küçəsində yerləşən “Cahid Mobil” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 03 iyun 2024-cü il tarixdə baxış keçirilərkən həmin obyektdə 3,20 m x 0,50 m x 1 ədəd = 1,60 m2 fasad reklamı, 1,50 m x 0,17 m x 2 ədəd = 0,52 m2 fasad reklamı, 0,60 m x 0,30 m x 2 ədəd = 0,36 m2 fasad reklamı, 0,70 m x 1 m x 2 tərəf = 1,40 m2 ölçüdə ayrıca dayağın icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti 04 iyun 2024-cü il tarixdə Şəxs rəsmi qaydada göndərilməklə fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə vaxtında əməl etməmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun: 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin 04 iyun 2024-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə Azərbaycan Respublikası Dövlət X8 Regional Reklam İdarəsinin Şəxs rəsmi qaydada göndərilmiş aktı və icrası məcburi olan göstərişi ona rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün və protokol tərtib etmiş şəxsin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 300 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-509/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-509/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver