Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-510/2025 15.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29341935 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş EQ 29341935 nömrəli, 18 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin cərimə məbləğinin onun üzərindən götürülməsi və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, özünə məxsus **-KF-***5 dövlət nömrə nişanlı “DAF 105.460” yük markalı avtomobillə Gəncə şəhərindən ümumi çəkisi 26500 kiloqram qum yükləyərək (tərəzidən verilmiş talonun surətini əlavə edir) Şəki şəhəri istiqamətində geri qayıtmışdır. Avtomobilinin çəkisi isə 14060 kiloqramdır. Cəmi çəki 40500 kiloqram olmuşdur. Avtomobilə icazə verilən kütlə yüklə birlikdə cəmi kütlə 40000 kiloqram + 5 faizədək mümkündür, yəni icazı verilən kütlə yüklə birlikdə cəmi 42000 kiloqramadək mümkündür və bu kütlə məsuliyyət yaratmır. Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşən tərəzini keçdikdən sonra onun mobil telefonuna elektron cərimə protokolu daxil olmuşdur. Həmin protokola görə ona məxsus **-KF-***5 dövlət nömrə nişanlı, “DAF 150.460” yük markalı avtomobilə Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə görə 1200 (bir min iki yüz) manat cərimə tətbiq olunmuşdur. Buna səbəb kimi avtomobildə yükün 42990 kiloqram olduğu göstərilmişdir. Gəncə şəhərindən yüklənmiş buğda konkret çəkilərək avtomobilə yüklənmiş və həmin buğda Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşən tərəzini Zaqatala istiqamətində keçdikdən 5-10 dəqiqəlik məsafədə təyinat yerinə boşaldılmışdır. Şəki rayonu, Göybulaq kəndi ərazisində yerləşən düzgün işləmir, həmin tərəzi səhv çəkir. Hər iki halda yaranmış olan uyğunsuzluqda onun vətəndaş olaraq heç bir məsuliyyəti yoxdur. Həmçinin, Gəncə şəhərindən aldığı taxılın artıq yüklənməsinin sahibkar olaraq taxıl sahibinə zərər olması diqqətə alınmaqla, taxıl yığdığı yerdəki tərəzinin daha dəqiq olması məntiqlidir. Halbuki, o, həmin protokolda nəzərdə tutulmuş xətanı törətməmiş, onun inzibati xəta törətmədiyini o sübut etməyə borclu deyil, əksinə, onun inzibati xəta törətdiyini protokol tərtib edən vəzifəli şəxs sübut etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs şikayət ərizəsinə uyğun izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 29341935 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 26561009 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın surətindən görünür ki, sınaqların müsbət nəticələri əsasında “Kistler İnstrumente AG”, İsveçrə “9835A” hərəkət halında çəki ölçmə nəzarət sistemi tipi təsdiq edilmiş, dövlət reyestrində 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası tətbiq edilməsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X2 X7 vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, bütün ölçmələr “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin milli etalonları ilə reallaşdırılan Beynəlxalq Sistemin (Sİ) uyğun vahidləri ilə izlənilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş yəni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 idarə etdiyi “DAF 105.460” yük markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan xətanı törətməsi iş materialları ilə müəyyən olunmuş, inzibati xətanı qeydə alan elektron tərəzinin nasaz olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X4 Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, X5 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində hesablanmış cərimənin silinməsini də xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, cərimənin silinməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29341935 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-510/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-510/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver