Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-513/2025 16.01.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, ali təhsilli, subay, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 10 avqust 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-513/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-236/2025 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 1 avqust 2025-ci il tarixli 3(075)-513/2025 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(075)-513/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(107)-376/2025 saylı qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 3(075)-513/2025 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-7/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Şəxs məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın Zərərçəkmiş şəxs adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54- 10301 reyestr nömrəli texniki pasportda göstərilmiş “A” literli yaşayış evindən çöl darvazayadək olan hissəsi sökülsün. Zərərçəkmiş şəxs adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən Zərərçəkmiş şəxs və Şəxs Abduəvvəl oğlunun mülkiyyətində olan daşınmaz əmlakın sərhədində Şəxs tərəfindən inşa edilmiş çay daşından olan hasarda Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə baxan, “A” literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 01 (bir) ədəd pəncərə bağlansın. Zərərçəkmiş şəxs adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 2 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən invenrar nömrəsi 10864 olan şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq Şəxs mülkiyyətinə verilsin. 5 (beş) manat dövlət rüsumu Şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. 150 (bir yüz əlli) manat ekspertiza xərcinin ½ hissəsi, yəni 75 (yetmiş beş) manatı Zərərçəkmiş şəxs, ½ hissəsi, yəni 75 (yetmiş beş) manatı isə Şəxs tutularaq dövlət hesabına ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-7/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Şöbənin icraatına daxil olmuşdur. Qeyd olunan tarixdə icraata başlanılaraq tərəflərə müvafiq bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq növbəti icra prosesi xx.xx.2025-ci il saat 11:00-la icra prosesi təyin edilmişdir. Tərəflərindən borclu Şəxs icra sənədinin icrasına maneəçilik törədəcəyi halda məsuliyyət daşıyacağı izah edilsə də, borclu qeyd olunanlara məhəl qoymayaraq icra sənədinin icrasının təmin edilməsinə maneçilik törətmişdir. Bununla icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən icra sənədinin icrasına maneçilik törətdiyinə görə icra sənədinin icrasını təmin etmək mümkün edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 258.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(075)-7/2020 nömrəli qətnaməsini icra etmir. Öz tərəfindən icra sənədinin tələbləri icra edilərkən İmran ona daş atır, təhqir edir. Bundan əvvəl icra üçün gətirilən mütəxəssis və fəhlələrə də söküntü işlərini aparmağa mane olmuşdur. Ya qarğış edir, ya söyür, ya daş atır. Hər cürə mane olur. O, maddi və mənəvi itkilərə məruz qalmışdır. Dövlətin adından çıxarılan qərar bu minvalla icra olunmur. Bundan olduqca narazıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan bu şəxs məhkəmə qərarını icra etmədiyinə görə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, həmin məhkəmə aktından razı olmamış, şikayətlər vermişdir. Qərarın icrası mümkünsüzdür. A literi onun əmlakıdır. Birinci mərtəbəsi 1986, ikinci mərtəbəsi isə 1989-cu ildə qeydiyyata alınmışdır. Lakin buna baxmayaraq, icra sənədinin icra edilməsinə qarşı deyildir. Onlar söküntü deyil, dağıntı işləri aparır. O, icazə verməz ki, onun mülkiyyətində olan əmlakı dağıdılsın. Onların başqa məhkəmə çəkişmələri var. Həmin sökülməsi qərar verilən binada 35 ildir ki, yəni 1990-cı ildən dövlət büdcəsinə o və ailə üzvüləri vergi ödəyir. Çünki 1990-cı ildən “Səxavət CO” şirkətinin hüququ ünvanıdır və həmin ünvanda sahibkarlıq ilə məşğul olurlar. Bu gün də tələbkar ondan həmin ərazinin sökülməməsi üçün 50 min manat pul tələb edir. Onun bu gün tələb etdiyi 50 min manati realliqdan uzaq sayır, onun imkanı yoxdur. Perferator adlı avadanlıqla sökülmə təmin edilə bilməz. Həmin avadanlıq beton, qaya parcalarinin, daşların və monolit beton örtüyünün dağıdılmasında istifadə edilir. Perferator deformasiya və detonasiya yaradır ve onun mülkünün qalan hissəsinə ciddi ziyan vurur. Mülkiyyət hüququnu əldə rəhbər tutaraq dağıdılmaya etiraz edir. İcra prosesində Zərərçəkmiş şəxs daş atmasının məqsədi onun qəsdən, vəhşicəsinə A literinin aşağıdan dağıdılaraq binaya ciddi ziyan vurmasının qarşısını almaq idi. A literli ərazinin sökülməsi qeyri-qanunidir, çünki həmin mülkün 1986-cı və 1989-cu illərdə təsdiq edilmiş sərəncam və qərarlarına aid Dövlət Milli Arxivindən lazımi sənədləri götürmüşdür. Həmin sənədlərin surətlərini 2020-ci ildə məhkəməyə təqdim etmişdir. Lakin nəzərə alınmamışdır. Qeyd edilənləri, həmçinin, onun 390 manat pensiya aldığını, banka olan borcu ilə bağlı ödəmələrinin olmasını nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş etdi. X3 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşi ləğv edərək yenidən birinci instansiya məhkəməsinə göndərən apellyasiya instansiya məhkəməsin qərarını onunla əsaslandırmışdır ki, tədqiq edilmiş iş materiallarından, o cümlədən dindirilmiş şəxslərin izahatlarından müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra prosesinin keçirilməsi Şəxs prosesin keçirilməsinə maneçilik törətməsinə görə mümkün olmamışdır. Birinci instansiya məhkəməsi isə Şəxs icra məmuruna söküntü işlərinin aparılmasına maneələr yaratdığını qəbul etsə də, bunu ona məxsus olan evin dam örtüyünün uçmaq təhlükəsilə əsaslandırdığını göstərmişdir. İşin hallarından isə müəyyən edilmişdir ki, evin dam örtüyünün uçmaq təhlükəsilə bağlı o, növbəti icra mərhələsində etdiyi müdaxilə nəticəsində iş üzrə icra prosesi dayandırılmaqla ekspertiza təyin edilmişdir. Həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsi qeyd edilən xüsusatla bağlı zəruri araşdırma aparmamışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə nəzərdə tutulmuş icra prosesi zamanı söküntü işinin aparılması ilə bağlı hansısa hərəkətlərin icra edilib-edilməməsi, icra ediləcək həmin hərəkətlərin ardıcıllığı, həmin hərəkətlər nəticəsində Şəxs məxsus yaşayış evinə hər hansı zərərin yetirilməsinin mümkünlüyü, Şəxs həmin icra prosesində tələblərinin nədən ibarət olması və bununla bağlı hər hansı tədbirin görülübgörülməməsinə dair hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlmək üçün yuxarıda sadalanan, o cümlədən əhəmiyyət kəsb edəcək digər mühüm halların araşdırılması zəruridir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə icra prosesi zamanı qeydə alına video görüntülərə baxış keçirilmiş, həmin görüntülərdə borclu Şəxs tələbkara doğru daş atması və ümumiyyətlə icra prosesinin başlanmasına maneçilik törətməsi açıqaşkar görünür. Şəxs məhkəmə iclaslarında verdiyi izahatlarında da qanunsuz söküntü işlərinə qarşı belə hərəkətlər etdiyini bildirsə də həmin qanunsuzluğun nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, belə vəziyyətdə borclunun icra sənədinin icra olunmasına qərəzli olaraq maneçilik törətməsi öz təsdiqini tapmaqdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs təqsirli olmuş olsa belə İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-513/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-513/2025
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver