Məhkəmə qərarları › İş №3(075)-516/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-516/2021

06.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-516/2021 06.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxxxxxx 1987-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatında olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X5 tərəfindən tərtib edilmiş 06 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 avqust 2021-ci il tarixdə, saat 09 radələrində Şəki şəhəri yerləşən bazarda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, polis nəfəri Elnur Mahmudovu itələyərək ona məxsus Xiaomi markalı, M1908C3JG mobil portal telefonunu sındıraraq əmlakı qəsdən zədələməklə Azərbaycan Respublikasının İXM-nin 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 01 avqust 2021-ci il tarixdə, saat 09 radələrində Şəki şəhəri yerləşən bazarda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, polis nəfəri Elnur Mahmudovu itələyərək ona məxsus Xiaomi markalı, M1908C3JG mobil portal telefonunu sındıraraq əmlakı qəsdən zədələmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuni qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 5-6 aydır ki, Şəki şəhərində yerləşən bazarda çay satmaqla məşğul olur. 01 avqust 2021-ci il tarixdə, saat 09 radələrində həmişəki kimi bazarda çay satan zaman tanımadığı bır neçə nəfər onu saxladıb COVİD 19 virusuna qarşı peyvənd olunubolunmaması soruşmuşlar. O, həmin şəxslərə peyvənddən qorxduğunu demişdir. Polis əməkdaşları ona əgər peyvənd olmazsa, bazarda işləyə bilməyəcəyini bildirmişlər. Daha sonra aralarında mübahisə başlanmışdır. Polis işçisi qolundan tutarkən itələşmişlər. Bu zaman polis işçisinin əlində olan telefona oxşar əşya yerə düşmüşdür. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 qanuni qərar çıxarılmasını xahiş edir. İşdə olan 02 avqust 2021-ci il tarixli, 550 nömrəli ekspert rəyindən görünür ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində gözlə görünən xəsarət və onun izi aşkar edilməmişdir. İşdə olan 18 avqust 2021-ci il tarixli, 9/5500 nömrəli ekspert rəyindən görünür ki, Xiaomi markalı, M1908C3JG mobil telefon aparatının zədələnməmişdən əvvəl, istifadə olunmuş normal vəziyyətdə satış üçün komplekləşdirilməsinə daxil edilən aksesuarların olmamasını nəzərə alaraq avqust ayında orta bazar qiyməti təxminən 220.00 manat, halhazırda ekranı zədəli vəziyyətdə 100.0 manat müəyyən edildiyi göstərilmişdir. İşdə olan 18 avqust 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, HK-1/972 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti aidiyyəti xidmət sahəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs özünün də etirafına əsasən özgənin əmlakını qəsdən zədələmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1 və 535.1-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar