Məhkəmə qərarları › İş №3(075)-516/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-516/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-516/2023 05.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərəçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X8 Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şəki rayonu, Bideyiz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Bideyiz kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 05 iyun 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-62/2021 saylı, xx.xx.2021-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına catana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat aliment tutularaq Nəsurullayeva (Mustafayeva) Nərgiz Ehtibar qızına ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Hazırda borclu Şəxs ödənilməmiş aliment borcu 1484 manat təşkil edir. Sözügedən aliment borcu borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində dəvət edilmiş və ondan izahat alınmışdır. Şöbədə verdiyi izahatında 1634 manat aliment pulunun hissə-hissə ayda 250 manat olmaqla ödəyə biləcəyinin bildirmişdir. Həmçinin borclu Şəxs hal-hazırda həmin aliment pulundan 150 manat ödəniş edə biləcəyini bildirmişdir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Bu səbəbdən də onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Zərəçəkmiş şəxs X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclu Şəxs ödəniş etməkdən boyun qaçırmışdır. Hal-hazırda ona olan aliment borcunun tam ödənilməsini tələb edir, əks halda Şəxs həbs olunaraq cəzalanmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmaması və səhhətində problemlər olmuşdur. Hal-hazırda fərdi əməklə məşğul olur. Hər ay hissə-hissə ödənişlər etməyə razıdır. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X8 Vəkil Bürosunun vəkili X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-62/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 150 manat məbləğində sabit pul məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 04 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-62/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 05 iyun 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-516/2023 05 iyun 2023-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-516/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar