Məhkəmə qərarları › İş №3(075)-529/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-529/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-529/2023 19.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs X1 iştirakı ilə 06 avqust 1985-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı icra sənədinə əsasən borcu 04 fevral 2010-cu il təvəllüdlü X4 və 12 fevral 2012-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə borcunu tam ödmədiyi üçün Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X8 bildirmişdir ki, borclu bir uşağa görə mütəmadi ödəniş etmişdir. Onun qalan aliment borcu digər uşağa görədir. Belə ki, Fatimə adlı uşaq borclunun himayəsindədir. Ona görə də həmin uşağa düşən alimenti ödəməmişdir. Həmçinin borclu bu gün borcunda 160 manatını və 300 manatını ödəmişdir. Qalan borcuu isə 1290 manat təşkil edir. Protokolu müdafiə edir, Şəxs Əşrəf oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əşrəf oğlu izahatında bildirmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)-5001/2022 saylı icra sənədinə əsəsən borc məbləğindən ödənişlər etmiş və hazırda 1290 manat aliment borcu qalmışdır. Qətnamə üzrə hər iki uşağın anasının himayəsinə verilməsi qət edilsə də, Fatimə adlı qızı 2 ildən artıqdır ki, onun himayəsindədir. Fatimədən başqa himayəsində yeni nikahından 2 uşağı vardır. Buna baxmayaraq icra sənədi üzrə borcundan bu gün 160 manat və 300 manat ödəniş etmişdir. Fatiməyə münasibətdə alimentin ləğv edilməsi ilə bağlı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Əgər Bakı şəhər Binəqədi Rayon Məhkəməsi iddiasını təmin etməsə qalan aliment borcunu qısa müddətdə hissə-hissə ödəyəcək. Ona görə də, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 bildirmişdir ki, Şəxs Əşrəf oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tərkib əlamətləri yoxdur. Ona görə də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)-5001/2022 saylı icra vərəqəsindən görünür ki, 04 fevral 2010-cu il təvəllüdlü X4 və 12 fevral 2012-ci il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Şəxs hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsinin 11 oktyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarından və borcluya ünvanlanmış həmin tarixli bildirişdən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)-5001/2022 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 19 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Əşrəf oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Əşrəf oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirkar şəxslərə münasibətdə yaranır, hazırkı iş üzrə icra sənədləri isə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi hesab edilmədiyindən hazırkı halda borclu Şəxs Əşrəf oğlu barəsində inzibati xəta haqqında protokol icra məmurunun qanuni tələbinə əməl edilməməsi əsası ilə tərtib edilə bilərdi. Ancaq icra məmuru tərəfindən borclu Şəxs Əşrəf oğlu barəsində hansı əsasla protokol tərtib edildiyi hazırki işin materiallarında öz əksini tapmamışdır. Lakin məhkəmə iclasında Şəxs Əşrəf oğlu icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Həmçinin məhkəmə iclası zamanı Şəxs Əşrəf oğlu, borc məbləğindən ödəniş etmiş və icra məmuru qəbz yazaraq həmin məbləği tələbkara vermək üçün qəbul etmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(001)- 5001/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunduğu vaxtdan hazırkı vaxtadək Şəxs Əşrəf oğlunun mütəmadi olaraq tələbkarın himayəsində olan uşağa münasibətdə aliment borcunu mütəmadi ödəmişdir. Onun hazırda ödənilməmiş qalan borcu isə məhkəmə qətnaməsi ilə tələbkara verilsə də, onun himayəsində qalan uşağa münasibətdə yığılmış aliment borcudur. Aliment ödənilməsi müəyyən edilmiş uşaqlardan biri borclunun himayəsində olsa da, o, icra sənədi üzrə borcundan bu gün ümumilikdə 460 manatını ödəmişdir. Belə olan halda Şəxs Əşrəf oğlunun icra sənədinin icrasından qəsdən yayınması, həmçinin icra məmurunun qanuni tələbini yerinə yetirməkdən qəsdən boyun qaçırmasından söhbət gedə bilməz. Şəxs Əşrəf oğlunun icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Əşrəf oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi hazırkı işdə Şəxs Əşrəf oğlu tərəfindən qeyd edilən inzibati xətaların törədilməsi istisna edilir. Ona görə də, Şəxs Əşrəf oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Əşrəf oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar