Məhkəmə qərarları › İş №3(075)-537/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-537/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-537/2020 07.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis baş serjantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X7 iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Şəki ŞRPŞ tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis baş serjantı X8 izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Qax rayonu ərazisində xidmətdə olmuşlar. Göstərmişdir ki, həmin vaxt BDYPİ-nin Bakı şəhərindən gəlmiş əməkdaşlarının da iştirakı ilə ərazidə sərxoşluğa qarşı mübarizə çərçivəsində reyd keçirilmişdir. Xidmətdə olarkən Şəxs, X9 və X1 idarə etdikləri avtomobillə onların önündən keçmişlər. Həmin həmin şəxsləri tanıdıqlarından sənədlərini yoxlamaq üçün saxlamamışlar. Lakin onların baş idarələrindən gələn əməkdaşlar və onların taqım komandiri həmin şəxslərə saxla işarəsi vermələrini bildirmişdir. Buna görə də o, Şəxs saxla işarəsi vermiş və həmin şəxs avtomobili saxlamışdır. Həmin zaman o, özünü vətəndaşa təqdim etdikdə vətəndaşdan kəskin spirtli içki qoxusu gəldiyini hiss etmişdir. Buna görə də vətəndaşdan alkotestr müayinəsindən keçməsini bildirmiş, lakin vətəndaş alkotestr müayinəsindən keçməkdən imtina edərək, həkim müayinəsindən keçmək istəməsini bildirmişdir. Daha sonra vətəndaş həkim müayinəsində keçmiş və nəticədə onda alkoqol sərxoşluğu olması müəyyən edilmişdir. O, avtomobili idarə etməkdən kənarlaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Buna görə də vətəndaş Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, X9 və X1 xx xxxxxxxx 2020-ci il tarixdə ailələri ilə birlikdə Qax rayonu ərazisinə istirahətə getmişlər. İstirahətdən sonra hər üç ailə ilə birlikdə saat təxminən 22:00 radələrində idarə etdiyi avtomobillə Şəki şəhərinə qayıdarkən Qax rayonu ərazisində YPX reyd keçirildiyini görmüşdur. Ərazidən keçərkən YPX əməkdaşı ona əl işarəsi ilə saxla əmri vermiş, o avtomobilini yavaşıtmış, salam vermiş, bu zaman dövlət yol polisi əməkdaşları onu tanıdığından hərəkətini davam etdirməsini bildirmişdir. Lakin təxminən 30-50 metr getdikdən sonra onların arxası ilə DYP avtomobili gəlmiş və onlara saxla işarəsi vermiş və o da avtomobilini saxlamşdır. Onu saxladan YPX əməkdaşını tanımamış, sonradan onların Bakı şəhərindən BDYPİ-nin baş idarəsindən gələn əməkdaşlar olmasını öyrənmişdir. Bundan sonra həmin yol polisi əməkdaşları ona yaxınlaşmış və spirtli içki qəbul edib-etməməsini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Yol polisi əməkdaşı onun avtomobilinə soxularaq ona “hö” etməsini demiş, o isə etməyəcəyini bildirmişdir. Polis əməkdaşına bildirmişdir ki, ona alkotestr versin, o zaman alkotestrə üfüləyəcəkdir. Lakin polis əməkdaşları onun sərxoşluğunu alkotestrlə müəyyən etmək istəməmişlər. Buna görə də hətta onlar arasında mübahisə də yaranmışdır. Uzun mübahisədən sonra onlar hamısı Qax rayon Mərkəzi Xəstəxanasına getmişlər. Orada bir tibb bacısı ona stəkan verərək stəkana üfləməsini bildirmişdir. O stəkana üflədikdən sonra tibb bacısı stəkanı öz burnuna yaxınlaşdıraraq “daha çox siqaret iyinin gəldiyini, lakin bir az da spirt iyinin gəldiyini” demişdir. Bundan sonra isə onu müayinə edən həkim fakta deyil, fərziyələrə əsaslanaraq onun sərxoş olması barədə rəy vermişdir. Belə ki, sərxoşluğunun müəyyən edilməsi üçün ondan qan analizi götürülməmişdir. O, həmin vaxt sərxoş olmamışdır. Onun sərxoş olması əsas gətirilərək barəsində protokol tərtib edilsə də, ona heç bir müayinə aktı və ya inzibati xəta haqqında protokol təqdim edilməmişdir. Göstərilən müayinənin nəticəsi ilə razılaşmadığından o, bununla bağlı tərtib edilmiş sənədlərin heç birinə imza atmamışdır. Həmin vaxt onlara barəsində tərtib edilmiş protokolun və həmin protokola əlavə edilmiş sənədlərin Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və məhkəmə tərəfindən qanuni qərar çıxarılacağını onların diqqətlərinə çatdırmışdır. Bütün bunlara görə də özünü təqsirli birmir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X12 izahat verərək göstərdi ki, Şəxs barəsində dövlət yol polisi əməkdaşı tərəfindən o heç bir inzibati xəta törətmədiyi halda inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Dövlət yol polisinin əməkdaşının fərziyəsinə görə guya Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyətə səbəb olur. Maddənin obyektiv cəhətinin əsas şərtindən göründüyü kimi, bu maddə ilə məsuliyyət o zaman yaranır ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etsin. Şəxsin sərxoş vəziyyətdə olmasının müəyyən edilməsi isə qanunla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.4-cü bəndində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasnın 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib edən dövlət yol polisi əməkdaşı Şəxs qanında alkoqolun konsentrasiyasmm 0,3 promilli və daha artıq olmasını yoxlamaq üçün heç bir xüsusi texniki vasitədən istifadə etməmiş və bu barədə heç bir sənədi məhkəməyə də təqdim etməmişdir. Dövlət yol polisi Şəxs stəkana üfürməklə sərxoşluq vəziyyətini yoxlayan tibb işçisinin qərəzli rəyini əsas tutaraq, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarında qanda alkoqolun konsentrasiyasmm müəyyən etmək üçün “stəkana üfürmək” metodu yox, xüsusi texniki vasitədən istifadə etmək metodu qeyd edilmişdir. Göründüyü kimi, burada həm dövlət yol polisinin əməkdaşı, həm də tibb işçisi öz qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla vəzifələrindən sui-istifadə etmişlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinin 4-cü bəndinə əsasən, yol hərəkəti iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etmək, onlarla münasibətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməmək yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifəsidir. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kollegiyasının xx xxx 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimata əsasən, təlimatlandırmanın keçirilməsi zamanı vəzifəli şəxs şəxslərlə ünsiyyətdə diqqətli, ədəbli və nəzakətli olmaları, şəxslərə zəruri yardımın göstərilməsi, şəxsi təhlükəsizlik tədbirlərinə riayət olunması haqqında məlumatları əməkdaşların diqqətinə çatdırmalıdır (bənd 6.5.7). YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır (bənd 13.1). Vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığım itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir (bənd 13.3). Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir (bənd 13.9). YPX inspektoru tərəfindən alkotester və narkotestr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq tətbiq edilir (bənd 5.10). Qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə və birbaşa rəisinə məlumat verir (bənd 13.13). Qanunvericiliyin göstərilən tələblərinə baxmayaraq, xidmət aparan yol patrul xidməti əməkdaşları Şəxs içində ailəsi olan avtomobilindən düşərək, gecə vaxtı meşənin ortasında ailəsini tək qoyaraq, Qax rayon xəstəxanasına məcburi gətirilməyə məruz qoymuş, Şəxs “stəkan üsulu” ilə sərxoşluq vəziyyətini yoxlatdırmış, o da bu özbaşnalıqdan dəhşətə gələrək, ailəsinin gecə vaxtı yolda tək qalmasından narahat olaraq, yol patrul xidməti əməkdaşlarının diktəsi ilə ona təqdim edilən sənədləri imzalamışdır. Digər tərəfdən, İXM-nin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları’nın 2.7-ci bəndində də göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasmm müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etmədən və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşıb-razılaşmamasını bildirmədən protokol tərtib edən yol patrul xidmətinin əməkdaşı ona iradəsinə zidd olaraq birbaşa həkim müayinəsinə aparmaqla yuxarıda göstərilən qanun pozuntusuna və kobudluğa yol vermişdir. Bunlardan əlavə, Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilə bilər. “Stəkan üsulu” ilə onun sərxoşluq vəziyyətinin tibbi müayinəsini aparan tibb işçisinin həkim-narkoloq olub-olmaması isə ona hələ də məlum deyil. Qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini, qanunvericiliyin tələblərini kobud surətdə pozduqlarına görə inzibati xəta haqqında protokol tərtib edən yol patrul xidmətinin əməkdaşı və sərxoşluq vəziyyətinin tibbi müayinəsini aparan tibb işçisinin qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilmələri üçün tədbir görülməsi barədə müvafiq orqanlara təqdimat göndərilməsini məhkəmədən xahiş edir. Qax rayon Mərkəzi Xəstəxanasının həkimi X10 xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o, Qax rayon Mərxəzi Xəstəxanasında həkim dermatoloq vəzifəsində çalışır. Həmçinin ayda iki dəfə xəstəxanada qrafik üzrə gecə növbəsində olur. Bu zaman sərxoşluq aktlarını da növbətçi həkim tərtib edir. xx.xx.2020-ci il tarixindəki akt onun tərəfindən tərtib olunmuş və aktda yazılanların doğruluğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi Şəxs dediklərini təsdiq etmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, 246 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli iltizamdan görünür ki, qəhrəmanov Ramil Arif oğlu Şəxs idarə etdiyi “LADA 21214” markalı, **-RL-*** dövlət nömrə nişanlı avtomobili onun yaşadığı ünvana qədər sürüb aparacağına söz vermişdir. İş materillarından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından da göründüyü kimi, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola imza atmamış, protokolun düzgün tərtib edilməməsinə etirazını bildirərək protokol və ona əlavə edilmiş sənədlərin Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q2-001-12 nömrəli, xx xxxxxx 2012ci il tarixli «Yol-patrul xidməti haqqında Təlimat»-ın 5.16-cı maddəsinə əsasən YPX inspektoru alkotesteri onun istismarı üzrə təlimata müvafiq olaraq nəqliyyat vasitəsinin sürücüsünün alkoqoldan istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətini müəyyənləşdirmək məqsədilə nəfəs verilməklə yoxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda şahidlərin iştirakı ilə protokol tərtib olunaraq təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qərarın 2.3-cü maddəsinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir Həmin qərarın 2.5-ci maddəsinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333-cü maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməidir. X16 Haqqında Təlimatın 5.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin hərəkət sürətinin müəyən olunması üçün nəzarət ölçü cihazları, YHQ pozuntularını qeydə alan digər texniki vasitələr, nəqliyyat vasitələrinin məcburi saxlanılması üçün qurğular, sürücülük vəsiqələrində, nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində saxtalaşdırmaların aşkarlanması üçün cihazlar, avtomobilin şüşələrinin işıqburaxma qabiliyyətini, nəqliyyat vasitələrinin tullantılarında çirkləndirici maddələrin miqdarını ölçən qurğular və digər texniki vasitələr onlardan istifadə qaydaları haqqında təlimata uyğun olaraq tətbiq edilir. Metroloji yoxlamadan keçməmiş və ya yoxlama şəhadətnamələrinin vaxtı keçmiş nəzarət ölçü cihazlarının tətbiqi qadağandır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi nəqliyyat vasitələrini idarə edən şəxslərin sərxoş vəziyyətdə olduqlarını güman etməyə kifayət qədər əsas olduqda, onların sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir və ya onlar tibbi müayinəyə göndərilir. Nəqliyyat vasitəsi sürücüsünün sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi və onun nəticəsinin tərtib olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə üsulu ilə aparılır. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Müayinənin nəticəsi YPX inspektoru tərəfindən müayinə olunan şəxsə bildirilir. Müayinə olunan şəxs sərxoş halda olmasını etiraf edərək alkotesterin nəticəsi ilə razı qaldıqda bu hal qanunvericiliklə müəyyən edilmiş qaydada 2 nəfər hal şahidinin iştirakı ilə sənədləşdirilir. Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda (alkotesterin göstəricisi ilə razılaşmadıqda), lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, şahidlərin iştirakı ilə protokol tərtib olunaraq tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır. Alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun müəyyən edilməsi həmin şəxsin qanında alkoqolun konsentrasiyasının ölçülməsi yolu ilə aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alkoqol sərxoşluğunun tibbi müayinəsi narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən deyil, həmin tibbi müayinəni həyata keçirməyə qanunla icazə verilməyən şəxs tərəfindən, yəni həmin dövlət tibb müəssisəsinin həkim dermatoloqu tərəfindən həyata keçirilmişdir. Qax rayon Mərxəzi Xəstəxanasının həkim dermatoloqu X5 alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə tibbi müayinə aparmağa hüququ, belə bir tibbi müayinəni aparmağa hər hansı qanuni əsası mövcud olmamışdır. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Buna görə də məhkəmə həkim dermatoloq X5 guya apardığı tibbi müayinə əsasında tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, tərtib etdiyi 246 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını sübut növü kimi qəbul etmir. İş materialları, o cümlədən məhkəmə iclası zamanı dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı ilə müəyyən edildi ki, BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis baş serjantı X2 Tərlan Məhəmməd oğlunun barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etməsinə əsas kimi Qax rayon Mərkəzi Xəstəxanasının həkim dermatoloqu X10 oğlunun xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi 246 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına istinad etmişdir. Qax rayon Mərkəzi Xəstəxanasının həkim dermatoloqu X5 xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi 246 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»-na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Şəxs hansı metodla müyinə edildiyi, qanında alkoqolun konsentrasiyasının hansı miqdarda olduğu göstərilməmişdir. Bütün bunlar isə Şəxs tibbi müayinəsi aparılmış həmin rəyin göstəricilərinin düzgünlüyünə şübhə üçün əsasdır və məhkəmə həmin analizin nəticəsini də etibarlı hesab etmir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, sürücünün protokolu imzalamaqdan imtina etmək, bu barədə protokolda müvafiq qeyd aparmaq, sürücünün izahat vermək, protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, onun bu izahatı və mülahizələri protokola əlavə olunmasını və protokolun surətinin ona təqdim edilməsini tələb etmək hüququ olmasına baxmayaraq, Şəxs öz barəsində tərtib edilmiş tibbi müayinə aktı ilə şifahi tanış edilmişdir. Bununla da Şəxs qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Yuxarıda qeyd edilənləri birlikdə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi məhkəmə iclasında sübut edilmədi. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 40, 43, 48-51, 128-130-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı : BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar