Məhkəmə qərarları › İş №3(075)-539/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-539/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-539/2020 07.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis serjantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, X15 Hakimiyyətində məsləhətçi, Şəki şəhəri, M.F.Axundov prospekti, ev 112 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, onun inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material baxılması üçün Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis serjantı X8 izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Qax rayonu ərazisində xidmətdə olmuşdur. Həmin vaxt BDYPİ-nin Bakı şəhərindən gəlmiş əməkdaşlarının da iştirakı ilə ərazidə sərxoşluğa qarşı mübarizə çərçivəsində reyd keçirilmişdir. Xidmətdə olarkən Şəxs, X9 və X6 idarə etdikləri avtomobillə onların önündən keçmişlər. Həmin şəxsləri tanıdıqlarından sənədlərini yoxlamaq üçün saxlamamışlar. Lakin onların baş idarələrindən gələn əməkdaşlar və onların tağım komandiri həmin şəxslərə “saxla” işarəsi vermələrini bildirmişdir. Buna görə də o, Şəxs saxla işarəsi vermiş və həmin şəxs avtomobili saxlamışdır. Həmin zaman o, özünü vətəndaşa təqdim etdikdə vətəndaşdan kəskin spirtli içki qoxusu gəldiyini hiss etmişdir. Buna görə də vətəndaşdan alkotestr müayinəsindən keçməsini bildirmiş, lakin vətəndaş alkotestr müayinəsindən keçməkdən imtina edərək həkim müayinəsindən keçmək istəməsini bildirmişdir. Daha sonra vətəndaş həkim müayinəsindən keçmiş və nəticədə onda alkoqol sərxoşluğu olması müəyyən edilmişdir. O, avtomobili idarə etməkdən kənarlaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Buna görə də vətəndaş Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə ailəsi ilə birlikdə X9 və X3 ailələri ilə Qax rayonu ərazisinə istirahətə getmişlər. İstirahətdən sonra hər üç ailə ilə birlikdə saat təxminən 22:00 radələrində idarə etdiyi avtomobillə Şəki şəhərinə qayıdarkən Qax rayonu ərazisində YPX əməkdaşlarının reyd keçirildiyini görmüşdür. Ərazidən keçərkən YPX əməkdaşı ona əl işarəsi ilə saxla əmri vermiş, o avtomobilini yavaşıtmış, salam vermiş, bu zaman dövlət yol polisi əməkdaşları onu tanıdığından hərəkətini davam etdirməsini bildirmişdir. Lakin təxminən 30-50 metr getdikdən sonra onların arxası ilə DYP avtomobili gəlmiş və onlara “saxla” işarəsi vermiş və o da avtomobilini saxlamışdır. Onu saxladan YPX əməkdaşını tanımamış, sonradan onların Bakı şəhərindən BDYPİ-nin baş idarəsindən gələn əməkdaşlar olmasını öyrənmişdir. Bundan sonra həmin yol polisi əməkdaşları ona yaxınlaşmış və spirtli içki qəbul edib-etməməsini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Yol polisi əməkdaşı onun avtomobilinə “soxularaq” ona “hö” etməsini demiş, o isə etməyəcəyini, ona alkotestr verilməsini, o zaman alkotestrə üfürəcəyini bildirmişdir. Lakin polis əməkdaşları onun sərxoşluğunu alkotestrlə müəyyən etmək istəməmişlər. Buna görə də hətta onlar arasında mübahisə də yaranmışdır. Uzun mübahisədən sonra onlar hamısı Qax Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Orada bir tibb bacısı ona stəkan verərək stəkana üfləməsini bildirmişdir. O stəkana üflədikdən sonra tibb bacısı stəkanı öz burnuna yaxınlaşdıraraq “daha çox siqaret iyinin gəldiyini, lakin bir az da spirt iyinin gəldiyini” demişdir. Bundan sonra isə onu müayinə edən həkim fakta deyil, fərziyələrə əsaslanaraq onun sərxoş olması barədə rəy vermişdir. Belə ki, sərxoşluğunun müəyyən edilməsi üçün ondan qan analizi götürülməmişdir. O, həmin vaxt sərxoş olmamışdır. Onun sərxoş olması əsas gətirilərək barəsində protokol tərtib edilsə də, ona heç bir müayinə aktı və ya inzibati xəta haqqında protokol təqdim edilməmişdir. Göstərilən müayinənin nəticəsi ilə razılaşmadığından o, bununla bağlı tərtib edilmiş sənədlərin heç birinə imza atmamışdır. Həmin vaxt onlara barəsində tərtib edilmiş protokolun, həmin protokola əlavə edilmiş sənədlərin Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və məhkəmə tərəfindən qanuni qərar çıxarılacağını onların diqqətlərinə çatdırmışdır. Bütün bunlara görə özünü təqsirli birmir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, 247 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar edilmişdir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli iltizamdan görünür ki, X10 Şəxs idarə etdiyi “Lexus GX 470” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobili onun yaşadığı ünvana qədər sürüb aparacağına söz vermişdir. İş materiallarından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından da göründüyü kimi, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola imza atmamış, protokolun düzgün tərtib edilməməsinə etirazını bildirərək protokol və ona əlavə edilmiş sənədlərin Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q25-001-17 nömrəli, xx xxx 2017-ci il tarixli «Yol-patrul xidməti haqqında Təlimat»ın 8.17-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qərarın 2.3-cü maddəsinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.5-ci maddəsinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333-cü maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alkoqol sərxoşluğunun tibbi müayinəsi narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən deyil, həmin tibbi müayinəni həyata keçirməyə qanunla icazə verilməyən şəxs tərəfindən həyata keçirilmişdir. Buna görə də məhkəmə buna hüququ olmayan şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, tərtib etdiyi 247 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını sübut növü kimi qəbul etmir. İş materialları, o cümlədən məhkəmə iclası zamanı dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı ilə müəyyən edildi ki, BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis serjantı X1 Toğrul Məmmədsaleh oğlunun barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etməsinə əsas kimi Qax Rayon Mərkəzi Xəstəxanasının tibb işçisinin xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi 247 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına istinad etmişdir. Həmin aktı tərtib edən şəxs tibbi müayinə aktında Şəxs hansı metodla müyinə edildiyi, qanında alkoqolun konsentrasiyasının hansı miqdarda olduğu göstərməmişdir. Bütün bunlar isə Şəxs tibbi müayinəsi aparılmış həmin rəyin göstəricilərinin düzgünlüyünə şübhə üçün əsasdır və məhkəmə həmin analizin nəticəsini də etibarlı hesab etmir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, sürücünün protokolu imzalamaqdan imtina etmək, bu barədə protokolda müvafiq qeyd aparmaq, sürücünün izahat vermək, protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək, onun bu izahatı və mülahizələri protokola əlavə olunmasını və protokolun surətinin ona təqdim edilməsini tələb etmək hüququ olmasına baxmayaraq, Şəxs barəsində tərtib edilmiş tibbi müayinə aktı ilə şifahi tanış edilmişdir. Bununla da Şəxs qanunvericiliklə müəyyən edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : BDYPİ-nə bilavasitə tabe olan YPXA yol patrul xidməti inspektoru, polis serjantı X8 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar