Məhkəmə qərarları › İş №3(075)-543/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-543/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-543/2022 09.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X12, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, əliliyi olmayan, işləməyən, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X17 tərəfindən İXM-in 227-ci maddəsi ilə 09 avqust 2022-ci il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki rayonu, Çeşməli kənd sakini X4 azyaşlı nəvəsinin etibarından istifadə edərək 400 (dörd yüz) manat pulu ələ keçirmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X17 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəki rayonu Çeşməli kənd sakini X9 xx.xx.2022-ci il tarixdə Şəki ŞRPŞ-nə ərizə ilə müraciət edərək 2022-ci ilin fevral ayının 3-dən başlayaraq təxminən üç ay boyunca Şəki rayonu Çeşməli kəndində mağaza işlədən Güllər adlı qadının onun azyaşlı nəvəsi, X3 azyaşlı olmasından istifadə edərək onu aldadıb müxtəlif kiçik qiymətli və az dəyərli məhsulları ona sataraq evində ona məxsus olan 2700 (iki min yeddi yüz) manat məbləğində pulunu aldadıb ələ keçirmişdir. İşlə bağlı Şəki ŞRPŞ-də araşdırma aparılmış Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun barəsində inzibati icraat açılaraq icraatına verilmişdir. Bildirmişdir ki, Şəki ŞRPŞ-nin müstəntiqi, polis kapitanı X1 tərəfindən Şəxs məxsus olan Şəki rayonu, Çüşməli kəndində yerləşən ərzaq maqazinin video görüntü kameralarına baxış keçirilmişdir. Həmin Video görüntülərdə müəyyən olunmuşdur ki, azyaşlı Səbirə İsrafilova Şəxs məxsus ərzaq mağazinindən soklar, kolbasa, sosikalar, şirniyyatlar, süd məhsullar, müxtəlif oyuncaqlar, dəftərxana ləvazimtları olan müxtəlif məhsullar almış, hər dəfə Şəxs 100, 200 manatləıq pul əskinazları vermişdir. Lakin Şəxs həmin pullardan 400 manat qalıq məbləğinin qaytarmaması müəyyən olunmuşdur. Belə ki, 17 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs azyaşlı X5 aldadaraq, onun nənəsi Dilbər Mahmudovaya məxsus 400 manat pulunu ələ keçirməsi müəyyən olunmuşdur. Şəxs 09 avqust 2022-ci il tarixdə Şəki ŞRPŞ-yə dəvət olunmuş, saxlanılaraq barəsində inzibati protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, özünə məxsus olan Şəki rayonu, Çeşməli kəndində yerləşən ərzaq maqazini işlədərək qazanc əldə edir. Bildirmişdir ki, Şəki rayonu Çeşməli kəndində yaşayan xx.xx.2011-ci il təvəllüdlü X6 təxminən 2022-ci ilin fevral ayının əvvəllərindən tanıyır. Onun nənəsi Çeşməli kənd sakini X7 isə əvvəllər tanımamışdır. Göstərmişdir ki, Səbirə 2022-ci ilin fevral ayının əvvəllərindən başlayaraq, demək olar ki hər gün onun mağazasına gəlmişdir. Səbirə mağazaya gəlib mağazadan cipsi, sinif yoldaşlarına və müəllimlərə hədiyyələr, bahalı qələmlər, banan, mandarin, müxtəlif şokoladlar, ət məhsulları, kolbasa, sosiska, şirəli içkilər və digər məhsullar almışdır. Bəzən dükana azyaşlı uşaqlarla birlikdə gəlmiş, həmin uşaqlara mağazadan istədikləri məhsulları almışdır. 2022-ci ilin mart ayının 8-də müəllimlərinə və onların uşaqlarına, qonşularına onun mağazasından bahalı güllər, ayı kuklaları və sairə əşyalar almışdır. Həmin məhsulların hərəsi 5 manat olmuş, o da alıb aparmışdır. Əvvəllər Səbirədən şübhələnməmişdir. Çünki eşitmişdir ki, onların yaxşı imkanları var, anası pul göndərir. Atasının da olmadığı üçün aliment pulu olacağını eşitmişdir. Əvvəllər Səbirə hər gün mağazadan 20-30 manatlıq müxtəlif məhsullar alsa da sonradan, yəni 2022-ci ilin mart ayının sonlarından isə hər gün 100 manat pulla mağazaya gəlmişdir. Səbirə çox vaxtı ona 100 manat pul verib pulu xırdalamışdır, cipsi, bahalı qələmlər, banan, mandarin, müxtəlif şokoladlar, ət məhsulları, kolbasa, sosiska, şirəli içkilər, semiçkaları və sairə almışdır. Qalıq pulları isə eşitdiyinə görə məktəbdə, kənddə olan digər mağazalarda xərcləmişdir. Bəzi vaxtlar pulun qalığını götürməmişdir, ona qalığı sonra gəlib götürəcəyini demiş, sonra da gəlib pulunun qalığını götürmüşdür. Axır vaxtlar Səbirə hər dəfə mağazasına gəlib 100 manat verib müxtəlif məhsullar almış, onda da o, pulun qalığını qaytarmışdır. Son vaxtlar onun hərəkətlərindən şübhələnmişdir, ona görə də Səbirənin qohumu Elnarəyə Səbirənin hərəkətləri barədə demişdir. Elnarə də gedib həyat yoldaşı Mahirə bu barədə demişdir. Səbirə hətta onun mağazasından özünə şalvar, sumka və sairə almışdır. Ancaq ümumi götürdükdə Səbirə bu müddətdə onun mağazasından orta hesabla təxminən 1000 (bir min) manat məbləğində alver etmişdir. Hətta Sabirə bir neçə dəfə mağazasında onun qızı ilə birgə qalmış, o, həmin vaxt mağazada olmamışdır. Həmin vaxt Səbirənin mağazadan nələr götürüb-götürməməsini də bilməmişdir. Bildirmişdir ki, Səbirənin mağazadan müxtəlif məhsullar almış, ancaq o, uşağı aldatmamışdır. Uşaq onun mağazasından nə alıbsa onun pulunu almışdır. O, Səbirə İsrafilovanın evdən xəbərsiz pulu götürüb gətirib ona verməsini bilməmişdir. Elə bilmişdir ki, ailə üzvlərinin bundan xəbəri var. Çünki Səbirə gah ona demişdir ki, atası, gah da xalası və anasının ona müxtəlif məbləğlərdə pullar verdiyini demişdir. Demişdir ki, anası burda olmadığına görə ona pul göndərir ki, istədiyini mağazadan alıb yesin. Səbirə də mağazadan hər şey almışdır. Konservalar, sosiskalar, kolbasalar almış, ketçup almış, yediyini yemiş, yemədiyini açıb yerə tullamış, itə tullamış, gah da orada qoyub getmişdir. Ancaq Səbirə ümumilikdə onun mağazasında təxminən 1000 manat pul xərcləmiş olar. Səbirə onun mağazasında 2700 manat pul xərcləməmişdir. O, Səbirənin azyaşlı olmasından və avam olmasından istifadə edib onu aldadıb pullarını ələ keçirməmişdir. Onun mağazasında Səbirə əsasən pulunu xırdalamışdır. Çünki kənddəki digər maqazalarla müqayisədə onun mağazası daha böyükdür. Ya da müəyyən məhsullar almış, pulunu vermişdir. Bu ümumilikdə təxminən 1000 manat olmuş, onun mağazasından başqa məktəbdə müəllimlərə, uşaqlara və kənddə olan digər mağazalarda pullar xərcləmişdir. Digər mağazalardan, yəni Zakir dayının mağazasından skuşenka və çörək alıb, xoşuna gəlməyib yerə tullamışdır. Şəki şəhərinə gəlmiş, gəzintidə müəllimələrlə birgə olmuş, sumkasında pullar olmuş və pullar xərcləmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək göstərmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü qız nəvəsi X10 onunla eyni ünvanda, 9 ildir ki, yaşayır. Qızı isə Bakı şəhərində ailəsi ilə birgə yaşayır və 2 aydan bir onlara gəlir. Telefonla daimi olaraq danışırlar. Səbirə İsrafilova onun himayəsində yaşayır və Şəki rayonu Çeşməli kənd orta məktəbinin 5-ci sinif şagirdidir. X20 uzun müddətdir ki, həmişə ona pul göndərir. Gülnarə işlədiyi üçün həmişə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul göndərmişdir. Gülnarənin pulu ona göndərərkən deyirdi ki, pulu yığıb saxlasın, burnunda çəpər əyriliyi olduğu üçün əməliyyat olunacaq. Həm də pulu subay olan qızına cehiz almaq üçün göndərirdi. Həmin subay qızı da arabir pul göndərirdi, o da pulu toplayır. 2022-ci ilin fevral ayının əvvəllərində artıq 3000 manat pul var idi. 2022-ci ilin fevral ayından sonra qızı ona hər ay 300 manat pul göndərsə də o, həmin pulları həmin 3.000 manat pulun üstünə qoymamışdır. Ümumiyyətlə həmin pulların orada olub-olmamasına baxmamışdır. Fikirləşmişdir ki, puldur da durub orda, heç kim heç etməz. Nəvəsi Sobirənin evdən müxtəlif vaxtlarda pulları götürüb aparıb Güllər adlı şəxsin mağazasında xərcləməsindən xəbəri olmamışdır. Uşaqdan heç vaxt şübhələnməmişdir. Bildirmişdir ki, 2022-ci ilin aprel ayının 6-da saat 15:30 radələrində Səbirənin müəllimi Sevinc müəllimə ona zəng edib Səbirənin məşğələyə gec gəldiyini bildirmişdir. O isə demişdir ki, “axı 3-ə qalmış evdən çıxıb, nə üçün onlara gec gəlib”. Sonra telefonda set getmiş, tam nə dediyini bilməmişdir. Axşamüstü saat 16:30-da Səbirə Sevinc müəllimə ilə birgə onlara gəlmişdir. Sevinc müəllimə demişdir ki, “sizin xəbəriniz varmı ki, Səbirə saat 09:30-da məktəbdən icazə alıb çıxıb Güllərin mağazasına gedib”. İcazə də alanda müəlliməyə demişdir ki, qarnı ağrayır, ancaq Güllərin mağazasına getmiş və orada olmuşdur. Sevinc müəllimə mağazaya gələndə Səbirəni içəridə görmüşdür. Həmin vaxt Güllər Səbirəni gizlətmişdir. Sevinc müəllimə uşağı stolun altından çıxarmış, uşağı və Gülləri də danlamışdır, sonra da uşağı da gətirib onlara gəlmişdir. Sevinc müəllimə demişdir ki, uşaqdan muğayat ol. Həmin günü onun Səbirənin evdən 2700 manat pulu götürüb aparıb Güllərin mağazasında Güllərə verməsindən məlumatı olmamışdır. Bildirmişdir ki, aprel ayının 7-də saat təxminən 09 radələrində qonşusu Mahir onların evinin qarşısına gələrək, həyətə keçmiş və onu çağırıb nəvəsinin evindən pulları götürərək Güllərin mağazasında xərclədiyini demişdir. O da demişdir ki, məlumat yoxdur. O, pulları qoyduğu yerdə olan sellofana baxdığı zaman cəmi 300 manat pulun olmasını görmüşdür. Onda başa düşmüşdür ki, həqiqətən də nəvəsi Səbirə evdən pulları ondan gizlicə götürmüş aparıb xərcləmişdir. Bundan sonra o, məktəbin bufeti ilə də maraqlanmışdır. Ancaq Səbirənin burada pul xərcləmədiyini ona demişdilər. Məktəbdən geri qayıdarkən kəndlərində olan mağazalardan maraqlanmışdır. Ancaq Səbirənin başqa mağazalarda pul xərcləmədiyini öyrənmişdir. Həmin günü Güllərin mağazasına getmişdir. Güllər özü mağazada idi. O, Güllərlə salamlaşıb onun mağazasında nəvəsinin çoxlu pul xərclədiyini demişdir. Uşağın başını aldadıb ucuz cipsi və sairə şeylər verib ondan 2700 manat pul aldığını Güllərə demişdir. Güllər isə ona bildirmişdir ki, Səbirə burada o qədər pul xərcləməyib, gedib məktəbdən soruşsun, məktəbdə xərcləmişdir. O isə demişdir ki, məktəbdən soruşmuşdur, onlar da demişlər ki, uşaq marketlərdə pul xərcləyir, məktəbdə pul xərcləməyini görən olmadığını demişdir. Hamı Səbirənin sizin işlədiyiniz mağazada pulları xərclədiyini bildirmişdir. Güllər isə yenə də dediyini təkrar etmişdir. Ancaq o, evə gələrkən evdə uşaqdan bu barədə soruşanda uşaq bildirmişdir ki, həqiqətən də evdən götürdüyü bütün pulları Güllərin mağazasında xərcləmişdir. Güllər onu aldadıb məhsulların bahalı olduğunu demiş müxtəlif vaxtlarda cipsi, Alpen gold şokolodları və sairə ona sataraq aldığın pulların qalığını qaytarmamış, uşağın avam və savadsız olmağından, uşaq olmasından istifadə edib pullarını almışdır. Bundan sonra o, bu məsələləri bildikdən sonra bu barədə polisə müraciət etmişdir. O, Güllər adlı şəxsin ona məxsus 2700 manat pulu aldadaraq ələ keçirməsini polis əməkdaşına bildirmişdir. Həmin qadından şikayətçidir. Ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Bildirmişdir ki, həm də Güllər nəvəsi Səbirəni qorxutmuşdur ki, nənəsinə, yəni ona heç nə deməsin, uşaq da ondan qorxub ona heç nə deməmiş, məlumat verməmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 17 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs azyaşlı X5 aldadaraq, onun nənəsi Dilbər Mahmudovaya məxsus 400 manat pulunu ələ keçirməsi müəyyən olunmuşdur. Beləliklə Şəxs qeyd olunan hərəkətləri özünün qismən izahatı, inzibati xəta haqqında protoklu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində göstərilir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama inzibati xətalarını törətməkdə təqsirli bilərək həmin maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X13 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində inzibati qaydada 200 saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə 200 saat ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar