Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-550/2020 10.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X3, qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X10 iştirakları ilə X3 Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan X8 məhkəməyə ərizə göndərərək Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanılmış icraata xitam verilməsi barədə qərar çıxarılmasını, qanunsuz olaraq avtomobilinin saxlanılmasına görə Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində özünə məxsus VAZ-21074 minik markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq səs siqnallarından istifadə qaydalarını pozduğunu bildirmişdir. O, heç bir inzibati xəta törətmədiyini, ona qanunsuz olaraq “saxla” işarəsi verildiyini bildirmişdir. Bu zaman polis əməkdaşı qərəzli olaraq ondan guya spirt qoxusu gəldiyini bildirmiş, həkim müayinəsindən keçməsi üçün avtomobilini saxlanca vermişdir. Bu zaman o, etiraz edərək spirtli içki qəbul etmədiyini, avtomobilinin qanunsuz olaraq saxlanca verildiyini bildirmişdir. Lakin polis əməkdaşı ona məhəl qoymamış, barəsində əsassız protokol tərtib etmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, razılığı və xəbəri olmadan, qanunsuz olaraq onunla edilmiş söhbət videoya çəkilmişdir. Həqiqətən də xx xxxxxxxx 2020-ci il tarixdə, səhər saatlarında üç nəfərə bir balaca şüşə araq içmiş, lakin sərxoş olmamışdır. Saxlanılarkən içki qəbul etməsindən artıq bir sutkaya yaxın müddət keçdiyini bildirmişdir. Lakin polis əməkdaşı bilərəkdən videoçəkilişin həmin hissəsini kəsmişdir. Bundan başqa protokoldakı qeydi o yazmamış, polis əməkdaşı ona müxtəlif sənədlərə imza etməli olduğunu bildirmiş, o da polis işarələdiyi yerləri oxumadan imzalamışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanılmış icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində xidmətdə olmuşdur. Bu zaman VAZ-21074 minik markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin səs siqnallarından istifadə qaydalarını pozduğunu müəyyən etmiş və avtomobilə “saxla” işarəsi vermişdir. Sürücü avtomobili saxladıqdan sonra özünü təqdim etmiş və sənədləri tələb etmişdir. Bu zaman sürücünün sərxoş olduğuna kifayət qədər əsas olduğundan onu tibbi müayinəyə göndərmiş və müayinə zamanı şəxsin sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra X18 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, sonuncu protokolla razılaşmışdır. Bundan sonra X18 barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Əlavə olaraq bildirdi ki, X9 siqnallarından istifadə qaydalarını pozduğunu təsdiq edən videogörüntü hazırda mövcud olmadığından məhkəməyə təqdim edilməsi mümkün deyildir. Bütün bunları nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş edir. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli, 214 nömrəli «nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X16 yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, X18 alkotester vasitəsilə müayinə edilmiş, onda 0.289 mq/l spirt aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X18 xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində işıq cihazlarından istifadə qaydalarını pozmuş və alkoqol sərxoşluğu vəziyyətdə avtomobil idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan videoçəkilişə baxış zamanı müəyyən edilmişdir ki, X6 içki qəbul etdiyini bildirmişdir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Q25-001-17 nömrəli, xx xxx 2017-ci il tarixli «Yol-patrul xidməti haqqında Təlimat»ın 8.17-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olduğunu güman etməyə kifayət qədər əsaslar olduqda ona xüsusi texniki vasitədən (alkotestr, narkotestr) istifadə etməklə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinə olunma təklif olunur. Şəxs bundan imtina etdikdə və ya müayinənin nəticəsi ilə razılaşmadığı halda tibbi müayinəyə aparılır. Bu halda müvafiq protokol tərtib edilir və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması üsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin qərarın 2.3-cü maddəsinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0.3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qərarın 2.5-ci maddəsinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polisəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 406cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin qərarın 2.6-cı maddəsinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. Həmin qərarın 2.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin qərarın 3.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin qərarın 3.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 333-cü maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0.3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 135 nömrəli qərarının 1-ci bəndinə əsasən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X15 həmin vaxt avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub-olmaması yuxarıda qeyd edilən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən edilmiş sübutetmə vasitələri ilə sübut edilməli olduğundan onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması qanunla nəzərdə tutulmayan digər sübut vasitələri ilə təsdiq edilə bilməz. Çünki nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları qanunvericilikdə dəqiq olaraq müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, alkoqollu içkilərin qəbulu nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X15 alkoqol sərxoşluğunun tibbi müayinəsi narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən deyil, həmin tibbi müayinəni həyata keçirməyə qanunla icazə verilməyən tibb işçisi tərəfindən həyata keçirilmişdir. Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 tərəfindən iş materiallarına guya Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müvafiq əmri ilə Şəki rayonu ərazisində “Sərxoşluq hallarının bütün növlərinin təyini” məqsədilə aparılan tibbi müayinələrin baş tibb qardaşı Gündüz Abdurahmanov tərəfindən aparılmasına icazə verilməsinə dair sənəd əlavə olunsa da, həmin sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin həkim-narkoloqu X4 xx.xx.2020-ci il tarixdən 60 təqdim günü müddətinə əmək məzuniyyətinə buraxılmış, xx xxxx 2020-ci il tarixdə işdə hesab edilməsi müəyyən edilmiş, həmin müddət ərzində bütün işlərin aparılması feldşer X7 həvalə edilmişdir. Göründüyü kimi narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu Rasim Əliməmmədov hadisə baş verən və rəy verilən günü, yəni xx xxxxxxxx 2020-ci il tarixdə işdə olmuş, onun tərəfindən rəyin verilməsi mümkün olsa da, müvafiq rəy feldşer X11 tərəfindən verilmişdir. Polis əməkdaşı tərəfindən həkim-narkoloqun işdə olmadığını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Şəki Mərkəzi Rayon Xəstəxanasının Narkoloji Şöbəsinin feldşeri X5 narkotik sərxoşluq vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə tibbi müayinə aparmağa hüququ, belə bir tibbi müayinəni aparmağa hər hansı qanuni əsası mövcud olmamışdır. Qanunazidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Buna görə də məhkəmə feldşer X5 guya apardığı tibbi müayinə əsasında tərtib etdiyi xx xxxxxxxx 2020ci il tarixdə tərtib etdiyi 214 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu»nu sübut növü kimi qəbul etmir. Bundan başqa Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X2 Asim Ənvər oğlunun barəsində xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etməsinə əsas kimi Şəki Mərkəzi Rayon Xəstəxanasının tibb işçisinin xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi 214 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına istinad etmişdir. Həmin aktı tərtib edən şəxs tibbi müayinə aktında X15 hansı metodla müyinə edildiyi, istifadə olunmuş xüsusi texniki vasitənin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatları göstərməmişdir. Bütün bunlar isə X15 tibbi müayinəsi aparılmış həmin rəyin göstəricilərinin düzgünlüyünə şübhə üçün əsasdır və məhkəmə həmin analizin nəticəsini də etibarlı hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 məhkəməyə təqdim etdiyi videodiskdə X15 “üç adama bir butulka araq içdiyini” etiraf etdiyini bildirsə də, məhkəmə iclasında X1 bir gün qabaq, yəni xx xxxxxxxx 2020-ci il tarixdə spirtli içki qəbul etdiyini, polis şöbəsində bunu qeyd etdiyini, lakin polis əməkdaşının bilərəkdən videoçəkilişin həmin hissəsini təhrif etdiyini bildirmişdir. Məhkəmə X15 törətdiyi iddia edilən Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin DYPBnin YPX inspektoru, polis serjantı X10 xx xxxxxxxx 2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı, ******* nömrəli protokolda X18 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törədiyi göstərilsə də, X18 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X18 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasında bununla bağlı heç bir sübut (videogörüntü və s.) təqdim edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, X15 əməlində İXM-nin 329.3 və 333.1-ci maddələrində göstərilən inzibati xəta tərkibi olmadığından onun barəsində həmin maddələrlə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna görə də Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 tərəfindən X15 barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı X14 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X15 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-550/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-550/2020
10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver