Məhkəmə qərarları › İş №3(075)-550/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-550/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-550/2022 15.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, orta təhsilli, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 15 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 14 avqust 2022-ci il tarixdə, saat 19:00 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində ucadan nalayiq ifadələr işlədərək polis əməkdaşılarının qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Mustafazadə Murad və Şəki ŞRPŞ-nin PPXB-nin tağım komandiri, polis baş serjantı X10 şəhəri ərazisində avtopatrulla xidmətdə olduqları zaman saat 19:20 radələrində S.Mümtaz küçəsində yerləşən “Hacı Yəhya” şirniyyat evinin qarşısında bir nəfər şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək ətrafda olan vətəndaşların haqlı narazılıqlarına səbəb yaratmış və kənarda olan şəxlərin diqqətini özünə cəlb etmişdir. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun pozmuş olduğu qayda pozuntusunu izah etdikdə, həmin şəxs polis əməkdaşlarını görərək daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları həmin şəxsi dəfələrlə nizam-iltizama dəvət etsələr də, həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq “siz kimsiz, gedin işinizlə məşğul olun, məni tanımırsız, heç kim məni heç yerə apara bilməz” kimi ifadələr işlədərək daha da aqresiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonradan həmin şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də olan zaman həmin şəxsin Şəki rayonu Baş Göynük kənd sakini Şəxs olması müəyyən olunmuşdur. Həmçinin bildirmişdir ki, Şəxs Şəki ŞRPŞnin həyətinə daxil olan zaman ucadan nalayiq ifadələr işlətmişdir. Həmin şəxsi Növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 14 avqust 2022-ci il tarixdə Şəki şəhərində “Soyuq Bulaq” restoranında keçirilən sünnət qonaqlığında iştirak etmiş və bir qədər spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul etdikdən sonra orada olan qonaqlardan biri olan Cəsarətlə zarafatlaşmışlar. Bundan bir saat sonra həmin şəxs ona demişdir ki, birlikdə mağazaya gedib gəlsinlər. Onlar birlikdə gedib S.Mumtaz küçəsində “X9” şirniyyat evinin qarşısında dayanmışlar. Onların yanından PPX avtomobili küçən zaman, Cəsarət əli işarə edərək onları polis əməkdaşlarını çağırmışdır. Bundan sonra PPX-nin əməkdaşları onlara yaxınlaşmışlar. Bu zaman Cəsarət adlı şəxs polis əməkdaşlarına onun Cəsarəti təhqir etdiyi bildirmişdir. Polis əməkdaşları ondan maşından düşməsini tələb etmişlər. Bu zaman o, polis əməkdaşlarından nə baş verdiyini soruşmuşdur. Polis əməkdaşları onun əsəbləşdiyini görüb, onu xidməti avtomobillərinə mindirərək Şəki ŞRPŞ-nə gətirmişlər. Şəki ŞRPŞ-də olan zaman alkotester vasitəsi ilə yoxlamışlar. Polis Şöbəsində olan zaman o, səs küy salmışdır. O, özünə gələnə kimi onu Şəki ŞRPŞ-də saxlamışlar. Bildirmişdir ki, ailəlidir. Dörd, səkkiz və on bir yaşında olan üç övladı vardır. Əməlindən peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında Şəxs yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Şəxs 14 avqust 2022-ci il tarixdə Şəki ŞRPŞ-nin PPX-nin polis baş serjantı Sakit Məmmədovla birlikdə xidmətdə olduqları zaman təxminən saat 19:20 radələrində S.Mümtaz küçəsində yerləşən “Hacı Yəhya” şirniyyat evinin qarşısında ucadan ünvansız nalayiq ifadələr işlədərək ətrafda olan vətəndaşların haqlı narazılıqlarına səbəb yaratmış və kənarda olan şəxlərin diqqətini özünə cəlb etmişdir. Ona yaxınlaşaraq özlərini təqdim edib onun pozmuş olduğu qayda pozuntusunu izah etdikdə, həmin şəxs daha da aqresiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Onu dəfələrlə nizam-iltizama dəvət etsələr də, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq “siz kimsiz, gedin işinizlə məşğul olun, məni tanımırsız, heç kim məni heç yerə apara bilməz” kimi ifadələr işlədərək daha da aqresiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Sonradan Şəxs məcburi qaydada tərəflərindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki rayonu Baş Göynük kınd sakini olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şəki ŞRPŞ-nin PPXB-nin komandiri, polis baş serjantı X4 şahid X2 ilə oxşar məzmunda ifadə vermişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar