Məhkəmə qərarları › İş №3(075)-551/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-551/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-551/2023 10.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə X6 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 İdarəsinin böyük müfəttişi X2 tərəfindən tərtib edilmiş, 20 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki şəhəri, H.Əliyev prospektində yerləşən “X8” adlanan sahibkarlıq obyektində açıq məkanda yayımlanan reklamlar barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yetirməmiş və beləliklə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə 20 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq X6 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakənə təmin etməmiş və Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 17 may 2023-cü il tarixli, 000130 nömrəli aktda görünür ki, Şəki şəhəri, H.Əliyev prospektində yerləşən “X8” adlı məkanda Şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla 1m x 1m x 1 ədəd = 1 kv.metr ölçüdə fasad reklamı, 1,50m x 0,20m x 1 ədəd = 0,30 kv.metr ölçüdə fasad reklamı, 4,90m x 0,40m x 1 ədəd = 1,96 kv.metr ölçüdə fasad reklamı və 1m x 0,40m x 1 ədəd = 0,40 kv.metr ölçüdə fasad reklamı yerləşdirilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış 18 may 2023-cü il tarixli yazılı göstərişin surətindən görünür ki, Şəki şəhəri, H.Əliyev prospektində yerləşən “X8” adlı məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X6 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, X6 İdarəsi tərəfindən Şəxs ünvanlanmış göndəriş 22 may 2023-cü il tarixdə şəxsən ünvançı tərəfindən qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 20 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs sahibi olduğu, Şəki şəhəri, H.Əliyev prospektində yerləşən “X8” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 17 may 2023cü il tarixdə baxış keçirilərkən həmin obyektdə 1m x 1m x 1 ədəd = 1 kv.metr ölçüdə fasad reklamı, 1,50m x 0,20m x 1 ədəd = 0,30 kv.metr ölçüdə fasad reklamı, 4,90m x 0,40m x 1 ədəd = 1,96 kv.metr ölçüdə fasad reklamı və 1m x 0,40m x 1 ədəd = 0,40 kv.metr ölçüdə fasad reklamının icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti 18 may 2023-cü il tarixdə Şəxs rəsmi qaydada göndərilməklə fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə vaxtında əməl etməmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə çıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs sahibi olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin 18 may 2023-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. Qeyd olunan hüquq normalarının məzmununa görə məhkəmə Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin Şəxs rəsmi qaydada göndərilmiş aktı və icrası məcburi olan göstərişi ona rəsmi qaydada verilmiş hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Beləliklə də Şəxs oğlu Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün və protokol tərtib etmiş şəxsin ifadələri və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi fəaliyyət göstərdiyindən və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-in 32.2-ci maddəsinə əsasən X1 ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1500 manat məbləğində cərimə tətbiq etməyi qаnuni, əsаslı və ədаlətli hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar