Məhkəmə qərarları › İş №3(075)-554/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-554/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-554/2020 21.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi: X3 iştirakı ilə, X1 Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş Şəki ŞRPŞ-nin xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə bir həyətdə yaşayır. Sonuncu onun qardaşı arvadıdır. Xuraman Rəsulova daima mülk üstündə onlarla mübahisələr edir, onları evdən çıxarmaq istəyir. xx xxxx 2020-ci il tarixdə aralarındakı baş vermiş mübahisə protokolda və qərarda qeyd edildiyi kimi saat 12:00-da deyil, saat 18:00- 19:00 radələrində baş vermişdir. Həmin vaxt Xuraman Rəsulovanın haqsız hərəkətlərini və haqsız yerə hara-həşiri görən qonşu X7 zəng vuraraq polis əməkdaşlarını çağırmışdır. O, həmin vaxt Xuraman Rəsulovanı döyməmiş, heç əl də qaldırmamışdır. Xuraman Rəsulova polis şöbəsində şər-böhtan xarakterli izahatlar vermiş, təhqiqat orqanı tərəfindən isə heç bir obyektiv araşdırma aparılmadan, qonşuluqdakı şahidləri dindirilmədən, yalnız “zərərçəkmiş” Xuraman Rəsulovanın izahatı əsas götürülərək qərar qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərkən də o öz etirazını bildirmişdir. Həmçinin, Şəki ŞRPŞ tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli qərarda MN seriyalı, ******* nömrəli protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş kimi göstərilməsinə baxmayaraq, protokolun özündə tərtib edilmə tarixi xx xxxxxxxx 2020-ci il tarix göstərilmişdir. Göründüyü kimi Şəki ŞRPŞ tərəfindən heç bir obyektiv araşdırma aparılmadan barəsində əsassız və qanunsuz qərar qəbul edilmişdir. Buna görə də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X1 vəsaəti ilə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, X2 onun qonşusudur. xx xxxx 2020-ci il tarixdə, axşam 18-19 radələrində Məhəbbət Rəsulova ilə Xuraman Rəsulova arasında mübahisə olduğunu eşitmiş və onlara gəlmişdir. Bu zaman onlar arasında əvvəl sözlə mübahisə olmuş, sonradan X19 Rəsulovaya əl qaldırmış, onu döyməyə başlamışdır. Bu zaman onları ayırmağa çalışsa da faydası olmamış, ona görə də DİN-nin 102 xidmətinə zəng vuraraq polis əməkdaşlarını çağırmışdır. Lakin onun izahatı alınmamışdır. Əlavə olaraq bildirdi ki, hadisənin bilavasitə şahidi o olmuşdur. Hadisə vaxtı X20 Rəsulovanı döyməmişdir. Əksinə döyülən tərəf ərizəçi olmuşdur. İşdə olan sənədlərdən görünür ki, Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X21 tərəfindən HK-1/935 nömrəli material üzrə aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə aralarında yaranmış mübahisə zəminində Məhəbbət Rəsulova qardaşı arvadı Xuraman Rəsulovaya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Eyni zamanda Şəfəq Rəsulova da qeyd olunan tarixdə aralarında yaranmış mübahisə zəminində qardaşı arvadı Xuraman Rəsulovaya dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X21 tərəfindən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən HK-1/935 nömrəli material üzrə Məhəbbət Rəsulova və Şəfəq Rəsulovanın əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş HK-1/935 nömrəli material üzrə X8 izahatından görünür ki, barəsində şikayət etdiyi şəxslər baldızları X6 və X14 xx xxxx 2020-cı il tarixdə, saat 12:00 radələrində yaşadığı evin həyətində baldızları Məhəbbət və Şəfəq ilə onun arasında mübahisə yaranmışdır. Mübahisənin səbəbi odur ki, baldızları Şəfəq və Məhəbbətin yaşadığı evin və həyətyanı torpaq sahəsinin yalnız özlərinin ata yurdu olmasını iddia etməsi, bu səbəbdən onu və oğlu Anarı həmin evdən çıxartmaq istəməsidir. Mübahisə zamanı baldızları Məhəbbət və Şəfəq onu küçə söyüşləri ilə təhqir etmiş, daha sonra üstünə hücum edərək baldızlarının hər ikisi birlikdə onun sağ və sol qolunu bərk formada əzərək fiziki ağrı yetirmişdir. O, qışqırdıqdan sonra baldızının biri saçını tutub dartmış, digəri isə boğaz nahiyəsini sıxaraq onu boğmaq istəmişdir. Vəziyyətinin pişləşdiyini görən baldızları hadisə yerini tərk edib qaçmışlar. Onun yıxılmağını görən oğlu Anar Rəsullu yaxınlaşıb ona kömək etmək istəmiş, lakin baldızları Məhəbbət və Şəfəq darvazanın yaxınlığında oğlu Anarın qabağını kəsərək yumruqla onun baş və döş qəfəsinə vurmuşlar. Bundan sonra axşamüstü onun və oğlu Anarın səhhətində problem yarandığı üçün 103 təcili tibbi yardıma zəng edərək həkimi evə çağırmışlar. İş materiallarına əlavə edilmiş HK-1/935 nömrəli material üzrə X15 izahatından görünür ki, anası X8 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş HK-1/935 nömrəli material üzrə X5 izahatından görünür ki, xx xxxx 2020-cı il tarixdə, saat 12:00 radələrində arvadı Xuraman Rəsulova onun telefonuna zəng edərək yaşadığı evdə dava-dalaş olduğu barədə məlumat vermiş və dərhal evə gəlməyini xahiş etmişdir. O, həmin vaxt Şəki şəhər Mərkəzi Bazar ərazisində ev üçün ərzaq alırmış. Təxminən yarım saatdan sonra o, avtobusla yaşadığı evə çatandan görmüşdür ki, arvadı Xuraman evdə ağlayır və oğlu Anar Rəsullu isə ürəyindən ağrı üçün çarpayıda uzanmışdır. Evdə nə baş verdiyini soruşduqda Xuraman demişdir ki, Şəfəq və Məhəbbət onu və oğlu Anarı ayrı-ayrılıqda döymüşlər. Ailələrində münaqişələr mütəmadi olaraq baş verdiyi üçün bacıların və onun ailə üzlərinin münaqişəli ailə kimi Polis Şöbəsində qeydiyyata götürülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş HK-1/935 nömrəli material üzrə X9 izahatından görünür ki, eyni ünvanda yaşadıqları qardaşı arvadı X13 ila ata yurdu olan evə görə təxminən 10 ildir ki, mübahisələri davam edir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə, saat 18:00-da yaşadığı evin içində həmin evdən onu və bacısını çıxartmaq istədiyi üçün Xuramanla aralarında münaqişə yaranmışdır. Mübahisə zamanı o və bacısı Məhəbbət qardaşı arvadı Xuraman Rəsulova və qardaşı oğlu Anar Rəsullunu hər hansı formada döyməmiş və təhqir etməmişdir. Mübahisənin böyüməməsı üçün o və bacısı Məhəbbət küçəyə çıxmışdır. Təxminən yarım saatdan sonra 103 xidmətinin həkimləri yaşadıqları ünvana gəlmişlər. Xuraman Rəsulovanın hər iki qol nahiyəsində gözlə görünən aşkar xəsarətləri görmüşdür. Lakin Xuramanın həmin xəsarətləri hansı şəraitdə kim tərəfindən, nə vaxt və harada alması barədə heç bir məlumatı yoxdur. İş materiallarına əlavə edilmiş HK-1/935 nömrəli material üzrə X3 izahatından görünür ki, bacısı X9 izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş HK-1/935 nömrəli material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının nəticəsinə dair xx xxxxxx 2020-ci tarixli, 284 nömrəli ekpert rəyində göstərilmişdir ki, 1969-cu il təvəllüdlü X10 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olun xəsarətlər: hər iki bazunun oval formalı qançırları, kürək nahiyəsinin travmatik şişkinliyi bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx xxxx 2020-ci il tarixə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş HK-1/935 nömrəli material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının nəticəsinə dair xx xxxxxx 2020-ci tarixli, 285 nömrəli ekpert rəyində göstərilmişdir ki, 2007-ci il təvəllüdlü X15 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərində görünən xəsarət və onun izi aşkar edilmədi. Klinik müayinə zamanı qoyulmuş “döş qəfəsinin yumşaq toxumasının əziyi” diaqnozu obyektiv əlamətlərlə müşahidə olunmadığından və tibbi sənədlərlə əsaslandırılmadığından xəsarət kimi qiymətləndirilmir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx xxxx 2020-ci il tarixdə, saat 12:00 radələrində gəlini ünvan 1 ünvanda gəlini X11 birgə yaşadıqları evin həyətində döymüşdür. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X3 ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarından və işin faktiki hallarından məlum olur ki, qeyd edilən hadisə lazımınca araşdırılmamışdır. Belə ki, xx xxxx 2020-ci il tarixdə X6 və X13 arasında baş vermiş mübahisənin bilavasitə şahidi olmuş bir nəfər belə şahidin izahatı alınmamış və ya olmuş real şahidlər ilkin araşdırma zamanı aşkar edilərək dindirilməmişdir. İş materiallarına əlavə edilmiş şahid X12 isə hadisəni bilavasitə görməmiş, aravdının və oğlunun deməsinə əsasən Məhəbbətin sonuncuları döyməsini bilmişdir. Döyüldüyü iddia edilən yetkinlik yaşına çatmayan X15 isə bədənində xəsarət aşkar edilməmişdir. Bundan başqa hadisəni bilavasitə görərək DİN-nin 102 xidmətinə zəng edən X4 və digər qonşuların izahatı alınmamışdır. Göründüyü kimi Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnikleytenantı X21 tərəfindən hərtərəfli araşdırma aparılmamış, yalnız hadisənin şahidi olmayan zərərçəkmişin oğlu və ərinin izahatlarına əsaslanaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Buna görə də Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən X3 barəsində tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar