Məhkəmə qərarları › İş №3(075)-556/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-556/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-556/2023 25.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Şəki ŞRPŞ DYPB-nin hərəkət təhlükəsizliyi üzrə mühəndis, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İİ qrup əlilliyi olan, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.2.3, 342.7 və 511.1.2-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 25 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən “VAZ 21074” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeydiyyat nişanlarından birinin yerində olmamasına, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının vəya təkər düturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasəna səbəb olan dəyişikliklər edilməsi, saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edilməsi, nəqliyyat vasitəsinin bir və ya daha çox təkərin yolun səthindən qaldırmaqla idarə edilməsinə yol verilmişdir. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 342.1.3, 342.2.3, 342.7 və 511.1.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ DYPB-nin hərəkət təhlükəsizliyi üzrə mühəndis, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki şəhər sakini Şəxs ayrı-ayrı vaxtlarda. “Vaz 21074” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərinin müxtəlif ərazilərində, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə xüsusilə də özünün @elmir_hajiyev adlı Tik-Tok səhifəsində paylaşımlar etmişdir. Bundan əlavə, onun bu hərəkətləri ictimaiyyət arasında narazılıqlara səbəb olmuş, DİN-in “102” xidmətinə müraciət edilmişdir. Bildirmişdir ki, Şəki rayonu Qoxmuq kənd sakini X3 23 iyun 2023-cü il tarixdə DİN-in “102” xidmətinə müraciət edərək “Vaz 21074” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Şəki şəhəri Cümə məscidinin qarşısında avtoxuliqanlıq etməsi barədə məlumat vermişdir. Bundan sonra “Vaz 21074” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücü Şəxs tərəflərindən saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmişdir. Vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapdığı üçün onun barəsində İXP-5506927 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərmişdir ki, DİN BDYPİ-nin mərkəzi informasiya sistemində yoxlanılarkən, vətəndaş Şəxs son 1 (bir) il ərzində ayrı-ayrı vaxtlarda və ərazilərdə yol hərəkəti qaydalarını 6 (altı) dəfə müxtəlif üsullarla pozması ilə bağlı barəsində inzibati protokollar tərtib edilməsi müəyyən edilmişdir. Bundan başqa dəfələrlə inzibati xəta törədən Şəxs polis əməkdaşları saxladarkən də məsuliyyətdən yayınmaq üçün özünə xəsarət yetirmək kimi cəhdlər etmişdir. Ümumiyyətlə Şəxs şəhər ərazisində avtomobil idarə etməsi ilə bağlı vətəndaşlar tərəfindən şöbəyə müxtəlif çikayətlər daxil olmuşdur. Hazırda Şəxs barəsində İXM-nin 511.1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə X4 istiqamətində idarə etdiyi “Vaz 21074” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərkət edən zaman qarşısında hərəkət edən “qazel” markalı yük avtomobilini ötmək üçün yolun qarşı istiqamətinə hərəkətə çıxmışdır. Hərəkətə çıxdıqdan sonra ötmə əmliyyatını tamamlamaq istəyərkən bir neçə avtomobilin ard-arda hərəkət etdiyi görmüşdür. Başqa alternativ hərəkət zolağı olmadığı üçün hərəkət sürətini artırmış və ötmə əməliyyatını tamamlamağa çalışmışdır. Bu zaman qarşı zolağda olan ağ rəngli “Vaz 2107” markalı minik avtomobil onun qarşısında çıxmışdır. Yaranmış gərgin vəziyyəti nəzərə alaraq baş verə biləcək qəzanın qaşısını almaq üçün həmin avtomobilin sürücüsünə keçə biləcəyi qədər yol verməsi üçün işıq siqnalları vasitəsilə xəbərdarlıq etmişdir. Həmin avtomobilin sürücsü sürətini azaldaraq onun keçməsinə şərait yaratmışdır. Təxminən 15 dəqiqə sonra həmin avtomobilin sürücü “Beynəlxalq” bankın qarşısında ona yaxınlaşaraq iradını bildirmişdir. O, da həmin sürücüyə üzrxalqlıq etmiş, yaranmış vəziyyəti həmin sürücüyə izah etmiş, ola biləcək qəzanın qarşısını almağa başqa yolu olmadığını bildirmişdir. Göstərmişdir ki, o, hadisə baş verən zaman təhlükəli manevr etməmişdir. Sadəcə başqa alternativ yolu olmadığı üçün belə etmişdir. O, həmin vaxt təxminən 20 km/saat sürətlə avtomobili idarə etmişdir. Ötmə əməliyyatı zamanı sürəti bir qədər artıraraq 40 km/saat sürətlə avtomobili idarə etmişdir. Hesab edir ki, həmin sürət həddi qanunla müəyyən olunmuş sürət həddini keçmir. Bildirmişdir ki, o, qanuna zidd olaraq hər hansı avtoxuliqanlıq hərəkətləri etməmişdir. Sadəcə avtomobil idarə edərkən avtomobil idarə etməsini videoya çəkmiş və sosial şəbəkələrdə paylaşmışdır. Özü İİ qrup əlildir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat 18:25 radələrində həm kəndlisi Fəqanı “Ovçular” kafesindən götürməyə gedərkən X1 istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən hərəkət edən qırmızı rəngli “Vaz 2107” markalı minik avtomobil sürətlə hərəkət edərək təhlükəli manevrla yolun o hərəkət edən istiqamətinə çıxmışdır. O, yaranmış təhlükli vəziyyətlə bağlı həmin avtomobilin sürücüsə səs və işıq siqnalları ilə xəbərdarlıq etmişdir. Lakin həmin sürücü yenə də təhlükəli manevri davam etdirərək avtomobili onun üzərinə sürmüşdür. Həmin sürücünün hərəkət etdiyi zolaqda 4 avtomobil olmasına baxmayaraq yenə də avtomobili sürətlə idarə etməyə davam etmişdir. Bu zaman o, məcbur qalaraq baş verə biləcək qəzanın qarşısını almaq üçün ani olaraq əyləci basmış və həmin sürücü eyni sürətlə onun qarşısından ötüb keçib uzaqlaşmışdır. O, həmin sürücünün törətmiş olduğu əməlindən dərs çıxarması, bir daha bu gür əməllərə yol verməməsi üçün bu barədə DİN “102” xidmətinə müraciət etmişdir. Daha sonra onun müraciəti ilə bağlı Şəki ŞRPŞ-nə çağırılmışdır. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki şəhər sakini Şəxs olması ona məlum olmuşdur. Şəxs qeyd olunan hərəkətləri məhkəmə iclasında dindirilmiş şahidin izahatı, işə əlavə edilmiş “CD” diskdəki görüntü, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Belə ki, işə əlavə edilmiş “CD” diskdəki görüntünü izlədikdə aydın olmuşdur ki, Şəxs istifadəsində olan “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən avtomobilin sükanın sağ və sol istiqamətdə ardıcıl hərəkət etdirmək avtomobilin təkərini yolun səthindən qaldırmışdır. İş materiallarında olan 15 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 17 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs istifadəsində olan “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və İXM-nin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 3(075)- 453/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi, Şəxs 15 may 2023-cü il tarixdə saat 19:17-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunması qərara alınmışdır. İş materiallarında olan 25 iyun 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 iyun 2023-cü il tarixdə saat 11:10-da inzibati qaydada tutulmuş, 25 iyun 2023-cü il tarixdə saat 15:38-də azad edilərək məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs istifadəsində olan “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən müxtəlif avtoxuliqanlıq hərəkətlərini nümayişkəranə şəkildə törətmiş və sosial şəbəkələrdə paylaşmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs həmin hərəkətləri ilə yol hərəkət qaydalarını kobud surətdə pozmuş, digər yol iştirakçılarının həyatı üçün təhlükə yaratmışdır. Göründüyü kimi Şəxs idarə etdiyi “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəli manevr etməsi yoldakı digər şəxslərin həyatı üçün təhlükə yaratması barədə Şəki ŞRPŞ-nə şikayət daxil olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, islah olunmamışdır. O, avtomobilin idarə edilməsi ilə əlaqədar inzibati xəta törətməkdə davam edir, iştimai qaydadnı pozur və özünü digər şəxslərdən üstün tutmaqla bu əməllərə görə inzibati məsuliyyətə cəlb olunmalı olduğunu qəbul etmir, əksinə olaraq nümayiş etdirmək üçün çəkilişləri sosial şəbəkələrdə paylaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs 15 may 2023-cü il tarixdə istifadəsində olan “Vaz 2107” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik sərxoşluğu vəziyyətində idarə etdiyi üçün inzibati məsuliyyətə cəlb olunmuş və barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Bundan başqa Şəxs eyni gündə ictimai qaydaları pozduğu üçün və onu nizam-iltizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, Şəki Rayon Məhkəməsinin qərarına əsasən barəsində 100 manat məbləğində cərimə cəzası tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin müvafiq maddələrinin tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb edilərək cərimə edilməsinə baxmayaraq, törətmiş olduğu əməllərindən dərs çıxarmamış yenidən avtoxuliqanlıq hərəkətləri edib İXM-nin 511.1.2-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olmasını, şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini, sürücülük hüququnu müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə məhdudlaşdırmağı qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.2.3 və 342.7-ci maddələrinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddələrlə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.2.3 və 342.7-ci maddələrinin tələbləri pozulmuşdursa, o zaman YPX əməkdaşı özü qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.2-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarəetmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla İXM-nin 511.1.2-ci maddəsinin sanksiyası çərçivəsində 500 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar