Məhkəmə qərarları › İş №3(075)-561/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-561/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-561/2025 27.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə Şəxs MMC haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən Şəxs MMC barəsində İXM-in 539.1-1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən elektron müqaviləyə keçidlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 425 nömrəli Qərarının icrasının təmin edilməsi üçün xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 66641/2025 nömrəli göstərişinə (məcburi icrasına) əməl edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib edən şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib edən şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən Şəxs MMC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 66641/2025 saylı icrası məcburi göstəriş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında" 17 sentyabr 2024-cü il tarixli 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci ilin 1 iyul tarixindən gec olmayaraq müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə aparılan yoxlanış zamanı əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesinin tərəfinizdən yekunlaşdırılmadığı müəyyən edilmişdir. Odur ki, qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi prosesini xx.xx.2025-ci il tarixədək icra edib nəticəsi barədə məlumat verilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci bəndinin tələbinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Məktubda qeyd olunan tarixədək əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi tərəflərindən təmin edilməzsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 539.1-1-ci maddəsinin tələbinə əsasən barələrində inzibati xəta haqqında iş üzrə icraata başlanılacaqdır. İnzibati xəta haqqında iş üzrə xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC tərəfindən elektron müqaviləyə keçidlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 425 nömrəli Qərarının icrasının təmin edilməsi üçün xx.xx.2025-ci il tarixli, 3-17-5/2-66641/2025 nömrəli göstərişinə (məcburi icrasına) əməl edilmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1ci maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3.-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 539.1-1-ci maddəsinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli, 425 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VİQD nömrəli Qanununun qüvvəyə minməsinədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyektləri, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər tərəfindən 2025-ci il 1 iyul tarixinədək başa çatdırılmalıdır.Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi vasitəsilə aparılan yoxlama nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən bu prosesin icrası tam yekunlaşdırılmamış, yəni bir sıra əmək müqavilələri elektron sənəd formasına keçirilməmişdir. Beləliklə, Şəxs MMC -nin bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta — əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi qaydalarının pozulması — tərkibi sübuta yetirilmiş hesab olunur. Şirkətin üzərinə qoyulmuş öhdəlik qanunvericiliklə açıq şəkildə müəyyən edilmiş, onun bu tələbi vaxtında yerinə yetirməməsi isə inzibati məsuliyyətə səbəb olmuşdur. Məhkəmə təqdim edilmiş materialları, protokolu və elektron sistemdən alınmış məlumatları nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi sübuta yetirilmişdir və tərtib edilmiş protokol qanuna uyğundur. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs MMC tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar