Məhkəmə qərarları › İş №3(075)-564/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-564/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-564/2025 22.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2025-ci il tarixdə günorta radələrində həyətindəki məişət tullantılarını çıxararaq çölə, həyət qapısının qarşısına yığmışdı ki, Kommunal Təsərrüfat Birliyinin əməkdaşları gəlib aparsınlar. Bu zaman sahə rəisi Anar Xalıqov onlara yaxınlaşaraq bildirdi ki, məişət tullantılarının küçəyə yığılmasına qanunla icazə verilmir. Onlar da ona bildirdi ki, küçəyə çıxardıqları məişət tullantıları küçədə qalmayacaq, bu gün KTİB-in əməkdaşları gəlib həmin tullantıları aparacaq. Bundan sonra o, küçəyə çıxardığı məişət tullantılarını yenidən həyətə yığmış və sahə rəisi Anar Xalıqov heç nə demədən, heç nə yazmadan çıxıb getmişdir. Qeyd etmək istəyir ki, həmin günün axşamı ***-***-**-** nömrəli telefonuna SMS gəlmiş və həmin SMS-də AR İXM-nin 266.3-cü maddəsinə əsasən 300 manat cərimə olunduğu qeyd edilmişdir. Bundan sonra o, sahə rəisi Anar Xalıqova yaxınlaşaraq yazılmış cəriməyə etirazını bildirmiş və ona demişdir ki, "axı mən küçədə məişət tullantılarını saxlamamışam, çıxardığım məişət tullantılarını da həmin vaxt yenidən həyətə yığmışam. Bəs nəyə görə mənə 300 manat cərimə yazılıb?" Eyni zamanda Anar Xalıqova bildirmişdir ki, "əgər protokol tərtib etmişdinizsə, surətini mənə niyə verməmisiniz? Çünki mən protokola etirazımı bildirəsi idim və qeydlərimi yazası idim". O isə ona bildirdi ki, "get məhkəməyə müraciət et". Göründüyü kimi o, qanunsuz və əsassız olaraq 300 manat cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X6, şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətinin əsaslı olduğundan təmin olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X4 əməlində Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarında olan Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətçi tərəfindən təqdim edilən və iş materillarına əlavə edilən video görüntülərə məhkəmə iclasında baxış keçirildi. Görüntüyə əsasən, şikayətçinin yaşadığı küçədə Məişət tullantılarının tutumları mövcud deyil, məişət tullantılarının yığan maşın gələn vaxtı hər sakin qapısı ilə üzbəüz yolun kənarına bir istiqamətdə məişət tullantılarını toplayır, həmin maşın isə hissə-hissə o tullantıları toplayır. Məhkəmə inzibati xəta haqqında qərarı tərtib edən orqana dəfələrlə qərarın tərtib edilməsinə əsas olmuş sənədləri tələb etmiş, lakin məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması halı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər 300 manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə ki, X4 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X1 tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmamasını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126, 128 və 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunmasına dair Şəki ŞRPŞ X2 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar