Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-568/2021 19.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1969-cu il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, 1-ci qrup əlilliyi olan, Kəlbəcər şəhərində qeydiyyatda olan və halhazırda Oğuz rayonu, Kərimli qəsəbəsində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 18 oktyabr 2021-ci il tarixdə, təxminən saat 12:40 radələrində, ünvan 1 ünvansız küçə söyüşləri söyərək, polis qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 18.10.2021-ci il tarixdə təxminən saat 12:40 radələrində Şəki rayonu, Qayabaşı kəndinin yaxınlığındakı ərazidə şəhid və qazi ailələrinə Şəki rayonu, Qayabaşı kənd icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə torpaq sahələrinin verilməsi ilə bağlı həmin ərazidə ictimai asayişin qorunmasınını təmin etmək məqsədilə Şəki ŞRPŞ-nin Sarıca PB-nin 4 polis nəfəri ayrılmışdır. Belə ki, onlarda məlumat olmuşdur ki, 30 ilə yaxındır ki, bölgüsü aparılacaq bələdiyyə torpağını əkmiş Kəlbəcər rayonundan olan və faktiki olaraq Oğuz rayonunun Kərimli kəndində məskunlaşmış məcburi köçkünlər bu bölgü ilə bağlı narazılıq yaradacaqlar. Belə də olmuş torpağın faktiki bölgüsü həyata keçirilən zaman bir neçə nəfər şəxsin ucadan mübahisə edərək şəhid və qazi ailələri üçün nəzərdə tutulmuş torpaq sahələrinin verilməsinə maneə yaratdıqlarını görüb, özlərini təqdim edərək həmin şəxslərə yaxınlaşıb, onları nizam-intizama dəvət edən zaman həmin şəxslər ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri, eləcə də nalayiq ifadələr işlətməyə başlamış, özlərini traktorun qabağına atmış, bir sözlə bölgünün həyata keçirilməsinə maneçilik yaratmışlar. Onlar həmin şəxsləri sakitləşdirməyə çalışsalar da, həmin şəxslər daha da aqressivləşərək onlara əl-qol ataraq kobudluq nümayiş etdirmiş və nizam-intizama riayət etməyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Onlar həmin şəxsləri çox çətinliklə sakitləşdirərək onlardan bəzilərini polis bölməsinə gətirmişlər. Buna görə də həmin şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, İ qrup gözdən əlildir. Göstərmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkün düşərək Oğuz rayonunun Kərimli kəndində məskunlaşmışlar. Təxminən 30 il olar ki, qeyd edilə mübahisəli torpaq sahəsindən əkin-biçin üçün istifadə etmişlər. Onlar bütün bu müddət ərzində həmin torpaq sahəsinin Oğuz rayonunun ərazisi olmasını zənn etmişlər. Həmin torpaq sahəsinin Şəki rayonu ərazisi olmasını isə bilməmişlər. Həmin torpağa dair hər hansı hüquqi sənədləri olmamışdır. Qeyd edilən torpaqdan qardaşları ilə birlikdə istifadə etmişlər. 18 oktyabr 2021-ci il tarixdə, təxminən saat 12:40 radələrində, Qayabaşı kəndində onların əkib-becərdiyi torpaq sahəsinin kiminsə zəbt etməsini eşitmiş və ailə üzvləri ilə birlikdə həmin sahəyə getmişlər. O həmin yerə arvadı ilə maşınla getmişdir. Orada onun qabağına qazilər çıxmış və ona həmin torpaq sahəsinin Şəki rayonu ərazisində olduğunu, sözügedən torpaq sahələrinin əkilməsi üçün ayrılaraq qazilərə verildiyini demişdir. O isə özünü qazi kimi təqdim edən şəxslər mübahisə edərək, həmin şəxsdən qazi olması ilə bağlı sənəd təqdim etməsini, həmçinin onun özünün oğlunun da hazırda əsgərlikdə olduğunu bildirmişdir. Həmçinin polis əməkdaşları onlara qeyd edilən ərazinin Şəki rayon ərazisi olmasını demiş, lakin o buna dövlətin aydınlıq gətirməsini bildirərək etiraz etmişdir. Həmçinin orada olan onlara aid ailə üzvləri də bölgüyə etiraz etmişlər. Polislər onu bölməyə aparmaq istəmişlər Lakin o bölməyə getmək istəməmişdir. Buna görə də polislər onun boğazından və belindən tutaraq zorla maşına mindirmişlər. İndi öyrənmişdir ki, qeyd edilən ərazi Şəki rayonu ərazisinə aiddir. Etdiyi hərəkətlərdən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını bildirdi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 18.10.2021ci il tarixdə təxminən saat 12:40 radələrində Şəki rayonu, Qayabaşı kəndinin yaxınlığındakı ərazidə şəhid və qazi ailələrinə Şəki rayonu, Qayabaşı kənd icra nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə torpaq sahələrinin verilməsi ilə bağlı həmin ərazidə ictimai asayişin qorunmasınını təmin etmək məqsədilə Şəki ŞRPŞ-nin Sarıca PBnin PPXB-nin polis nəfəri, polis serjantı Aftandil İsgəndərov və polis nəfəri, polis kiçik serjantı Asif Həsənov ilə birlikdə xidmət aparan zaman bir neçə nəfər şəxsin ucadan mübahisə edərək şəhid və qazi ailələri üçün nəzərdə tutulmuş torpaq sahələrinin verilməsinə maneə yaratdıqlarını görüb, özlərini təqdim edərək həmin şəxslərə yaxınlaşıb, onları nizam-intizama dəvət edən zaman həmin şəxslər ucadan səs-küy salaraq ünvansız küçə söyüşləri, eləcə də nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxslərdən biri də Şəxs olmuşdur. O həm özü onlara tabesizlik etmiş, səs-küy salmış, həm də özü ilə gətirdiyi qadınları qabağa verərək səs-küy salmalarını və bölgüyə maneçilik göstərmələrini tapşırmışdır. Belə olub qadınlar və uşaqlar bölgünü həyata keçirən traktorun qarşısında oturmuşlar. Onlar həmin şəxsləri sakitləşdirməyə çalışsalar da, həmin şəxslər daha da aqressivləşərək onlara əl-qol ataraq kobudluq nümayiş etdirmiş və nizam-intizama riayət etməyərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışlar. Onlar həmin şəxsləri çox çətinliklə sakitləşdirərək polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X5 da şahid X4 ilə eyni məzmunda ifadə vermişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, İ qrup əlil olmasını, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-568/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-568/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver