Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-569/2021 19.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə xx xxxxxxx 1978-ci ildə Kəlbəcər rayonu Keşdək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kəlbəcər Rayon Təhsil Şöbəsində işləyən, İİ dərəcə əlilliyi olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, Kəlbəcər rayonu Keşdək kəndində qeydiyyatında olmaqla, faktiki olaraq Oğuz rayonu Top kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 oktyabr 2021-ci il tarixdə, saat 12:40 radələrində ünvan 1 ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclası zamanı Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Şəxs 18 oktyabr 2021-ci il tarixdə, saat 12:40 radələrində ünvan 3 ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmişdir. Buna görə də Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuni qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Kəlbəcər rayonundan köçkün düşdükdən sonra ailəsi ilə birlikdə Oğuz rayonu Top kəndində yaşayır. 18 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində Şəki rayonu Qayabaşı kənd icra nümayəndəsi və həmin kəndin bələdiyyə sədri uzun müddət onların istifadəsində olan torpaq sahələrinin şəhid ailələrinə və qazilərə veriləcəyini bildirmişlər. O da kəndin digər ərazisində istifadəsiz sahələr olduğu halda məhz onların istifadəsində olan torpaq sahəsinin əllərindən alınmasına etiraz etmiş, ola bilsin ki, bu zaman ucadan danışmışdır. Həmin vaxt ərazidə icra nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, qazilər daxil olmaqla 20-30 nəfər arası şəxslər olmuşlar. O, həmin vaxt bu məsələyə ucadan narazılığını bildirsə də nalayiq ifadələr işlətməmiş və polisin qanuni tələblərinə tabe olmuşdur. Onun şəhid ailələrinə və qazilərə torpaq sahəsi verilməsinə heç bir etirazı yoxdur. Hər bir halda hadisənin bu şəkildə başa çatmasından təəssüf hissi keçirir. Əməlindən peşmandır. Məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfəri X5 izahatında göstərdi ki, 18 oktyabr 2021-ci il tarixdə, saat 12:40 radələrində Şəki rayonu Qayabaşı kəndi ərazisində, kənd icra nümayəndəliyi və bələdiyyəsi tərəfindən şəhid ailələri və qazilərə torpaq sahəsinin ayrılması ilə bağlı tədbir keçirilmiş, asayişin təmin olunması məqsədi ilə onlar da həmin əraziyə dəvət edilmişlər. Şəhid ailələri və qazilərə ayrılması nəzərdə tutulan torpaq sahəsi isə əvvəllər Şəxs və onun qohumlarının zəbtində olmuş torpaq sahələri olmuşdur. Həmin vaxt ərazidə torpaq ölçmə işləri aparılarkən Şəxs ucadan səs-haray salmış, ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis nəfərləri X2 və X6 da mahiyyət etibarı ilə digər şahid X5 ilə eyni məzmunda izahat verdilər. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun hazırda məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakteri daşıyır və o, bu yolla törətdiyi inzibati xətaya görə barəsində tətbiq ediləcək məsuliyyətdən azad olmaq istəyir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəki ŞRPŞ-nin X9 daxil olmuş inzibati xətaya dair materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş, məhkəmə araşdırması zamanı onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-569/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-569/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver