Məhkəmə qərarları › İş №3(075)-570/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-570/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-570/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, X2 Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0626310 inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN-0626310 inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında yazılmış 500 manat məbləğində cərimənin silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 və Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə X2 və Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, qonşusu X8 ilə yoldaşı arsında olan mübahisə zamanı Xatirəyə qarşı heç bir inzibati xəta işlətməmişdir. Həmin gün mübahisəni yaradan, həyat yoldaşının şərəf və ləyaqətini alçaldan, təhqiramiz sözlər deyən Xatirə özü olmuşdur. O da həmin mübahisə zamanı evdə olduğu üçün və Xatirənin yoldaşının üstünə hücum çəkdiyini görərək həyətə düşmüş və Xatirəyə yoldaşını rahat buraxmasını və çıxıb getməsini demişdir. Xatirə də bu fürsətdən istifadə edərək, onlara şər atmaq məqsədi ilə özünə hansısa xəsarəti yetirərək və bunu onun etdiyini deyərək polisə şikayət etmişdir. Həmin mübahisədən yoldaşının da polisə şikayət etməsinə baxmayaraq, məsələyə birtərəfli baxılmışdır. Səbəb isə yoldaşının verdiyi ərizədə şər və böhtan olmadığı göstərilmişdir. İkinci səbəb isə ərizənin ilk olaraq Xatirə tərəfindən verildiyi bildirilmişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, HK-1/700 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və X9 İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surətinin aidiyyati üzrə Şəki ŞRPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, material üzrə izahatı alınmış X8, qonşuluğunda yaşayan Araz və ailəsi ilə tez-tez aralarında mübahisə yaranmasını, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvanın həyətinə çıxan zaman orada yandırılmış kağızların olmasını görməsini, bu zaman öz-özünə danışıb həmin kağızların kim tərəfindən yandırılması barədə narazılıq etməsini, bu zaman Arazın həyat yoldaşı Vüsalə adlı qadın çölə çıxıb kağızların onlar tərəfindən yandırılmadığını, kağızların elə özünün yandırdığını deməsini bu zaman aralarında mübahisə yaranmasını, mübahisə zamanı Vüsalənin uşaqları Toğrul və Ramizin üzərinə hücum çəkməsini, bir qədər sonra Arazın çölə çıxaraq ona qarşı nalayiq ifadələr işlətməsini və baş nahiyəsindən vurmasını bildirmişdir. Material üzrə izahatı alınmış X11, qonşusu Xatirə Şirəlizadə ilə aralarında uzun zamandır ki münaqişə olmasını, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində həyətdə olan zaman oradakı kağızların həyat yoldaşı Vüsalənin yandırmasını iddia edərək onun ünvanına nalayiq ifadələr işlətməsini, qarğışlar etməsini, bu zaman həyat yoldaşı Vüsalə ilə Xatirə arasında mübahisə başlamasını, mübahisə zamanı oğlu Toğrulun da mübahisəyə qarışmasını, bu zaman özünün də həyətə düşərək mübahisəyə son qoymaq məqsədilə Xatirə Şirəlizadəni itələməsini və çıxıb getməsini deməsini bildirmişdir. Material üzrə izahatı alınmış X6, həyat yoldaşı Araz Mollayevlə analoji izahat verərək Araz Mollayevin izahatında qeyd etdiyi xüsusatları təsdiqləmişdir. Məhkəmə sorğusu nəticəsində əldə olunaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının təsdiq edilmiş surətindən görünür ki, iş üzrə təyin edilmiş məhkmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 197 nömrəli ekspertiza rəyindən aydın olur ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı sol təpə-gicgah nahiyəsinin və sol bazunun qançırları bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən xx.xx.2020-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, X17 ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarının araşdırılması nəticəsində müəyyən olundu ki, X3 ŞRPŞ-nə verdiyi izahatında Arazın onun baş nahiyəsindən vurmasını bildirsə də, izahatları alınmış X11 və onun həyat yoldaşı X1 Araz Ramiz oğlunun Xatirə Şirəlizadəni vurması ilə əlaqədar hər hansı bir fikir ifadə etməmişlər, yalnız mübahisəyə son qoymaq məqsədilə X15 Şirəlizadəni itələməsini bildirmişlər. Həmçinin ekspert rəyində X4 məhkəmə-tibbi ekspertizası zamanı sol təpə-gicgah nahiyəsinin və sol bazunun qançırları bərk-küt əşyanın təsirindən törənməsi qeyd edilsə də, həmin xəsarətlərin sözügedən mübahisə zamanı X11 tərəfindən törədilməsi hər hansı bir şəkildə əsaslandırılmamışdır. Beləliklə Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Qurbanov sənan Zakir oğlu tərəfindən hərtərəfli araşdırma aparılmamış, işə səthi yanaşaraq əsassız qərar qəbul etmişdir. Buna görə də Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN-0643050 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN-0626310 nömrəli inzibati tənbeh verilmə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN-0643050 nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN-0626310 nömrəli inzibati tənbeh verilmə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar