Məhkəmə qərarları › İş №3(075)-575/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-575/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-575/2025 28.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, X12 Vəkil Bürosunun (vəkili) Vəkil iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Qax rayonunun Üzümlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olanünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşaq üçün 100 manat aliment alınaraq X8 ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1150/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq Şəxs hər ay bir uşaq üçün 180 manat aliment tutularaq X8 ödənilməlidir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun çağırışlarına gəlmədiyi üçün onun barəsində borclunun axtarılması haqqında qərar qəbul edilərək xx.xx.2025-ci il tarixdə icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə Polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahat alınmışdır. Borcludan yaranmış 3460 manat aliment borcunun bu günə kimi hansı səbəbdən ödənilmədiyi sual edilmişdir. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadığını, həmçinin borclu yaranmış aliment borcunun tam ödənməsi imkanının olmadığını bildirib. Bununla da keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, yaranmış borcun çox hissəsini məhkəmənin 2024-cü il tarixli qətnaməsinə əsasən yaranmış borcdur, borclu həmin qətnamə üzrə ödəniş etməmişdir, əvvəlki məhkəmə qətnaməsi üzrə aliment borcunun çox hissəsi ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, borcunun olduğunu etiraf edir. Bakı şəhərində günəmuzd şəkildə işləyir, ustadır. Hazırda Bakı şəhərindən ona yaxşı əmək haqqı müqavilində iş təklif edilmişdir. Söz verir ki, 10 gün müddət ərzində aliment borcundan 500 manat məbləğində pulu ödəyəcəkdir, qalan borcu isə hissə-hissə, yəni hər ayın 10-cu günündə 400 manat olmaqla ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, borclunun aliment borcu var, yetkinlik yaşına çatymayan qızı onun himayəsindədir, çörək sexində işləyərək ailəsinə baxır. S.Məmmədrəhimova məhkəməyə yazılı ərizə təqdim edərək borclu Şəxs 10 gün müddətində ona 500 manat, hər növbəti ayın 10-cu günündə 400 manat ödəməyinə razıdır, inzibati xəta haqqında protokola xitam verilməsinə razıdır. X12 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, zərərçəkmiş şəxsin ərizəsinin nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Şəki Şəhər Məhkəməsinin 2(075)-275/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2002-ci il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. Şəki Şəhər Məhkəməsinin 2(075)-1150/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs tutulmalı olan aliment məbləği artırılaraq xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutularaq X8 verilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu X10 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış inzibati qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin Şəxs məhkəmə iclasında 10 gün müddət ərzində aliment borcundan 500 manat məbləğində pulu ödəyəcəyinə, qalan borcu isə hissə-hissə, yəni hər ayın 10-cu günündə 400 manat olmaqla ödəyəcəyinə söz vermiş, zərərçəkmiş şəxs də onun bu təklifi ilə razılaşaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Bu qeyd edilənlər məhkəmənin borclunun icra sənədini qərəzli olaraq icra etməməsi qənaətinə gəlməsinə əsas vermir. Qeyd edilən inzibati xəta haqqında normanın mahiyyəti ondan ibarətdir ki, borclu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra sənədini qərəzli olaraq icra etməsin. İş materiallarından da göründüyü kimi icra məmuru borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərmiş, lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Belə olan halda icra məmuru özü müəyyən etmişdir ki, borclunun icra sənədini icra edə biləcək nə pulu, nə də üzərinə həbs qoyula biləcək əmlakı yoxdur. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməsə də, borclu icra sənədi üzrə ödənişlər etməyə çalışmış, 2019-cu il tarixli məhkəmə qətnaməsi üzrə borclarının çox hissəsini ödəmiş, həmin qətnamədən qala borcunu və 2024-cü il tarixli qətnamə üzrə bütün borclarını hissə-hissə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Bu əsasla məhkəmə borclunun borcunu ödəməməkdə qərəzli olmaması qənaətinə gəlir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar