Məhkəmə qərarları › İş №3(075)-58/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-58/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-58/2024 31.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 1981-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatsız yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib edilmiş 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-306/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 manat alınıb X3 ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-306/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 6000 manat alınıb X3 ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmiş, lakin icra sənədi üzrə tələb borclu tərəfindən yerinə yetirilməmişdir. Borclu icra sənədi üzrə tələbi könüllü müddətdə yerinə yetirmədiyindən borclunun əmlakının axtarışına başlanılmış, banklarda nəğd pul vəsaitinin olubolmamasını öyrənmək məqsədilə banklara sorğu göndərilmiş, həmçinin adına qeydə alınmış daşınar və daşınmaz əmlakın olub-olmaması, işləyib-işləməməsini, sahibkarlıqla məşğul olub-olmadığnı öyrənmək məqsədilə “Elektron icra” sistemi sorğular göndərilmiş, lakin borcluda nəğd pul vəsaiti, daşınar və daşınmaz əmlakın olmadığı, iş yerinin olmadığı, sahibkarlıq fəaliyyətinin olmadığı müəyyən edilmişdir. Borclunun evində əmak vəziyyətinə baxış keçirilmiş, borcluda tələb yönəldiləcək əmlka aşkar olunmamışdır. Borclu şöbədə olarkən izahatında bildirdi ki, həbsdə olub, işləmir, bu səbəbdən borcunu ödəyə bilməyib. Tələbin icrası üçün borcluya dəfələrlə xəbərdarlıq olunub, icra sənədinin icrası tələb olunub, lakin borclu icra sənədi üzrə tələbi yerinə yetirməyib. Bununla da borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyynə olunur. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-306/2022 saylı, 11 mart 2022-ci il tarixli icra sənədinə əsasən ondan 6000 manat alınıb X3 ödənilməlidir. Onun qətnamədən məlumatı olsa da, həbsdə olduğu üçün icra sənədlərindən məlumatı olmamışdır. Bildirmişdir ki, o, əvvəllər CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 21 yanvar 2022-ci il tarixdən 07 noyabr 2023-cü il tarixədək cəzaçəkmə müəssisəsində olmuşdur. Buna görə də icra sənədlərində göstərilən borcunu ödəyə bilməmişdir. Cəzaçəkmə müəssəsindən yeni çıxmışdır. Bu günədək icra sənədlərində göstərilən borcundan hər hansı ödəniş etməmişdir. Onun cərimə cəzası da vardır. O, 2014-cü ildə cərimə cəzasına məhkum olunmuşdur. 5000 manat cərimə cəzasından 3200 manatı ödənilməmiş qalmışdır. Göstərmişdir ki, cəzaçəkmə müəssəsində olarkən icra qərarı gəlməmişdir. O, cəzaçəkmə müəssisəsində işlə təmin olunması üçün müraciət etmiş, lakin işlə təmin olunmamışdır. İcra qərarı gəlmədiyi üçün işə düzələ bilməmişdir. O, cəzaçəkmə müəssisəsindən 2 ay əvvəl çıxmışdır. Onun şəxsiyyət vəsiqəsi etibarsız olduğu üçün işləyə bilmir. Onu qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxardıqları üçün işə düzələ bilmir. Polis şöbəsində də qeydiyyata durmaq olmadığı üçün hal-hazırda şəxsiyyət vəsiqəsi ala bilmir. Sürücülük vəsiqəsi vardır, şəxsiyyət vəsiqəsi ala bilsə, taksi fəaliyəti ilə məşqul olub borclarını ödəyəcəkdir. İşə düzəlsə, hər ay 300 manat ödəniş edə bilər. Ona birdəfəlik 1500 manat məbləğdə sosial yardım verilməlidir. Həmin yardımı 25 fevral 2024cü il tarixdə aldıqdan sonra borcundan 300 manat məbləğdə ödəniş edəcəkdir. Əməlindən peşmandır. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 izahat verərək Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzaçəkmə müəssisəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası çəkdiyi müddətdə qətnamənin onun tərəfindən icra olunmaması başa düşüləndir. Çəzaçəkmə müəsisəsinin məktubundan görünür ki, müəsisədə iş yerinin məhdud olması ilə əlaqədar Abdulxalıqovdan heç bir tutulma aparılmamışdır. Şəxs çəzaçəkmə müəsisəsində olduğu müddətdə iradəsindən asılı olmayan səbəblərdən qətnaməni icra edə bilməmişdir. Cəzasını çəkdikdən sonrakı müddətdə isə müvafiq ödənişlərinin edilməməsini məhkəmə üzürlü səbəbdən olduğu qənaətinə gəlir. Belə ki, tələbin könüllü icrası ilə bağlı bildiriş və xəbərdarlıq Abdulxalıqova xx.xx.2024-cü il tarixdə verilmişdir. Belə çıxır ki, könüllü icra edilmə müddətindən cəmi bir həftə keçmişdir. Hazırda işləməməsinin bir sıra səbəbləri var. Şəxs qeydiyyat olduğu evdən çıxarıldığı üçün şəxsiyyət vəsiqəsi olmadığından işləyə bilmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərəzli olaraq icra sənədlərinin icrasından boyun qaçırmamışdır. Həmçinin borclu fevral ayında şəxsiyyət vəsiqəsini alacağını, bundan sonra işləyərək borcunu ödəyəcəyini bildirmişdir. Habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 fevral 2024cü il tarixdə sosial yardım aldıqdan sonra borcundan 300 manat məbləğdə ödəniş edəcəyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, icra vərəqəsi Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə yönləndirildiyi vaxtdan hal-hazıradək borclu tərəfindən borc məbləğinin ödənilməməsi borclunun qərəzli olmamasına, maddi imkanına görə, cəzaçəkmə müəssisəsində olduğuna görə, işləmədiyinə görə ləngiməsəninə dəlalət edir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarına nəzər saldıqda aydın olur ki, tələbin könüllü icrası haqqında 18 oktyabr 2022-ci il tarixli bildirişin borcluya çatdırılması haqqında hər hansı məlumat yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 15 yanvar 2024-cü il tarixdə izahat alınmış, bundan başqa 31 yanvar 2024-cü il tarixdə, yəni barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirildiyi gün Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsində izahat alınmışdır. Borclu şəxsin icra vərəqəsindən əvvəlcədən məlumatı olması barədə hər hasnı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar