Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-581/2022 23.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta barədə protokolda göstərilir ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 28/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay 2 uşaq üçün cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Kəlbəcər Rayon Məhkəməsi tərəfindən verilmiş 2(040)-28/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən Şəxs hər ay 2 uşaq üçün cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. İcra sənədi xx.xx.2022-cı ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə aliment borcu yaranmışdır. Həmçinin borclu dəfələrlə icra şöbəsinə çağırılmış, izahatı alınmış, xəbərdarlıqlar edilmiş, yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, lakin borclu aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu şöbəyə çağırılmış, çağırışa gəlməmişdir. Çağırışa gəlmədiyi üçün borclu barəsində məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, borclu yenə şöbəyə gəlməmiş, belə olan halda borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, məhkəmə tərəfindən borclunun məcburi gətirilməsi barədə qərar qəbul olunaraq icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Bu gün borclu polisin də köməyi ilə məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Hal-hazırda isə borclunun 2080 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranması səbəbi kimi maddi imkansızlığı ilə əlaqələndirmiş, aliment borcunuəməyəcəyini bildirir. Borclu Şəxs qeyri rəsmi olaraq Şəki şəhərində yerləşən “Bərəkət” çörək sexində list silən işləyir, deməsinə görə gündəlik 5 manat qazancı olur. Borclu Şəxs xx.xx.2022-ci il tarixli izahatında yaranmış aliment borcunu ödəməyəcəyini bildirir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 23 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 14:00-da məhkəməyə aparılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin icra sənədinə əsasən Şəxs hər ay 2 uşaq üçün cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməlidir. Lakin Şəxs aliment borcunu ödəməkdən imtina edir. Qanuni qərar qəbul edilməsini və Şəxs cəzalanmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-28/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 2 uşaq üçün cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. Maddi imkansızlığından, o, borcunu ödəyə bilməmişdir. Belə ki, o, hal-hazırda ayda 150 manata çörək sexində işləyir. Bu günə kimi olan borcunu ödəmək niyəti yoxdur. Lakin bu gündən sonra ayda 50 manat ödəyə bilər. Əlavə olaraq bildirdi ki, 23 avqust 2022-ci il saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 14:00da məhkəməyə aparılmışdır. Qeyd olunanları nəzərə alıb qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Hüseyn Əli oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Göründüyü kimi, Şəxs icra məmurunun qanuni tələblərini əməl etməkdən qəsdən boyun qaçırmış, məhkəmə qərarlarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 23 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 23 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 23 avqust 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 23 avqust 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-581/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-581/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver