Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-588/2025 14.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, Şəki rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəki rayonu Yol Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Şəki şəhəri Salman Mümtaz küçəsində özünə məxsus "Opel Astra minik" markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Şəki rayon YPX-nin inspektoru, polis kiçik serjantı X6 onu saxladaraq nəqliyyat vasitəsini idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozaraq ona yol vermədiyimi bildirmişdir. Ona maşını görmədiyini, və həmin vaxt onun orada olmadığını qarşıdan keçən iki nəqliyyat vasitəsinə yol verdikdən sonra hərəkətini davam etdirdiyini, bu səbəbdən də o heç bir inzibati xəta hadisəsi törətmədiyini bildirmişdir. Bundan sonra X7 barəsində protokol tərtib etmiş, o etirazını bildirmiş, lakin onun etirazını heç yerə qeyd etməmiş, protokolun da surətini ona verməmişdir. Səhəri gün mobil telefonuna 100 manat cərimə olunmağı barədə qərarın qəbul edilməsi ilə bağlı mesaj gəlmişdir. Həmin qərarda AR İXM-nin 327.2-ci maddəsi qeyd edilsə də, konkret olaraq həmin maddənin dispozisiyasında göstərilən hansı xətanın törədildiyi qeyd edilməmişdir. Göründüyü kimi tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq qərardan şikayət vermiş şəxs X4 və inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsi və məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə qərardan şikayət vermiş şəxs X4 və inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki rayonu Yol Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X5 tərəfindən tərtib edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:09-da ünvan 1 ünvanında «Opel Astra» minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu Yol Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, tərtib edilmiş qərara əlavə edilmiş DVD diskdə olan videoyazıdan görünür ki o, “Opel Astra” minik markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, “U” dönmə manevri edərkən qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməmişdir. Nəticədə qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkətinə məcburi məhdudiyyət yaranmışdır, bu isə yolayrıcının keçmə qaydalarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, sürücünün hərəkətində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi mövcuddur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2 şikayət ərizəsi iş materiallarında olan görüntü ilə təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki rayonu Yol Patrul Xidmətinin inspektoru, polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-588/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-588/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver