Məhkəmə qərarları › İş №3(075)-59/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-59/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-59/2022 08.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati protokoldan görünür ki, Şəxs 09 dekabr 2021-ci il tarixdə X3 məxsus 290 manat dəyərində əşyaları qəsdən sındırmış, buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta barədə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki şəhər, M.Əliyev küçəsi, ev 5/2-də yaşayan Şəxs 09.12.2021-ci il tarixdə oğlu Əhməd Hümmətliyə məxsus bir sıra əşyaları yəni, evdə quraşdırdığı kameraları, kondisioneri, kombi örtüyünü, qarajın qapı örtüyünü, həyətdə olan velosipedi, avtomaşının arxa şüşəsini, sol güzgüsünü sındıraraq zərərçəkmişə maddi ziyan vurmuşdur. Bununla bağlı Şəki ŞRPŞ-də HK-1/1658 saylı material üzrə araşdırma aparılmış və 20.12.2021-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndinə əsasən Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Şəki ŞRPŞ-nın İTB-nə göndərilməsi qərara alınmışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Şəxs barəsində qanuna müvafiq qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Hümmətli Əhməd onun oğludur. Uzun müddətdir ki, oğlu Əhmədlə şəxsi münasibətlər zəminində aralarında narazılıqlar vardır. Əvvəlllərdə bir-birilərindən polis şöbəsinə müraciət etmişlər və hər birinə müvafiq qaydada cərimələr yazılmışdır. 07 dekabr 2021-ci il tarixdə Əhməd Hümmətli yaşadıqları evə 4 ədəd videokamera quraşdırmışdır. Onun bu hərəkətini qanunsuz hesab etmiş və barəsində tədbir görülməyi üçün Şəki ŞRPŞ-nin 102 xidmətinə müraciət etmişdir. Əvvəllər də etdiyi müraciətlər əsasında Əhməd Hümmətov barəsində tədbir görülməməsindən əsəbləşmiş və 09 dekabr 2021-ci il tarixdə axşam saatlarında 1937-ci il təvəllüdlü, fəaliyyət qabiliyyəti olmayan atası Hümmətov Sabirin göstərişi ilə pol ağacını götürmüş, özlərinə məxsus kameraları və sahibi bilinməyən avtomobilin arxa şüşəsini, yan güzgüsünü qırmışdır. Həmçinin qarajın lambir örtüyünü və kondisionerin örtüyünü də sındırmışdır. Onun ziyanını ona vurulan ziyan ödəndikdən sonra qaytaracağını bildirmişdir. Kameraları Əhməd quraşdırdıqda da bu barədə etiraz etdiyini bildirmişdir. Ona görə də kameraları pol ağacı ilə sındırmışdır. Həmçinin bildirmişdir ki, lambir onlara məxsusdur. Əsəbləşdiyindən onu da təpik vuraraq sındırmışdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, atası Müslümlə eyni həyətdə ayrı-ayrı tikililərdə yaşayırlar. Uzun illərdir ki, mülk məsələsinə görə aralarında narazılıqlar vardır və bununla əlaqədar məhkəmə çəkişmələri hal-hazırda da davam etməkdədir. O, münaqişələrlə əlaqədar yaşadığı evə öz təhlükəsizliyi üçün 4 (dord) ədəd kamera quraşdırmışdır. 09 dekabr 2021-ci il tarixdə işdə olan zaman atası Müslüm həmin kameraları ağac parçası ilə vurub sındırmışdır. Bundan əlavə Şəxs ona məxsus kondisionerin pər örtüyünü, kombi aparatının örtüyünü sındırmışdır. Həmçinin həyətdə olan velosipedi, həyətdə saxlanılmış başqa şəxsə məxsus avtomaşının şüşələrini, qarajın qapı örtüyünün lambirlərini beton parçaları, təpiklə vuraraq sındırmışdır. Bildirmişdir ki, bütün bunaların nəticəsində ona ümumilikdə 2500 (iki min beş yüz) manat maddi ziyan dəymişdir. Göstərmişdir ki, hadisə Müslüm tərəfindən törədilmişdir. Orada başqa şəxslər olmamışdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qərarın məzmunundan görünür ki, "xxxx" ASC-nin 20 dekabr 2021-ci il tarixli, 54 saylı məktubundan görünür ki, 1 (bir) kv/metr lambirin 2021-ci ilin dekabr ayı üçün orta satış bazar qiyməti 8 (səkkiz) manat, “Artel” markalı kondisionerin pər örtüyünün orta satış bazar qiyməti 10 (on) manat, işlənmiş Multistar HD2004 markalı videokameranın orta satış bazar qiyməti 40 (qırx) manat təşkil edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs tərəfindən 09 dekabr 2021-ci il tarixdə əvəllər münaqişəli olduğu oğlu Əhməd Hümmətlinin mülkiyyətində olan təxminən 15 kv/metr lambirə, 4 (dörd) ədəd Multistar HD2004 videokamerasına, Artel markalı kondisionerin pər örtüyünə qəsdən ziyan vurması nəticəsində Əhməd Hümmətliyə ümumilikdə 390 manat maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını təhlil edərkən müəyyən etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qərarın məzmununda zərərçəkmiş şəxsə vurulmuş ziyanın 390 manat olması göstərilmişdir. Halbuki, bu ziyan 390 deyil, 290 manatdır. Belə ki, 1. 15 kv/m lambirin X 8 manat = 120 manat.

2. 4 (dörd) ədəd Multistar HD2004 v-k x 40 manat = 160 manat.

3. Artel markalı kondisionerin pər örtüyünə vurulmuş ziyan 10 manat. Belə olduqda ümumi ziyanlıq 120 + 160 +10 = 290 manat təşkil edəcəkdir. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və şahidlərin izahatları, Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İş materiallarını təhlil edərkən zərərçəkmiş şəxslə Şəxs arasında barışığın olmasına və inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsinə dair hər hansı sənəd aşkar edilməmişdir. Həmçinin Şəxs da məhkəmə iclasında iştirak edərkən aralarında barışıq olmamasını göstərmişdir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmişlə Şəxs arasında Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində göstərilmiş qaydada barışıq əldə edilməmişdir. Buna görə də məhkəmə Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın 290 manatın bir misli məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar