Məhkəmə qərarları › İş №3(075)-595/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-595/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-595/2023 10.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxslər X1 və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X14 Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxxx 1966-cı il tarixdə Şəki rayonu, Vərəzət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Vərəzət kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 10 iyul 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 16(075)-30/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli icra sənədindən görünür ki, iş üzrə çıxarılacaq məhkəməm qətnaməsi qanuni qüvvəasini alanadək Şəki rayonu Vərəzət kəndində yerləşən reystr nömrəsi **********32 olan, X6 və ailə üzvlərinin birgə mülkiyyətində olan 1.8138 ha torpaq sahəsində taxılın biçilməsinə və eyni zamanda Şəki rayonu, Vərəzət kəndində yerləşən JN-0325Kod 40407028 olan, Torpağın mülkiyyət hüququna dair Dövlət aktı əsasında X1 və ailə üzvlərinin birgə mülkiyyətində 1967,84 kv.m torpaq sahəsində yetişdirilmiş otun biçilməsinə Şəxs və X9 tərəfindən edilən maneələr aradan qaldırılsı qərara alınmışdır. Sözügedən icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün Şəxs vaxt verilmişdir. Lakin, o, icra sənədinin icrasını könüllü olaraq təmin etməmişdir. Borclu yuxarıda göstərilən qərardadla müəyyən edilən torpaq sahəsində taxılın biçilməsinə maneə törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki məhkəmə qərardadı üzrə X1 və X2 torpaq sahələrinə yol onu torpaq sahəsindən keçir. İddiaçıların torpaq sahəsinə taxılın biçilməsi üçün texnika daxil olması üçün onun torpaq sahəsindən keçərkən onun təsərrüfatına da ziyan dəyir. Ona görə qonşuları ilə arasında anlaşılmazxlıq olmuşdur. Hazırda həmin torpaq sahəsində olan taxılın biçilməsinə heç bir maneə törətmir. İddiaçılar istədikləri vaxt texnika gətizdirib taxıllarını biçdirə biləcəklərini bildirdi. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. X14 Vəkil Bürosunun vəkili X11 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 izahatında və məhkəməyə ünvanladığı ərizəsində bildirdi ki, məhkəmə qərardadında göstərilən torpaq sahəsində olan taxılın biçilməsi üçün Şəxs ilə razılığa gələrək onun heç bir maneə törtəmədiyini bildirmişdir. Bu səbəbdən də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 digər zərərçəkmiş şəxs X1 ilə eyni məzmunlu izahat və məhkəməyə ərizə verərək Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə icra məmurunun, borclunun, vəkilin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Yəni, icra məmurunun qənaətincə o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəflərin izahatlarından da müəyyən edildiyi kimi Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə təqdim edildikdən sonra məhkəmə qərardadında göstərilən torpaq sahəsində olan taxılın biçilməsi üçün maneə yaratmayacağını bildirmiş və bu barədə zərərçəkmiş şəxslər X1 və X4 ilə razılığa gəlmişdir. Bu qeyd edilənlər məhkəmənin borclunun icra sənədini qərəzli olaraq icra etməməsi qənaətinə gəlməsinə əsas vermir. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Qeyd edilən inzibati xəta haqqında normanın mahiyyəti ondan ibarətdir ki, borclu məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməsin və ya icra sənədini qərəzli olaraq icra etməsin. Məhkəmə borclunun icra sənədi üzrə iş üzrə zərərçəkmiş şəxslərlə razılıq əldə etməsini onun qərardadın icrası zamanı qərəzli olmaması kimi qiymətləndirir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmamışdır. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları olmamışdır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar