Məhkəmə qərarları › İş №3(075)-598/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-598/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-598/2020 27.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəki şəhəri, Olimpiya məhəlləsində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 01:00 radələrində Şəki şəhərində “Qaz idarəsi” adlanan yerdə ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, xx xxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində evlərinin yaxınlığındakı marketdən iki ədəd pivə almış, onları özündə saxlamışdır. Daha sonra şəhərə qalmış, aldığı pivələri içmişdir. Təxminən saat 23:30 radələrində evə qayıdarkən ərazidə olan polis əməkdaşları ona yaxınlaşmış, haradan gəlib haraya getdiyini soruşmuşlar. O, şəhərdən gəldiyini və evə getdiyini bildirmiş, lakin içkili olduğundan özündən asılı olmadan ucadan nalayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları ona cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qayda pozuntusuna yol verdiyini bildirmiş, onu nizam-intizama dəvət etmişlər. O, həmin vaxt içkili olduğundan özünü və hərəkətlərini idarə edə bilməmiş, “gedin öz işinizlə məşğul olun” demişdir. Bu zaman yaxınlıqdakı binada yaşayan sakinlər balkona çıxmışlar. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis şöbəsinə getmişdir. Etdiyi hərəkətə görə peşmandır və bir daha bu cür hallara yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə 8 saylı ərazidə daxili qoşunların əsgərləri Rəşad Cabbarov və Vasif Əliyevlə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş və ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsə ərazidə baş vermiş oğurluq hadisələrinin qarşısının alınması istiqamətində xidmət apardıqlarını bildirmiş, haradan gəlib haraya getdiyini soruşmuşlar. Həmin şəxs əsəbiləşərək ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman ona cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qayda pozuntusuna yol verdiyini izah edib söyüş söyməməsini bildirmişlər. Lakin həmin şəxs “gedin öz işinizlə məşğul olun” deyərək onlara qarşı kobudluq etməyə başlamışdır. Bu zaman yaxınlıqdakı binada yaşayan sakinlər səs-küyə balkona çıxmışlar. Onlar radio rabitə vasitəsilə polis əməkdaşlarını çağırmış və həmin şəxsi təhvil vermişlər. Sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirsə də polis şöbəsinə dəvət edilərkən maneəçilik yaratmamışdır. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki şəhər sakini Şəxs olması müəyyən edilmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün raport tərtib olunaraq rəhbərliyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş daxili qoşunların əsgərləri X7 və X1 ŞRPŞ-də verdiyi izahatlarında Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri X2 məhkəm iclasında verdiyi izahatla eyni məzmunlu izahat vermişlər. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs Şəki şəhərində “Qaz idarəsi” adlanan yerdə olduğu müddətdə səs-küy salaraq, ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmiş, ətrafda yaşayan insanların diqqətini özünə cəlb etmişdir. Bununla da o, xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bu hal şahid ifadəsi ilə yanaşı Şəxs tərəfindən də etiraf edilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin, Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bundan başqa polisin qanuni tələblərinin pozulması iş materialları ilə sübut olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs inzibati xəta törətməsini səmimi etiraf etməsini, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olduğunu yüngülləşdirici hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini, Azərbaycan Respublikasının İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar