Məhkəmə qərarları › İş №3(075)-598/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-598/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-598/2023 10.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 iyun 2023-cü il tarixli **********6343 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 onun barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 iyun 2023-cü il tarixli **********6343 nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 iyun 2023cü il tarixli, **********6343 nömrəli qərarına əsasən ona Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və 29 iyun 2023-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qəbul etdiyi 19 iyun 2023-cü il tarixli, **********6343 nömrəli qərardan göründüyü kimi həmin qərarın 14 may 2023-cü il tarixli, 025422 nömrəli akt əsasında qəbul edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının tərtib etdikləri 14 may 2023-cü il tarixli, 025422 nömrəli aktda isə onun həmin akti imzalamaqdan imtina etdiyi gösterilmişdir. Halbuki, onun belə bir aktın tərtib edilməsindən məlumatı olmamış və ona imzalamaq üçün belə bir akt təqdim edilməmişdir. Qeyd edilən aktın haradan və nə zaman yazılmasından məlumatlı deyildir. Bundan başqa onun tərəfindən konkret olaraq hansı pozuntunun edildiyini həmin aktla müəyyən etmək mümkün deyildir. Göründüyü kimi formal və məlum olmayan əsaslarla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları qarşılarına qoyulmuş planı bitirmək məqsədi ilə belə bir prosedur hərəkətlər etmişlər. Bütün bunlar onun vəziyyətini ağırlaşdırmaqla yanaşı, onun hüquqlarının pozulması ilə nəticələnir. O çox çətinliklə öz ailəsini saxlayır. Həyat yoldaşı ikinci qrup əlildir. Başqa bir qazanc yerləri yoxdur. Heç bir əsası olmadan barəsində əsassız olaraq sankiyalar tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə və qərardan şikayət vermiş şəxs X3 işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında X2 etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirdi ki, kassa aparatında nasazlıq olduğundan bu barədə vergi əməkdaşlarına zəng edərək məlumat vermişlər. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları mağazaya gələrək özlərini təqdim etmədən kassanın işləmədiyini bildirdilər. O da kassanın nasaz olması barədə onlara məlumat verdiyinin demişdir. Onlara xəbərdarlıq edildiyini bildirdikdə gələn elektron xəbərdarlığın ingilis dilində olduğundan başa düşmədiyini bildirmişdir. Bundan sonra onun dediklərinə məhəl qoymayıb cərimə yazacaqlarını bildirərək getmişlər. Hesab edir ki, əsassız qərar qəbul edilmişdir. Əməlində heç bir hüquqazidd hərəkət və ya hərəkətsizlik olmadığından o məsuliyyətə cəlb edilməməlidir. Qeyd edilənlərə əsasən həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 19 iyun 2023-cü il tarixli **********6343 nömrəli qərar ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 iyun 2023-cü il tarixli **********6343 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2023-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş vergi borcunun, faizlərin, maliyyə sanskiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********6344 nömrəli tələbnmədən görünür ki, büdcəyə ödənilməli olan 1000 manat vəsait xx.xx.2023-cü il tarixə kimi Şəki YXO-nun AZ61CTRE********************31 nömrəli hesabına ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 11 may 2023-cü il tarixli, DVX seriyalı, 025422 nömrəli aktdan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma vəziyyətinin pozulması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən X3 göndərilmiş 15 may 2023-cü il tarixli bildirişdən görünür ki, onun barəsində qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək məqsədilə zəruri hesab etdiyi sənədlər və şəxsiyyətini təsdiq edən sənədlə 19 iyun 2023-cü il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə dəvət olunmuşdur. Qeyd olunan tarixdə vergi orqanına gəlmədiyi halda iştirakı olmadan baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən Bu məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: Bu məcəllənin 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə qərarda X4 tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma vəziyyətinin pozulmasının müəyyən edilməsi göstərilsə də konkret olaraq pul hesablaşmasının hansı qayda və necə pozulması göstərilməmişdir. A.Kərimovanın nümayəndəsi V.Kərimovun izahatından belə məlum olur ki, kassa aparatında nasazlıq olmuş aparatın ekranına ingilis dilində hansısa sözlər yazılmış lakin anlaya bilmədiklərindən bu barədə vergi əməkdaşlarına zəng edərək məlumat vermişlər. Buna baxmayaraq vergi əməkdaşları ticarət obyektinə gəlmiş, daha sonra onların iştirakı və məlumatı olmadan akt tərtib edərək, həmin akt əsasında qərar qəbul edilmişdir. Bundan başqa tərtib edilmiş aktda A.Kərimova tərəfindən satılmış əşyanın nəzarət-kassa aparatına vurulmaması və qəbzlə sənədləşdirilməməsi göstərilsə də, bunu təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməməklə, A.Kərimovanın aktı imzalamaqdan imtina etməsi göstərilsə də, hansı səbəbdən aktı imzalamaması göstərilməmiş, şəxsin aktla razılaşıb-razılaşmadığını müəyyən etməmiş, aktda bununla bağlı qeyd aparılmamış ümumiyyətlə aktın onun iştirakı ilə tərtib olunması iş materiallarından da göründüyü kimi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsində nəzərdə tutulmuş pozuntunu törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından 19 iyun 2023-cü il tarixli, **********6343 nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 115.1.4-cü və 115.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü göstərilməlidir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş, X2 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair 19 iyun 2023-cü il tarixli **********6343 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar