Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-6/2024 25.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X15 oğlunun katibliyi, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X16, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2003-cü ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə məhkumluğu olmayan, Şəki rayonunun Qoxmuq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 525-ci maddəsi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Şəki Şəhər-Rayon Polis Şöbəsindən Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi Elnur Məmmədovun şöbə rəhbərliyinə ünvanladığı raportda göstərilir ki, o həmin bölmənin digər polis sahə rəisi Anar Xalıqovla birlikdə, xx.xx.2023-cü ildə, saat 1930 radələrində xidmət etdiyi inzibati ərazidə, Şəki rayonunun Qoxmuq kəndində “Rəvanın kafesi” adlanan çayxanada, arxa otaqda bir neçə nəfərin pul müqabilində domino ilə qumar oynadığını məlumat əsasında aşkar etmiş, barələrində tədbir görülməsi üçün X2, X8, X3, Şəxs, X9, X10, X11, X12, X17 və X13 Polis şöbəsinə aparmışdır. İnzibati xəta haqqında MN ******* seriya nömrəli xx.xx.2023-cü il tarixli protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2023-cü ildə, saat 1930 radələrində, Qoxmuq kəndində, çayxanada dostları ilə pul müqabilində qumar oynamışdır. Materiala əlavə edilmiş X4, X5, X6, X14, X7, Şəxs izahatlarında göstərilir ki, xx.xx.2023-cü ildə, saat 1930 radələrində Şəki rayonunun Qoxmuq kəndində “Rəvanın kafesi” adlanan çayxanada, arxa otaqda bir neçə nəfər – o cümlədən Şəxs, hər biri ayrılıqda 1 manat pul qoymaqla 2 nəfər bir komanda yaradaraq domino oynamış, uduzan komanda oyunu tərk edib əvəzinə yenisi daxil olmuş, qoyulan pul stolun üstündə cəmlənib içdikləri çayın pulunun ödənişinə sərf edilmiş və artıq qaldığı halda şokolad alınmış və çay şokaladla içilmişdir. İnzibati tutma və şəxsi axtarış və fiziki şəxsdə olan şeyləri yoxlamaq haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə həmin gün, saat 0010-da inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predimeti aşkar etmək məqsədilə Şəxs üzərində şəxsi axtarış aparılmış və onda olan şeylər yoxlanılmış, heç nə aşkar edilməmiş və götürülməmiş, o, saat 0015-dən 1200-a kimi inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 polis sahə rəisi X18 protokolun və toplanmış materialın məzmununa uyğun izahat verib, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, o, xx.xx.2023-cü ildə, saat 18 radələrində, yaşadığı Şəki rayonunun Qoxmuq kəndində həmkəndliləri Camal, Röyal, Bəhruz və Elnurla görüşüb Rəvanın kafesinə çay içməyə getmişlər. Çayxanada, arxa otaqda 4 nəfərə, 2 nəfər bir komanda da olmaqla, hər biri ayrılıqda 1 manat pul qoymaqla “101” adlı domino oyunu oynamışlar. Orada olan digərləri də uduzan komandanın əvəzinə oyuna daxil olmuş, uduzanların pulu çayxanada içilən çay pulunun ödənişinə verilmişdir. Artıq pul yarandıqda isə çay ilə içməyə şokalad almışlar. Saat 1930 radələrində polis sahə rəisi çayxanada domino oynadıqları otağa gəlib domino oyununu pulla oynamalarının qumar hesab edildiyini deyib onları Polis şöbəsinə aparmış və barələrində inzibatı xəta törətmələrinə dair protokol tərtib etmişlər. O, bir daha domino oyununu pulla oynamacagına söz verib, barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs qeyd olunan hərəkətlər nəticəsində törətdiyi iddia edilən İXM-nin 525-ci maddəsi ilə qanunverici “Qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə” olan hərəkətləri özündə etiva etmişdir. İXM-nin 525-ci maddəsinin sanksiyasında, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə nəzərdə tutulur. Bu vaxta kimi (elektron məhkəmə sistemindən götürülmüş məlumatlara görə) qeyd olunan domino oyunu ilə bağlı yaxalanıb inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin əməli göstərilən maddə ilə tövsif edilib məhkəməyə verilmiş və inzibati qaydada cəzalandırılmışlar. Məhkəmə bu yanaşma ilə razılaşmayaraq fikrini aşağıdakı kimi əsaslandıraraq qeyd edir ki, bu əmələ və hərəkətlərə ilk növbədə qumar oyunu dedikdə nə başa düşüldüyünə aydınlıq gətirilməli, sonra isə hazırki iş üzrə cəlb edilmiş şəxsin qumar oyununda iştirak edib etmədiyinə hüquqi qiymət verilməlidir. İXM-nin 401-cu maddəsinin qeydində göstərilir ki, bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Məhkəmə qeyd edir ki, hazırki işin hallarına görə barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin pul müqabilində domino oynadığı mübahisə edilmədən təsdiqini tapır. Lakin qumar oyununun baş verməsi üçün tək oyunun pul vəsaitləri hesabına baş verməsi kifayət etmir. Eyni zamanda bu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olmalıdır. Deməli burada oyunun özünün hansı oyun olduğu – yəni, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) olduğu və oyunun nə müqabilində - yəni, pul vəsaitləri, maddi və sair nemət (uduş) məqsədilə keçirildiyi önəm daşıyır. Əgər oyun qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) deyilsə, hər hansı bacarıq, bilik, düşüncə və sair hesabına udmağa söykənirsə və pul vəsaitləri, maddi və sair nemət (uduş) müqabilində oynanılmırsa, havayı, təmənnasız oynanılırsa qumar hesab edilmir. Hazırki iş üzrə müəyyən edilir ki, 4 nəfərə, hər komandada 2 nəfər oyunçu 101 xal toplamaq üçün 2 komanda olmaqla yarışaraq iştirakçı kimi oynamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oyunçulardan biri olmuşdur. Komanda üzvlərinin hər biri uduşa 1 manat pul qoymuş, uduzan komandanın 2 manat məbləğində pulu, oyun zamanı iştirkçılar və tamaşa edənlər tərəfindən içilən çay puluna sərf edilmişdir. Artıq pul yığılanda isə çayla içmək üçün şokolad almışlar. Həmin gün nə qədər oyun oynanıldığı, nə qədər pul toplandığı və nəyə səf edildiyini təsdiq edən heç bir sübut iş materiallarında müəyyən edilməmişdir. Məhkəməyə təqdim edilmiş materialda olmadığı üçün hadisə yerinə baxış haqqında protokol tərtib edilib-edilmədiyini müəyyən etmək mümkün olmamış, protokolu tərtib edən şəxsin dediklərindən hadisə yerinə baxışla bağlı protokol tərtib edilməmiş, hər biri 1 manatlıq olmaqla 4 manat pul, qabında domino oyunu daşları, diyircəkli qələm və oyunçuların adlarının baş hərifi və qazandığı xallar yazılmış kiçik vərəq parçasını əks etdirən fotoşəkil materiala əlavə edilmişdir. Məhkəmənin qənaətinə görə 1 manatlıq oyuna görə 3000 manatlıq cərimənin edilməsi mütanasiblik baxımından tam yuğunsuz və ədalətsiz görünür. Eyni zamanda qanunverici də bu cür oyunu qumar kimi nəzərdə tutmur, dövlətdən gəlirini, ödəməli olduğu vergini ödəməyib qanunsuz fəaliyyət göstərən, dövlət ödənişlərindən gizlədilən böyük həcmlə oynanılan qumar oyunu üçün həmin məbləğdə cərimə nəzərdə tutur. Bu məbəlğdə cərimənin qazanc əldə etmək niyyəti ilə deyil, vaxt keçirmək üçün oyun zamanı içilmiş çay pulunu ödəməkdən örtü ortaya qoyduqları 1 manata görə 3000 manat məbləğində edilməsi tarazlıq yarada və ədaləti bərpa edə bilməz. Bundan başqa ən əsası isə “101” adlı domino oyunu uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun hesab edilmir. Mövcud ədəbiyyat və komentariyalarda rast gəlinməsə də digər ölkələrin qumar oyunları ilə bağlı domino oyunu üzrə komentariyalarında dominonun intelektual, hesablama aparılan, riyazi düsturlarla nəticəsi əvvəlcədən qurula bilən və bacarıqlı oyunçunun uda bilcəyi mümkün olan oyun hesab edilir. Məntiqlə məhkəmənin də qənaəti eyni formalı olmaqla üst-üstə düşür. Belə olan halda hazırki iş üzrə domino oyununun uduşunu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun kimi qumar hesab edib, barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsili bilinib, inzibati tənbehə məruz qoyulması qanuni və ədalətli ola bilməz. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, toplanmış material üzrə barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılmış Şəxs çayxanada çay içdikləri şəxslərlə uduşa yığılmış pul hesabına çay pulunu ödəmək üçün oynadıqları domino oyunu uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyun olmayıb qumar hesab edilmədiyindən İXM-nin 525-ci maddəsində nəzərdə tutulan “qumar oyununda iştirak etmək” inzibati xəta hadisəsi olmamışdır. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №3(075)-6/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-6/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver