Məhkəmə qərarları › İş №3(075)-601/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-601/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-601/2021 25.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1 iştirakı ilə, X1 Şəki DYPB tərəfindən barəsində qəbul edilmiş TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki DYPB tərəfindən barəsində qəbul edilmiş TP ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, 25.08.2021-ci il tarixdə o, Şəki şəhərinin mərkəzində yerləşən “Ekonom” marketə yaxınlaşaraq içəri daxil olmadan, qapıda duran işçidən əvvəlcədən sifariş etdiyi 2 ədəd çörəyi ona gətirməsini xahiş etmişdir. Həmin vaxt o, marketə daxil olmamış, sadəcə marketin fuyesində dayanmışdır. Bu zaman iki nəfər polis əməkdaşı yaxınlaşaraq ona tibbi maskadan istifadə etməməyi ilə bağlı irad tutmüşdür. O isə bildirmişdir ki, marketə daxil olmur kənarda gözləyir. Market işçisi çörəyi verdikdə o, pulu market işçisinə vermiş və getmək istəmişdir. Bu zaman polis əməkdaşları onu saxlamışlar və o, bir daha izah etmişdir ki, marketə daxil olmamışdır kənarda gözləmişdir. Bundan 15-dəqiqə sonra DYP avtomobili gəlmiş və həmin əməkdaşlar onu avtomobilə dəvət etmişlər. Ondan pasportunu almış və baxaraq ona geri qaytarmışlar. O, bir daha onlara həmin hadisə haqqında ətraflı məlumat vermişdir. Polis əməkdaşı ona inzibati xəta haqqında protokol tərtib etmək barədə heç bir söz demədən gedə biləcəyini demişlər. 20.10.2021-ci il tarixində ona Şəki DYPB-dən daxil olan məktubda bildirilmişdir ki, onun haqqında karantin qaydalarının pozulmasına görə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və 100 manat məbləğində cərimə edilmişdir. Məsələyə aydınlıq gətirmək üçün o, 22.10.2021-ci il tarixdə Şəki DYPB-yə müraciət edərək ona protokolu və xətanı təsdiq edən sənədləri təqdim etməyi xahiş etmişdir. Bildirmişdir ki, 04.11.2021-ci il tarixində ona 25.08.2021-ci il tarixli TP ******* saylı qərarın surəti məktubu ona təqdim edilmişdir. Protokolu əsassız və qanunsuz hesab edir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Şəki DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki DYPBnin YPX inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş 25 avqust 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 25 avqust 2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş materiala əlavə edilmiş foto şəkillərdən görünür ki, baş vermiş hadisə zamanı X2 qapalı məkan olan ticarət mərkəzinin daxilində tibbi maskadan istifadə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.2 -qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla). Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.2-ci maddəsinə əsasən tibbi maskadan istifadə etməməsi aydın olur. Belə ki, Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş fotolarda da onun 25 avqust 2021-ci il tarixdə qapalı məkan olan “Ekonom Marketin” içərisində olması və qoruyucu tibbi maskadan istifadə etməməsi müəyyən olunur. Göstərilən əsaslarla məhkəmə X3 Şəki DYPB tərəfindən barəsində qəbul edilmiş TP ******* nömrəli qərarının ləğv edilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Şəki DYPB tərəfindən barəsində qəbul edilmiş TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar