Məhkəmə qərarları › İş №3(075)-601/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-601/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-601/2024 25.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Mustafayev Vüsal İzzət oğlunun iştirakı ilə, X1 barəsində tərtib edilmiş 20 iyun 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 şikayət ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli TP6580671 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, şikayətə baxılan müddətdə qərarın icrası, o cümlədən İXM-nin 150.11-ci maddəsinə əsasən qərarın icrasının təmin edilməsinə yönəldilmiş bütün məcbur etmə tədbirlərinin icrası dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ** BL *** nömrəli avtomobili idarə edərkən YPX inspektoru X3 tərəfindən saxlanmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyini ona bildirmişdir. O isə onunla razılaşmamış, bundan sonra sənədlərini qaytarmış və o, avtomobilini sürüb getmişdir. xx.xx.2024-cü il tarixdə mobil telefonuna mənə Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunması barədə SMS gəlmişdir. Bundan sonra o, həmin SMS-də göstərilən asanpay portalına daxil olaraq ona İXP ******* nömrəli protokol tərtib olunduğunu, statusunun qərarsız, olduğunu öyrənmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə yenə də ** BL *** nömrəli avtomobili idarə edərkən YPX inspektoru X3 tərəfindən saxlanmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyini ona bildirmişdir. O isə razılaşmamış, bundan sonra sənədlərini qaytarmış və o, avtomobilini sürüb getmişdir. Həmin tarixdə də mobil telefonuna ona Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunması barədə SMS gəlmişdir. Bundan sonra o, həmin SMS-də göstərilən asanpay portalına daxil olaraq ona İXP ******* nömrəli protokol tərtib olunduğunu, statusunun qərarsız olduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə isə mobil telefonuna İXP ******* nömrəli və İXP ******* nömrəli protokollar üzrə xx.xx.2024-cü il tarixdən etibarən icra qərarının qüvvəyə minməsi barədə SMS gəlmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin DYP bölməsinə gedərək sözügedən protokolları və onlar əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli və TP ******* nömrəli inzibatı tənbeh vermə haqqında qərarlar qəbul edildiyini öyrənmiş və protokol və qərarların surətini əldə etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar qanunvericiliyin tələblərinin kobud pozulması ilə qəbul edildiyindən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X2 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 20 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında protokoldan görünür ki, X2 16 may 2024-cü il tarixdə, saat 08:53 radələrində Azərbaycan Respublikasının İXM-in 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 20 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X1 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X1 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətçi tələbində şikayətə baxılan müddətdə qərarın icrası, o cümlədən İXM-nin 150.11-ci maddəsinə əsasən qərarın icrasının təmin edilməsinə yönəldilmiş bütün məcbur etmə tədbirlərinin icrası dayandırılsını xahiş etmişdir. Məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmadığından şikayət həmin hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul olunmuş 20 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki rayonu YPX baş inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul olunmuş 20 iyun 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar