Məhkəmə qərarları › İş №3(075)-602/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-602/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-602/2020 30.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə xx xxxxxxx 1989-cu il tarixdə Şəki rayonu Çapağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Çapağan kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-424/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq tələbkar X1 verilməlidir. Aliment tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-424/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq tələbkar X1 verilməlidir. Aliment tutulmasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Hal-hazırda icra sənədi üzrə borc 1260 manat təşkil edir. Qeyd olunan icra sənədi üzrə xx xxxx 2020-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Aparılmış məcburi icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olmadığı, adına əmək müqaviləsi bildirişinin qeydə alınmadığı müəyyən edilmişdir. Borclu Şəxs olu xx xxxx 2020-ci il tarixli izahatında yaranmış aliment borcunun növbəti aydan etibarən ödəyəcəyini bildirsədə müəyyən olunmuş aylıq aliment məbləğini və borc məbləğindən heç bir ödəniş etməmişdir. xx xxxxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə yaranmış borclun ödənilməsi tələb edilsədə borclu aliment borcunun ödənilməsini təmin etməmişdir. Borclu xx xxxxxxxx 2020-ci il tarixli izahatında və həmin tarixli iltizamında istifadəsində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini sataraq borcu ödəyəcəyəni bildirsə də borcun ödənilməsini təmin etməmişdir. Borclu xx xxxxxxx 2020-ci il tarixli izahatında torpaq sahəsini sata bilmədiyini, qarşı tərəfin isə borc qarşılığında həmin torpaq sahəsini qəbul etməkdən imtina etdiyinə görə alimentin ödənilməsini təmin edə bilmədiyini bildirmiş, eyni zamanda icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı və borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmədiyi müəyyən olunmuşdur. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 12:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 424/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq tələbkar X1 verilməlidir. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Belə ki, istifadəsində torpaq sahəsi var. Həmin torpaq sahəsini sataraq borcu ödəyəcəkdir. Lakin torpaq sahəsini hazırda sata bilməmiş, tələbkar da borc qarşılığında həmin torpaq sahəsini qəbul etməkdən imtina etmişdir. Özü fəhlədir, iş olanda işləyir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:00-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs qətnamənin icraya yönəldilməsindən keçən dövr ərzində cəmi 140 manat aliment ödəməsi onun əməlində qərəzin olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxxx 2020ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən, saat 09:00-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 09:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar