Məhkəmə qərarları › İş №3(075)-602/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-602/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-602/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə X1 barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsi X10 Bölməsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə ** BL *** nömrəli avtomobili idarə edərkən YPX inspektoru X6 tərəfindən saxlanmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyini ona bildirmişdir. O isə razılaşmamış, bundan sonra sənədlərini qaytarmış və avtomobilini sürüb getmişdir. xx.xx.2024-cü il tarixdə mobil telefonuna Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmağı barədə SMS gəlmişdir. Bundan sonra həmin SMS-də göstərilən www.asanpay.az portalına daxil olaraq ona İXP ******* nömrəli protokol tərtib olunduğunu, statusunun qərarsız olduğunu öyrənmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə yenə də ** BL *** nömrəli avtomobili idarə edərkən YPX inspektoru X6 tərəfindən saxlanmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyini ona bildirmişdir. O isə onunla razılaşmamış, bundan sonra o, sənədlərini qaytarmış və avtomobilini sürüb getmişdir. Həmin tarixdə də mobil telefonuna Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmağı barədə SMS gəlmişdir. Bundan sonra həmin SMS-də göstərilən www.asanpay.az portalına daxil olaraq İXP ******* nömrəli protokol tərtib olunduğunu, statusunun qərarsız olduğunu öyrənmişdir. xx.xx.2024-cü il tarixdə isə mobil telefonuna İXP ******* nömrəli və İXP ******* nömrəli protokollar üzrə xx.xx.2024-cü il tarixdən etibarən icra qərarının qüvvəyə minməsi barədə SMS gəlmişdir. Bundan sonra o xx.xx.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin DYP bölməsinə gedərək sözü gedən protokollar əsasında xx.xx.2024-cü il tarixli TP6580671 nömrəli və TP6291847 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyini öyrənmiş və protokol və qərarların surətini əldə etmişdir. Hesab edir ki barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6580679 nömrəli qərar qanunvericiliyin tələblərinin kobud pozulması ilə qəbul edildiyindən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, bildirdi ki, xx.xx.2024-cü il tarixdə **-BL-*** nömrəli avtomobili idarə edərkən YPX inspektoru X6 tərəfindən saxlanmış və təhlükəsizlik kəmərindən istifadə etmədiyini ona bildirmişdir. O, isə razılaşmamış, bundan sonra sənədlərini qaytarmış və avtomobilini sürüb getmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə İş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Şəki rayonu YPX inspektoru, polis baş leytenant X6 xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolda və onun əsasında Polis baş leytenant X6 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X3 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X3 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki rayonu YPX inspektoru, X4 xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli protokola istinad etməklə X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilərək, 40 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki səhər-rayon polis şöbəsinin X10 Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsinin X10 Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar