Məhkəmə qərarları › İş №3(075)-607/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-607/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-607/2025 22.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, Şəki rayonu, Şəki kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1861/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1861/2018 saylı,xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay bir uşaq üçün 154 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu Şəxs izahatı alınmışdır. Borcludan yaranmış 2864 manat aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu izahatında maddi vəziyyətinin yaxşı olmadıgını və onun bu qədər aliment borcunun olmadığını həmçinin yaranmış aliment borcunun tam ödəniş etmək imkanının olmadığını bildir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Hal-hazırda aliment pulunu ödəməyə imkanı yoxdur. O, barəsində cinayət işi üzrə o, zərərçəkmiş şəxsə 10.000 manatdan çox pul ödəmişdir. Sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə 320 manat olmuşdur. Onun borcu 600 manat olar. Ona vaxt verildiyi təqdirdə borcunu ödəyəcəkdir. Məhkəmədən işə xitam verilməsini xahiş etmişdir. X6 Vəkil Bürosunun vəkili X2 izahatında Şəxs əməlində hər hansı qərəz olmadığını, həmçinin Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ilə əlaqə saxlanıldı. Bakı şəhərində yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilmir. O, əlavə etdi ki, borclunun 2864 manat borcu var. Borclu bundan əvvəl sildirdiyi borcu da əsllində ödəməmişdir. Sadəcə ərizəsini verdiyinə görə o borcu tələb etmir. Borclu borcunu ödəmədiyi təqdirdə barəsində məsuliyyət tədbirləri görülməsini xahiş etdi. İşdə olan sübutlardan məlum olur ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1861/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi ilə Şəxs hər ay bir uşaq üçün 154 manat aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(107)-125/2025 saylı qərardan görünür ki, borclu barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinə əsasən ittiham olunmuş, xx.xx.2023-cü il tarixədək aliment borcu 10780 manat olmuş, zərərçəkmiş ərizə verərək borcun tam ödənilməsini bildirmiş, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 22 sentyabr 2025-ci il tarixdən, saat 19:10-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 sentyabr 2025-ci il tarixdən, saat 19:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 22 sentyabr 2025-ci il tarixdən, saat 19:10-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar