Məhkəmə qərarları › İş №3(075)-608/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-608/2023

25.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-608/2023 25.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 1984-cü il tarixdə Şəki rayonu Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN NWSB6G olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Şəki kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 25 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1861/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəki rayonu, Şəki kəndində qeydiyyatda olan Şəxs xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 verilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1861/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəki rayonu, Şəki kəndində qeydiyyatda olan Şəxs xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 verilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu F.Bayramalıyevə göndərilmişdir. Borclu Şəxs xx.xx.2023cü il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gələrək iş üzrə izahat vermiş və izahatında Şəki Rayon Məhkəməsinin 2(075)-63/2023 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədindən apellyasiya şikayəti verəcəyini və şikayətin nəticəsinə əsasən ödəniş edəcəyini bildirmişdir. Lakin hazır ki, tarixədək apellyasiya şikayətinin verilməsini təsdiq edən hər-hansı bir rəsmi sənəd təqdim etməmişdir. Tərəflərindən borclu Şəxs əmlak və gəlir vəziyyətinin yoxlanılması, tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin, banklarda və digər kredit təşkilatlarında borclunun adına pul vəsaiti və digər sərvətlərin olub-olmaması ilə bağlı Ədliyyə Nazirliyinin “Elekron icra” informasiya sistemi vasitəsi ilə, banklara, müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Tərəfimizdən borclu baarəsində xx.xx.2023-cü il tarixli borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixində borclu barəsində Şəki ŞRPŞ-də axtarış işi açılmışdır. xx.xx.2023cü il tarixində Şəxs polis əməkdaşları tərəfindən gətirilməsi təmin edilmişdir. Borclu xx.xx.2023-cü il tarixində Şəki rayonu, izahat verərək icra sənədi üzrə borc məbləğini ödəməyə imkanının olmadığını bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli olan məbləği ödəməkdən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 25 iyul 2023-cü il tarixdə saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1861/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2018-ci il tarixindən başlayaraq hər ay 154 manat aliment tutulub 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 verilməlidir. İcra sənədindən məlumatı vardır. Bildirmişdir ki, o, alimentin əvəzi olaraq Binə qəsəbəsində yerləşən 2 sot torpaq sahəsini X2 vermişdir. Bundan əlavə də, ona 5000 manat məbləğdə pul vermişdir. Lakin tələbkar yenə də ondan şikayətçi olur. O, hal-hazırda heç yerdə işləmir. Heç bir yerdən gəliri yoxdur. Əlavə olaraq bildirdi ki, o, 25 iyul 2023-cü il tarixdə saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada 25 iyul 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 25 iyul 2023-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 25 iyul 2023cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 25 iyul 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar