Məhkəmə qərarları › İş №3(075)-608/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-608/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-608/2025 22.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Nümayəndə katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Şəki rayonu, İkinci Biləcik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, İkinci Biləcik kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin e- 2(075)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası təmin edilmədiyi üçün (borclu xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə inzibati məsuliyyətə cəlb edilib) borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 360 manat aliment alınaraq tələbkar X6 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il, tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Hazırda borclu Şəxs ödənilməmiş aliment borcu 9600 manat təşkil edir. Sözügedən aliment borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə Şöbəyə dəvət edilmiş və ondan izahat alınmışdır. Borclu şöbədə verdiyi izahatında işləmədiyini və buna görə də hər hansı aliment pulunu ödəyə bilmədiyini bildirmişdir. Eyni zamanda borclu hal-hazırda aliment borcundan hər hansı ödəniş edə biləcəyi sorulmuş, borclu isə hal-hazırda hər hansı aliment pulu ödəmək imkanının olmadığını bildirmişdir. Borclu Şəxs X1 528.1-ci maddəsi ilə təqsirli bilinib Şəki Rayon Məhkəməsinin 3(075)-958/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 8 gün müddətinə və 3(075)-336/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən 15 gün müddətinə inzibati həbs edilməsinə baxmayaraq keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə müəyyən olunmuş aliment borcunun ödənilməsindən heç vaxt qəsdən boyun qaçırmamışdır. Xəstə olduğu üçün işləyə bilmir. Lakin bu haqda icra və probasiya şöbəsinə heç bir sənəd təqdim edə bilməmişdir. Əgər işlə təmin edilərsə alimenti ödəyəcəkdir. Məhkəmə iclasında X4 müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə izahat verərək bildirdi ki, borclu heç bir yerdə işləmir. Özünün də dediyi kimi əgər işi olsa borcunu ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-474/2023 nömrəli, 13 mart 2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 360 manat məbləğində sabit pul məbləğində aliment tutularaq tələbkar X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 15 mart 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-474/2023 nömrəli, 13 mart 2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub-olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarından əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarından əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir və məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 22 sentyabr 2025ci il tarixdə, saat 11:00-da Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 22 sentyabr 2025-ci il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından, Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 22 sentyabr 2025-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 22 sentyabr 2025-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş hesabat təmin edilsin. Nümayəndə məhkəmədə sərf etdiyi 2 (iki) saatın hər saatına 11 (on bir) manatdan hesablanmaqla, cəmi 22 ( iyirmi iki) manat onun (Emitent (ödəyən) bank "xxxx" KB ASCnin Şəki filialı, Kod: 502531; VÖEN: **********; Müxbir hesab: AZ46NABZ********************; SWİFT: UBAZAZ22; Hesab №-si AZ81UBAZ**********0090AZN001) hesabına ödənilsin. Qərarın müdafiəçiyə xidmət haqqının ödənilməsinə dair hissəsi icra olunması üçün Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar