Məhkəmə qərarları › İş №3(075)-609/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-609/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-609/2025 28.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ X1 Yaşar oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəxs MMC (VÖEN: **********0) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyində ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC tərəfindən yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş “Məcburi auditdən yayınma” inzibati xətası vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara aid olduğundan bu maddə üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Maliyyə Nazirliyi tərəfindən mövcud qanunvericilik nəzərə alınmadan, hər hansı araşdırma aparılmadan əsassız və qanunsuz olaraq 16 sentyabr 2025-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı iş üzrə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş Protokolu imzalamış şəxsin səlahiyyətini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Maliyyə Nazirliyinin Əsasnaməsinin 8.57-ci bəndinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq inzibati xətalar haqqında işlərə baxmaq Maliyyə Nazirliyinin vəzifələrindən biridir. Lakin burada inzibati xəta haqqında protokolu tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsə dair hər hansı müddəa müəyyən olunmamışdır. Həmçinin, Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə təqdim edilməmişdir. Belə ki, Şəki Rayon Məhkəməsinə təqdim edilmiş Protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalı olan xana boş saxlanılmışdır. Göründüyü kimi, inzibati tənbeh tədbirinin tətbiqi üçün müddətin keçməsinə baxmayaraq Maliyyə Nazirliyi tərəfindən hər hansı araşdırma aparılmadan əsassız və qanunsuz olaraq 16 sentyabr 2025-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.6-cı maddələrinə əsasən, “bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir.” Yuxarıda qeyd edilənləri nəzərə alaraq inzibati tənbeh tədbirinin tətbiqi üçün müddətin keçməsi ilə bağlı 3(075)-609/2025 saylı iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 2 sentyabr 2025-ci il tarixli 3-23/2-5197/2025 saylı məktubdan görünür ki, Şəxs MMC 2023cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması ilə əlaqədar İXM-nin 464-cü maddəsi ilə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə xx.xx.2025-ci il tarixdə saat 14-15-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı, göstərilən tarixdə səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-23/2-5988/2025 nömrəli məktubdan görünür ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Şəxs MMC törətdiyi inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 16 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında Protokol”un surəti Şəxsa göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin məzmunundan göründüyü kimi audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması özü özlüyündə 2 yolla aparıla bilər: məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə). Qanunun mənasına görə audit yoxlanılması yalnız 2 halda məcburi aparıla bilər: 1) öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün 2) qanunla bilavasitə nəzərdə tutulmuş hallarda. Həmin Qanunun 16-cı maddəsinə görə auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. 17-ci maddəyə görə təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. “Mühasibat uçotu haqqında” Qanunun 11-ci maddəsinə görə kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: 1) il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2) oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3) digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. “Mühasibat uçotu haqqında” Qanunun 12.1-ci maddəsinə görə və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. “Mühasibat uçotu haqqında” Qanunun 12-ci maddəsinin 4 və 5-ci bəndlərinə görə kommersiya təşkilatlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında vergi orqanlarına təqdim etdikləri vergi hesabatları bu Qanunun tələblərinə uyğun olaraq təqdim etdikləri maliyyə hesabatlarını əvəz etmir və mühasibat uçotu subyektinin nizamnaməsi ilə müəyyən olunmuş idarəetmə orqanı bu subyektin maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanmasına, təqdim və dərc olunmasına görə cavabdehdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. 5.1-ci bəndinə görə ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur: 5.1.1-ci yarımbəndinə görə qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının auditi 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməmişdir. Bununla da, Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC-nin etirazda qeyd etdiyi müddətin keçməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qanunvericiliyə səasən 2023-cü il üzrə maliyyə hesabatlarının auditi 2024-cü ildə aparılmalıdır. Qeyd edilən bir illik müddətin isə məhz 2024-cüilin hansı tarixindən hesablanması isə nəzərdə tutulmadığından, məhkəmə müddətin keçməsi barədə Şəxs MMC-nin qeyd etdiklərini əsaslı hesab etmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar