Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-631/2020 11.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsinin baş əmək müfəttişi X12 oğlunun iştirakı ilə Şəxs Korporasiyası barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 19 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki regional ərazi şöbəsinin baş əmək müfəttişinin, Oğuz rayonu Xaçmaz kənd sakini Zakirov Araz Fərzalı oğlunun əmək müqaviləsi bağlanılmadan Şəxs Korporasiyasının Oğuz rayonunun Bucaq kəndində yerləşən tütün qurutma məntəqəsinə operator vəzifəsinə işə cəlb etməsi barədə tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İXM-nin 18.5-ci maddəsinə əsasən göndərilərək, ünvan 1 ünvanda yerləşən hüquqi şəxs Şəxs Korporasiyasının Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırma aparıb, iş materiallarını tədqiq edərək hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən etməmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7 bildirmişdir ki, Zakirov Araz Fərzalı oğlu xx xxxxxxx 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron poçt ünvanına əmək hüquqlarının pozulması ilə əlaqədar müraciət etmiş, 2019-2020-ci illərdə əmək müqaviləsi bağlanmadan Şəxs Korporasiyasına məxsus Oğuz rayonu Bucaq kəndində yerləşən tütün qurutma məntəqəsinə operator işinə cəlb edilməsini, 2020-ci ildə işlədiyi işə görə ona hesablanmış 5200 manat əmək haqqının ödənilməməsini, həmçinin həmin tütün qurutma məntəqəsinə və Şəki şəhərində yerləşən müəssisəyə digər işçilərin də əmək müqaviləsi bağlanılmadan cəlb edilməsini göstərmişdir. Bununla bağlı araşdırma aparılmış, bir neçə şəxsin izahatı alınmış, Zakirov Araz Fərzalı oğlunun xx.xx.2019 - xx.xx.2019-ci il və xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə Şəxs Korporasiyasına məxsus Oğuz rayonu Bucaq kəndində yerləşən tütün qurutma məntəqəsində operator vəzifəsində işləməsi, işlədiyi dövr ərzində 2019-cu il üçün əmək haqqını tam alması, 2020-ci il üçün ona hesablanmış 6057 manat əmək haqqından 857 manatın ödənilməsi, onun və digər şəxslərin də əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi müəyyən edilmişdir. Şəxs Korporasiyasından müvafiq sənədlər tələb olunub alınmış, eyni zamanda müəssisənin baş mühasibi işçilərin adlarının elektron informasiya sisteminə daxil edildiyini, lakin onlarla yazılı əmək müqaviləsinin bağlanmadığını barədə izahat vermişdir. Qeyd olunan hallara görə müəssisədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsində təsbit olunmuş qanun pozuntusu aşkarlanmışdır. Odur ki, aşkar olunmuş pozuntu halına görə tərəflərindən Şəxs Korporasiyasının vəzifəli şəxsi (işəgötürəni) X8 barəsində xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat inzibati cərimə edilmişdir. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edildiyindən Şəxs Korporasiyası barəsində xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, aidiyyəti üzrə göndərilməsi barədə qərar verilməklə baxılması üçün məhkəməyə göndərilmişdir. O, formalaşmış qaydaya görə bu cür hallarda hüquqi şəxs barəsində də inzibati tənbeh tətbiq edilməli olduğunu hesab etdiyi üçün inzibati xəta haqqında protokolu müdafiə etmiş, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəxs Korporasiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin təsisçisi (işəgötürəni) X3 imzası ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə və sənədlər göndərilərək, hazırkı fakt üzrə müvafiq araşdırma aparılaraq vəzifəli şəxs kimi işəgötürənin 3000 manat cərimə edildiyini bildirmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Korporasiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx xxxxxxx 2020-ci il tarixli müraciətdən görünür ki, Zakirov Araz Fərzalı oğlu sosial gov.az saytına elektron müraciət edərək, 2019-2020-ci illərdə əmək müqaviləsi bağlanmadan Şəxs Korporasiyasına məxsus Oğuz rayonu Bucaq kəndində yerləşən tütün qurutma məntəqəsinə operator işinə cəlb edildiyini, həmin tütün qurutma məntəqəsində və Şəki şəhərində yerləşən müəssisədə digər işçilərin də əmək müqaviləsi bağlanılmadan işlədiyini, 2020-ci ildə işlədiyi işə görə ona hesablanmış 5200 manat əmək haqqının ödənilmədiyini, bununla bağlı Tehran Lətifova müraciət etdiyini, sonuncunun onu tanımadığını bildirdiyini, müəssisədə işləmək üçün Tehran Lətifovun hazırda rəhmətə getmiş əmisi oğlu “Ramiz”lə razılaşdığını bildirmişdir. Şəki Şəxs Korporasiyasının Oğuz rayonu Bucaq kəndində yerləşən tütün qəbulu məntəqəsinin müdiri vəzifəsində işlədiyi göstərilən X1 xx xxxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Zakirov Araz Fərzalı oğlu onun tərəfindən mövsümün əvvəlində bir neçə dəfə məntəqəyə operator işinə cəlb edilmiş, lakin işi onun qane etmədiyindən onunla əmək müqaviləsi bağlanmamışdır. Şəki Şəxs Korporasiyasının icraçı direktoru tərəfindən 19 saylı region üzrə DƏMX-nə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 161 nömrəli məktubdan görünür ki, Zakirov Araz Fərzalı oğlu korporasiyaya operator işləməsi üçün müraciət etmiş, işlədiyi bir neçə gün sınaq müddəti ərzində özünü doğrultmadığından və məhsulu zay etdiyindən onunla əmək müqaviləsi bağlanmamış və işə götürülməmişdir. Fermer vəzifəsində işlədiyi göstərilən X5 xx xxxxxxx 2020-ci il tarixli izahatından görünür ki, o, Zakirov Araz Fərzalı oğlunun 2019-2020-ci illərdə tütün qurutma məntəqəsində işlədiyini təsdiq etmişdir. Fəhlə vəzifəsində işlədiyi göstərilən X4 xx xxxxxxx 2020-ci il tarixli izahatından görünür ki, o, Zakirov Araz Fərzalı oğlunun 2019-2020-ci illərdə tütün qurutma məntəqəsində işlədiyini təsdiq etmişdir. X2 izahatından görünür ki, o, Zakirov Araz Fərzalı oğlunun 2019-2020-ci illərdə tütün qurutma məntəqəsində işlədiyini təsdiq etmişdir. Məntəqə müdiri vəzifəsində işlədiyi göstərilən X1 xx xxxxxx 2020-ci il tarixli izahatında göstərilir ki, Zakirov Araz Fərzalı oğlu müəssisədə 2019-2020-ci illərdə rəsmi və ya qeyrirəsmi, operator və ya digər işlərə cəlb edilməmişdir. Baş mühasib vəzifəsində işlədiyi göstərilən Musayev Şöhrət Akif oğlunun xx xxxxxx 2020-ci il tarixli izahatında göstərilir ki, müəssisədə Zakirov Araz Fərzalı oğlu adlı işçi mövcud olmadığından korporasiyanın mühasibatlığında əmək haqqı hesablanması və iş vaxtının uçotu sənədləri olmamışdır. Şəki Şəxs Korporasiyasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində işçi və qulluqçuların işə daxil olma və işdən çıxma cədvəlindən görünür ki, Zakirov Araz Fərzalı oğlunun həmin işçilər sırasında adı mövcud deyildir. xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərarın surətindən görünür ki, Oğuz rayonu Xaçmaz kənd sakini Zakirov Araz Fərzalı oğlu AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən Şəxs Korporasiyasının Oğuz rayonunda yerləşən tütün qurutma məntəqəsinə operator vəzifəsinə işə cəlb edildiyinə görə, işəgötürən X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat inzibati cərimə edilmişdir. Şəxs Korporasiyasının nizamnaməsinin 1.3-cü bəndindən görünür ki, Şəxs Korporasiyasının təsisçisi və əmlakın mülkiyyətçisi X6r. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.1ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xətanın yaranması üçün iki halın mövcudluğu şərtləndirilir, 1-ci Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinin (kontraktı) hüquqi qüvvəyə minməməsi, 2-ci işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İş materialları ilə müəyyən olunur ki, Zakirov Araz Fərzalı oğlu Şəxs Korporasiyasına məxsus Oğuz rayonunda yerləşən tütün qurutma məntəqəsinə operator işinə cəlb edildiyini iddia edir. X16 iş materiallarına əlavə edilmiş izahatından da göründüyü kimi sonuncu X8 (bundan sonra işəgötürən) ilə heç bir təmasda olmamış, özünün də dediyi kimi işəgötürən onu tanımamış, onu işə hazırda rəhmətə getmiş “Ramiz” adlı şəxs dəvət etmiş, maaşı isə məntəqə müdiri işlədiyi iddia edilən Xaləddin Alcanovdan almışdır. Xaləddin Alcanov bu halın mövcudluğunu inkar etmiş, həmin şəxsin bir neçə gün sınaq müddəti ərzində məntəqədə işlədiyini, lakin işi yarıtmadığından onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddənin sanksiyasında hüquqi şəxslər tənbeh tədbirlərinin subyekti kimi göstərilsə də, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş və xüsusi yaradılmış qurumdur. Və bütün hərəkətlər onun adından səlahiyyətli nümayəndələri tərəfindən həyata keçirilir. Eyni zamanda məhkəmə diqqətdə saxlayır ki, hüquqi şəxsin, fiziki və vəzifəli şəxs kimi özünün düşünmək, hərəkətlərini müstəqil yerinə yetirmək imkanı yoxdur, hərəkətlərini yalnız rəsmi həvalə etmiş səlahiyyətli şəxs vasitəsilə icra etmək iqtidarındadır. Hazırkı halda Şəxs Korporasiyasının nizamnaməsində işəgötürən səlahiyyəti, təsisçi Tehran Lətifovda olduğu göstərilmişdir. Həmçinin, Zakirov Araz Fərzalı oğlunun işə qəbul olunmaq üçün işəgötürənə müraciət etməsi və ya bu haqda işəgötürmək səlahiyyəti olan şəxslə danışıb razılaşması iş materiallarında və məhkəmə baxışında müəyyən edilməmişdir. X18 Fərzalı oğlu özü də işləmək üçün mərhum Ramiz adlı şəxslə danışıb razılaşdığını göstərmişdir. İşəgötürənlə Zakirov Araz Fərzalı oğlu arasında hər hansı əmək müqaviləsi bağlanmadığından həmin müqavilənin qanuni qüvvəyə minməsindən də danışmaq mümkün deyildir. Bundan başqa məntəqədə operator ştatının mövcudluğu müəyyən edilməmiş, işəgötürən tərəfindən Araz Zakirovu hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi iş materiallarından görünmür. İşə cəlb edildiyi iddia edilən məntəqə müdiri X1 isə ümumiyyətlə Şəxs Korporasiyasının səlahiyyətli şəxsi kimi işəgötürən qismində çıxış etmək hüququnun olması heç iddia da edilməmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib etmiş şəxs heç bir fakta istinad etmədən, müəssisədə işlədikləri iddia edilən bir neçə şəxsin izahatına istinad etməklə Şəxs Korporasiyasının inzibati xəta törətdiyi nəticəsinə gəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş X11, X9 və X2 izahatlarında Araz Zakirovun həqiqətən korporasiyaya məxsus məntəqədə işlədiyini görmələrini göstərmələri iş üzrə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət etmir. Bunun üçün hüquqi şəxsin məsuliyyətinin yaranmasına kifayət edən mötəbər sübutlar olmalıdır. Məhkəmə gəldiyi qənaətinin əsaslılığını belə bir misalla izah etməyi zəruri hesab edərək qeyd edir ki, hər hansı şəxsi, xidməti fəaliyyəti ilə bağlı işləri görməyə cəlb etmiş məhkəmə əməkdaşının və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsinin hərəkətlərinə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi Şəxs Korporasiyasının əməlində İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xətanın yaranmasını şərtləndirən iki halın heç biri mövcud deyildir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs Korporasiyasının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Bunlardan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi Oğuz rayon sakini Zakirov Araz Fərzalı oğlu əmək müqaviləsi bağlanılmadan Şəxs Korporasiyasına məxsus Oğuz rayonunda yerləşən tütün qurutma məntəqəsinə operator işinə cəlb edildiyindən Şəxs Korporasiyasının işəgötürəni X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Təcrübənin bu cür olmasını əsas götürməklə, eyni fakta və xətaya görə vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunmasından sonra, həm də hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması, ədalətli və əsaslı hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmə yalnız icraatına daxil olmuş material üzrə Zakirov Araz Fərzalı oğlunun əmək hüququnun pozulması halına görə inzibati məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu faktına münasibət bildirir. Məhkəməyə müraciət edilməmiş hallar üzrə isə heç bir fakta hüquqi qiymət vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11, 40, 43, 48-51, 61, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Korporasiyasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-631/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-631/2020
11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver