Məhkəmə qərarları › İş №3(075)-632/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-632/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-632/2022 05.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Şəki rayoun, Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, himayəsində iki az yaşlı uşağı olan, Şəki rayoun, Baş Layısqı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə sovxoz ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 612/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2757.67 manat məbləğində pul vəsaiti və 35.5 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-612 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2757,67 manat məbləğində pul vəsaiti və 35,5 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində icraata daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, həmin müddətdə tələbin icrası təmin edilməmişdir. Müvafiq qurumlara verilmiş sorğular nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. Daha sonra rəsmi qaydada xəbərdarlıq edilərək borc məbləğini ödəməsi tələb edilmiş, lakin həmin xəbərdarlıq da heç bir nəticə verməmişdir. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmamış və xx.xx.2022-ci il tarixində onun axtarılması haqqında qərar qəbul edilərək Şəki ŞRPŞ-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixində borclunun yeri müəyyən edilərək İcra və probasiya şöbəsinə gətirilmiş, həmin tarixdə onunla rəsmi söhbət aparılaraq icra sənədi üzrə borcu ödəməsi tələb edilsə də, onun tərəfindən heç bir ödəniş edilməmişdir. İzahatında heç bir yerdə işləmədiyinə görə borcu ödəyə bilmədiyini göstərmişdir. Bu günə qədər borclu tərəfindən borc məbləğindən heç bir ödəniş edilməmişdir. Göründüyü kimi icra sənədi xx.xx.2022-ci il tairxindən icraata daxil olmasına baxmayaraq Şəxs ötən müddətdə üzrlü səbəb olmadan heç bir ödəniş etməmişdir. Bununla da borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun icra sənədindən xəbəri olmuşdur. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Həyat yoldaşı dünyasını dəyişmişdir. Uşaqlarını təkbaşına böyüdür. Heç yerdə işləmir. Yeganə qazancı ailə başçısını itirdiyinə görə uşaqların aldığı sosial yardım kimi 200 manatdır. Hala-hazırda iki yüz manat ödəniş etmişdir. Əlinə düşdükcə az-az borcunu ödəyəcəkdir. Hal-hazırda atasının yanında Bakı şəhərində yaşayır. İcra məmurunun çağırışları üzrə gəlmişdir. Sonuncu dəfədə ona zəng olunan kimi özü gəlmişdir. Bütün bunları nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Çinarə İlham qızının icra sənədini icra etməkdə qərəzli olmadığından izahatında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Qeyd etdi ki, borcun ödənilməsində geçikmələrə səbəb Şəxs maddi imkanın olmamasıdır. Həmçinin nəzərə almaq lazımdır ki, icra sənədi üzrə borc Şəxs dünyasını dəyişmiş həyat yoldaşının borcu olmuşdur. qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs icra məmurunun çağırışına gəlmiş və izahatı alınmışdır. Borcundan hazırda 200 manat tələbkarın xeyrinə ödəməyə hazırdır. Bu da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməsinin bariz nümunəsidir. Onun borcunu ödəyə bilməməsi maddi imkanının zəif olması ilə əlaqədardır. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar