Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-64/2023 23.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs Nəriman oğlunun iştirakı ilə xx xxx 1971-ci il tarixdə Kəlbəcər rayonunun Hopurlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, İİ qrup əlil, Kəlbəcər rayonunun Hopurlu kəndində qeydiyyatda olmaqla Şəki rayonunun Sarıca kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-2(115)-292/2020 saylı icra sənədinə əsasən Şəxs 27661 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə borcunu ödəmədiyi üçün Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir.. Məhkəmə iclasında iştirak edən Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 bildirdi ki, Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2- 2(115)-292/2020 saylı icra sənədinə əsasən Şəxs 27661 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi 07 yanvar 2021-cü ildə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Şəxs göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Tələb borclu tərəfindən könüllü müddətdə icra edilmədiyindən borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Lakin borclunun istifadəsində icarə müqaviləsi əsasında 200 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Tələbin həmin icarədə olan torpaq sahəsinə yönəldilməsi barədə məhkəməyə müraciət olunmuş, lakin təqdimat təmin edilməmişdir. Borcluya bir neçə dəfə xəbərdarlıq edilmiş, icra sənədinin icrası tələb edilmiş, borclu şöbəyə çağırılmışdır. Lakin borclu tələbi yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Borclu çağırışlara gəlmədiyi üçün məcburi gətirilməsi barədə də məhkəməyə təqdimat verilmiş, təqdimat təmin edilmiş, yalnız bundan sonra borclu şöbəyə gəlmişdir. Borclu şöbədə olarkən bir daha icra sənədinin icrası tələb edilmiş, borclu tələbi yerinə yetirməmişdir. Borclunun izahatı alınmış, izahatında özünə məxsus kombaynı 8000 manata satdığını, lakin borcundan ümumiyyətlə pdəöniş etmədiyini bildirmişdir. Ona görə də, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, İİ qrup əlildir. Maddi imkanı aşağı olduğundan qeyd edilən borc məbləğini ödəyə bilməmişdir. İcra sənədi üzrə borcunun onun pensiyasının yarısına yönəldilərək tutulmasına etirazı yoxdur. Qeyd etdiklərini nəzərə alaraq barəsində toplanmış material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2020ci il tarixli, 2-2(115)-292/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs 27661 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsinin 07 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından və borcluya ünvanlanmış həmin tarixli bildirişdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-2(115)-292/2020 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Şəxs Turan qəsəbə inzibati ərazisi olan “Bayan-Çala” ərazisində mal-qaraya baxmaq üçün ferması var və həmin qəsəbədə 200 hektar otlaq sahəsində taxıl əkir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq оlunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-2(115)-292/2020 saylı icra sənədinə əsasən Şəxs 27661 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qərara alınmış, icra sənədi üzrə borcluya xeyli vaxt verilməsinə baxmayaraq o, qeyd edilən icra sənədini icra etməkdən qəsdən boyun qaçırmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 528.1-ci məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs qanunsuz və əsassız olaraq məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməklə inzibati xəta törətmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmaqla, onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs törətdiyi həmin inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-in 21-ci maddəsi). Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən belə qənaətə gəlir ki, o, İİ qrup əlil olduğundan, inzibati həbs tənbehi tətbiq edilə bilməz. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə bilinərək 500 manat məbləğində inzibati cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-64/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-64/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver