Məhkəmə qərarları › İş №3(075)-642/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-642/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-642/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikirət oğlunun katibliyi, Şəki şəhər-rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 22 mart 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün 18 iyul 2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Bununla da o, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində tanışı Kənan Qeysəddinovla “Viva” çay evindən çıxaraq S.Rəhman küçəsi ilə gedən zaman səki təmir olduğundan yolun azca kənarı ilə söhbət edərək getmişlər. Həmin vaxt Şəki ŞRPŞ-nin Postpatrul xidmətinin əməkdaşları onları görüb saxlamış və ucadan səs küy saldıqlarını bildirərək üzərlərinə baxış keçirib polis şöbəsinə aparacaqlarını bildirmişlər. Bundan sonra tanışı Kənan onlara etiraz etdiyindən qısa mübahisə yaranmışdır. O, da polis əməkdaşlarına üstlərinə yoxlamağa ehtiyac olmadığını bildirərək post patrul maşınına oturub polis şöbəsinə gəlmişdir. Polis əməkdaşlarının qanuni tələbinə əməl etməklə heç bir tabesizlik göstərməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X7 ifadəsində göstərmişdir ki, xidmətdə olarkən xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində iki nəfər şəxsin səs-küy salaraq yolda hərəkətda olan avtomobillərin qarşısına çıxaraq təhlükə yaratdıqlarını görmüşdür. Digər polis əməkdaşları ilə onlara yaxınlaşaraq özlərini təqdim edib ictimai qaydalara riayət etmələrini xahiş etmişlər. Onlar tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməkdə davam etmişlər. Bundan sonra onların üstlərinə baxış keçirdərək Polis Şöbəsinə gətirmək istədikdə Şəxs yanında olan Kənan Qeysəddinov polis əməkdaşları ilə mübahisə edərək qanuni tələbə tabe olmaqdan imtina etmişdir. Şəxs sadəcə üstlərinə baxış keçirilməsinə etiraz etmiş nizamintizama dəvət etdikdən sonra onların qanuni tələblərinə əməl etmişdir. Həmin şəxslər tərəflərindən polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis baş serjantı X10, digər polis nəfəri, polis serjantları X3, X6 və X8 digər şahid Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X7 ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəslərində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-13-109/1-16173/24 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində iki nəfər şəxsin səs-küy salaraq yolda hərəkətda olan avtomobillərin qarşısına çıxaraq təhlükə yaratdıqlarını görmüşdür. Polis əməkdaşları ilə onlara yaxınlaşaraq özlərini təqdim edib ictimai qaydalara riayət etmələrini xahiş etmişlər. Onlar tələblərinə tabe olmayaraq nalayiq ifadələr işlətməkdə davam etmişlər. Sonradan adları məlum olan Kənan Qeysəddinov və Şəxs nizam intizama dəvət etsələr də polisin qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiklərindən polis əməkdaşları tərəfindən tutularaq Şəki şəhər-rayon polis şöbəsinə gətirilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X13 tərəfindən tərtib edilmiş 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə qeyd edirki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs ucadan nalayiq ifadələr işlətməsi və polisin qanuni tələblərinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir mötəbər sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətaklar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinin dipozisiyasından görünür ki, xırda xuliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar