Məhkəmə qərarları › İş №3(075)-658/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-658/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-658/2021 22.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 noyabr 2021-ci il tarixli, 14000-1462/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayonu Qoxmuq kəndində qeydiyyatda olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti 14 may 2020-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********9165 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Türkiyədə fəaliyyət göstərən “X2.İns.San. Ve Tic.LTD” şirkətindən ünvanına gələn “MAN TGA 41.360” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsini Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 08 may 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Belə ki, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/012/003313 nömrəli, 14 may 2020-ci il tarixli raportun icrası ilə əlaqədar Şəxs QSC-nin ünvanına gələn “MAN TGA 41.360” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi **********9165 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, idxalçı tərəfindən qısa idxal bəyannaməsi vaxtında tərtib edilmədiyi üçün **********9165 sorğu nömrəli Gömrük bəyannaməsinin 40-cı qrafasında da qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “avtomobil nəqliyyatı” barədə çıxarışdan və **********9165 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şəxs QSC-nin ünvanına gələn “MAN TGA 41.360” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi “Qırmızı Körpü” gömrük postunu 08 may 2020-ci il tarixdə, saat 14:18-də keçmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “qısa idxal/ixrac bəyannamələri” barədə çıxarışdan isə görünür ki, nəqliyyat vasitəsinə dair qısa idxal bəyannaməsi 08 may 2020-ci il tarixdə 15:21-də, yəni nəqliyyat vasitəsi sərhədi keçdikdən sonra verilmişdir. Bununla da, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Lakin Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 20 dekabr 2021-ci il tarixdə elektron ərizə göndərərək göstərmişdir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Odur ki, törədilmə vaxtından 1 ildən artıq keçdiyi üçün xitam edilməsini xahiş etmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Dövlət Gömrük Xidmətinin X1 Sistemindən “malın çatdırılması və boşaldılması”na dair çıxarışdan görünür ki, idxalatçı Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına göndərilən mallar “MAN TGA 41.360” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsilə 08 may 2020-ci il tarixdə, saat 14:18-də Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur, lakin mallara dair qısa idxal bəyannaməsi gömrük orqanınlarına təqdim edilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 29 noyabr 2021-ci il tarixli, 14000- 1462/20 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvanına “MAN TGA 41.360” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsilə göndərilmiş yüklər 08 may 2020-ci il tarixdə, saat 14:18-də Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş, lakin Cəmiyyət tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmiş, nəqliyyat vasitəsinə dair qısa idxal bəyannaməsi 08 may 2020-ci il tarixdə 15:21-də, yəni nəqliyyat vasitəsi sərhədi keçdikdən sonra verilmişdir. Bununla da, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İXM-nin 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən inzibati xəta əməli 08 may 2020-ci il tarixdə törədilmiş və bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti 08 may 2021-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar