Məhkəmə qərarları › İş №3(075)-658/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-658/2022

19.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-658/2022 19.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 1959-cu il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, Baş Göynük kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şəki rayonu üzrə İcra şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Rayon Məhkəməsinin 3(075)-105/2022 saylı, 11 mart 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 1500 manat cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 3(075)-105/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1500 manat inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bildirmişdir ki, icra sənədi üzrə xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış və tələbi icra etməyi üçün borcluya 10 gün könüllü müddət verilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2022-ci il tarixdə Şöbəyə gəlmiş və ondan izahatı alınmışdır. Borclu izahatında qeyd olunan inzibati cəriməni ödəməyə imkanı olmadığını və ona nə qədər müddət verilsədə ödəməyinin mümkün olmayacağını bildirmişdir. Göstərilənlərə əsasən borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 3(075)-105/2022 saylı, 11 mart 2022-ci il tarixli icra sənədinə əsasən ondan 1500 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanının olmadığı üçün ona təyin edilmiş cəriməni ödəyə bilməmişdir. Bildirmişdir ki, onun hazırda tələb olunan cəriməni ödəməyə maddi imkanı yoxdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər, işin hallarına görə və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 28.3-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı və Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 180 saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar