Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-69/2021 02.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞdən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 02:20-də Şəki şəhəri, Bağbanlar küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 02:20-də Şəki şəhəri, Bağbanlar küçəsində ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Şəki şəhərində yaşayır. İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Könüllü olaraq hərbi xidmətə yollanmış, bir neçə müddət əvvəl təxris olunmuşdur. xx xxxxxx 2021-ci il tarixdə dostları ilə birlikdə oturub 1-2 bakal pivə içmişdir. Saat təxminən 02:10 radələrində evə qayıdarkən polis əməkdaşları onu saxlatmış, gözünə işıq salmışlar. O, polis əməkdaşlarına gözünə işıq salmamalarını bildirmişdir. Polis əməkdaşları hara getdiyini soruşmuş, o isə cavabında evə getdiyini bildirmişdir. Bu zaman onun üzünə yenidən işıq saldıqda o əsəbiləşmiş, irad tutmuşdur. Daha sonra polis əməkdaşları onu buraxmışlar. O, həmin şəxslərdən uzaqlaşıb evə gəlmişdir. Bir neçə gün sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş və o da heç birr etiraz etmədən şöbəyə gəlmiş, izahat vermişdir. Bundan sonra polis əməkdaşları onların barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, o, hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmiş, həmçinin polis əməkdaşlarına tabesizlik etməmişdir. Onu həmin vaxt saxlanılarkən şöbəyə dəvət etmədiklərindən evə getmişdir. Müharibə zamanı çətin günlər keçirdiyindən sinir sistemi və psixologiyasında problemlər yaranmışdır. Bədənində qəlpə izləri vardır. Ona görə də üzünə salınan işığa reaksiya vermiş və irad bildirmişdir. Lakin heç bir nalayiq ifadə işlətməmiş, ictimai qaydanı pozmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin nəfəri, polis serjantı X1 ifadəsində göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə polis nəfəri Sübhan Ququşovla 4 saylı ərazidə xidmətdə olmuşlar. xx xxxxxx 2021-ci il tarixdə, saat 02:20 radələrində küçələrin arası ilə hərəkətdə olarkən bir nəfər şəxslə qarşılaşmışlar. Qaranlıq olduğundan həmin şəxsin üzünə işıq salmışlar. Bu zaman həmin şəxs “siz kimsiz ki mən tərəfə işıq salırsız” deyərək ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt vətəndaş içkili olmuşdur. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o daha da əsəbiləşmiş, hərəkətlərini davam etdirmişdir. Bu zaman səs-küyə ətrafdakı evdən balkona bir qadın çıxmışdır. Ona görə də həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Bu zaman o qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra polis şöbəsinə gətirilməsi üçün aidiyyəti üzrə tədbirlər görülmüşdür. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, məhkəmə iclası zamanı tədqiq olunmuş sənədlərlə inzibati xətanın törədildiyi sübuta yetirilməmişdir. Belə ki, inzibati xəta hadisəsi xx xxxxxx 2021-ci il tarixdə, saat 02:20 radələrində baş vermiş, həmin vaxt ətrafda polis əməkdaşları və Şəxs başqa heç kəs olmamışdır. Məhkəmə iclasında dindirilən şahid həmin vaxt səs-küyə ətrafdakı evdən bir nəfər şəxsin balkona çıxdığı bildirsə də, iş materiallarına həmin şəxsin izahatı əlavə edilməmiş, həmçinin məhkəmə iclasında iştirakları da təmin edilməmişdir. Odur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan ictimai qaydanın pozulmasına səbəb olan xırda xuliqanlıq hərəkətlərinin törədilməsi məhkəmə iclas zalında bilavasitə təsdiq edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilsə də, sonuncu həmin vaxt polis şöbəsinə dəvət edilmədiyini, bir neçə gün sonra polis şöbəsinə çağırıldığını və heç bir etiraz etmədən və könüllü Şəki ŞRPŞ-yə gəldiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Şəxs içkili olduğunu, polis şöbəsinə dəvət edilərkən hadisə yerindən qaçdığını qeyd etmişdir. Məhkəmə şahidin ifadəsinə tənqidi yanaşır. Belə ki, polis əməkdaşları iki nəfər olmuş və həmin vaxt ətrafda heç kəs olmamışdır. Odur ki, içkili şəxsin boş küçədə iki nəfər polis əməkdaşının yanından qaçaraq uzaqlaşması və bir neçə gün sonra aşkar edilərək polis şöbəsinə gətirilməsi ağlabatan deyildir. Buna görə də Şəxs qeyd edilən hərəkətləri xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bundan başqa Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinə əsasən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-69/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-69/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver