Məhkəmə qərarları › İş №3(075)-70/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-70/2022

09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-70/2022 09.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Şəki rayonu, Kəhrizoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əlilliyi olmayan Şəki rayonu, Kəhrizoba kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki rayon Məhkəməsinin 2(075)-665 nömrəli, 05 iyul 2010-ci il tarixli icra sənədinə əsasən borclu, Şəki rayon Cəyirli kəndində yaşayan Şəxs 1700 manat tutularaq X2 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(075)-665 nömrəli, 05 iyul 2010-ci il tarixli icra sənədinə əsasən borclu, Şəki rayon Cəyirli kəndində yaşayan Şəxs 1700 manat tutularaq X2 ödənilməlidir. İcra sənədi 16.11.2016-cı il tarixdə təkrar İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də ondan sonrakı dövrdə tələbin icrası təmin edilməmişdir. İcra sənədinin verilməsindən uzun müddət keçməsinə baxmayaraq borc ödənilməmiş, borcluya dəfələrlə xəbərdarlıq edilərək icra sənədi üzrə tələbin yerinə yetirilməsi tələb edilmiş, lakin borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, çağırışlara gəlməmişdir. Borclu çağırışa gəlmədiyi üçün məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, borcluya göndərilmiş, lakin borclu yenə çağırışa gəlməmişdir. Çağırışlara gəlmədiyi üçün məcburi gətirilməsi barədə məhkəməyə təqdimat verilmiş, təqdimat təmin edilmiş, icra olunması üçün Şəki rayon şəhər Polis şöbəsinə göndərilmişdir. Lakin bütün çağırışlara, qərarlara məhəl qoymayan borclu çağırışlara gəlməmiş, icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Nəhayət 08.02.2022-ci il tarixdə polis tərəfindən borclunun məcburi gətirilməsi təmin edilmişdir. Borclu Şəxs şöbədə olarkən icra sənədi üzrə tələbin yerinə yetirilməsi ondan tələb olunmuş, lakin borclu icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu verdiyi izahatında iməhkəmə qətnaməsindən, borcunun olduğundan məlumatı olduğunu, borcundan 300 manat ödədiyini bildirmişdir. Həmçinin borclu bildirmişdir ki, icra sənədinin veilməsindən keçən bu müddət ərzində müxtəlif işlərlə məşğul olmuş, müəyyən qədər gəliri olmuş, lakin borcunu ödəməmişdir. Borcunu ödəməməsinin səbəbi olaraq bildirmişdir ki, o məhkəmə qətnaməsini əsassız hesab edir, onun qarşı tərəfə borcu yoxdur, bu səbəbdən borcunu ödəməmişdir. Çağırışa gəlməməsinin səbəbi olaraq xəstə olduğunu bildirmiş, sağaldıqdan sonra isə gəlməməsinin səbəbi barədə əsaslı bir səbəb göstərə bilməmişdir. Borcunu isə ayda 40 manat olmaqla ödəyə biləcəyini bildirir. İş üzrə tələbkar tərəf öldüyündən tərəf onun vərəsəsi oğlu, X4 ilə əvəz edilmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən, tələbin əmlaka yönəldilməsini təmin etmək məqsədilə adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron icra sistemi vasitəsi ilə sorğular göndərilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar, daşınmaz əmlak aşkar edilməmişdir. Bildirmişdir ki, borclu axtarışla 08.02.2022-ci ildə saat 10:00-da İcra şöbəsinə gətirilmiş və sonra 14:30-da məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 2(075)-665 nömrəli, 05 iyul 2010-ci il tarixli icra sənədinə əsasən borclu, Şəki rayon Cəyirli kəndində yaşayan Şəxs 1700 manat tutularaq X2 ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Həm maddi imkanı aşağı olduğu üçün, həm də məhkəmə qətnaməsini əsassız hesab etdiyi üçün borcunu ödəməmişdir. O, borcundan 300 manat ödəniş etmişdir. Borcunu hazırda ödəyə bilməyəcək, borcunu ayda 40 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. Bildirmişdir ki, 2016-cı ildən sonrakı dövr ərzində yaşadığı Cəfərabad kəndində kənd sakinlərinin ona verdikləri pul müqavilində naxıra getmişdir. Ayda 250 manat qazancı olmuşdur. 2 ay müddətdir ki, X8 kənd sakini Rəşid müəllimin təsərrüfatında təsərrüfat işləri ilə məşğul olur. Aylıq 300 manat qazancı olur. Ailədə ondan başqa oğlu da işləyir. X9 kəndində maşınyuma məntəqəsində işləyir, gündəlik 5-6 manat qazancı olur. Bildirmişdir ki, icra məmurunun çağırışlarından xəbəri olmuş, ancaq xəstə olduğu üçün icra məmurunun çağırışlarına gələ bilməmişdir. Axtarışda olduğundan isə bu gün polis əməkdaşları tərəfindən saxlanıldıqda məlumatı olmuşdur. Həmçinin əlavə olaraq bildirmişdir ki, o, 08.02.2022-ci il tarixdə 10:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra isə saat 14:30-da məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Belə ki, məhkəmə borclunun qismən ödəniş edilməsi barəd xahişini nəzərə alaraq borcundan ödəniş etməsi üçün işi 09.02.2022-ci il tarixinə təxirə salmış, lakin borclu həmin tarixdə hər hansı ödəniş edə bilməyəcəyini bildirmişdir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 08 fevral 2022-ci il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:30-da məhkəməyə aparılmış və məhkəmə iclası 15:00-da yekunlaşmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 08 fevral 2022-ci il tarixdən saat 10:00-dan həmin gün saat 15:00-dək məhdudlaşdırıldığından onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı 5 saat müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs 08 fevral 2022-ci il tarixdə saat 10:00-dan həmin gün saat 15:00-dək sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı 5 saat müddət ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın. İnzibati həbsə alınmanın əvvəli 09 fevral 2022-ci il tarixdə saat 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar