Məhkəmə qərarları › İş №3(075)-702/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-702/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-702/2025 30.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X12 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan, X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X13 tərəfindən tərtib edilmiş 30 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1116/2021 saylı, xx.xx.2021-ci il tarixli və əlavədə göstərilən digər icra sənədlərinin icrası üzrə icra məmurlarının qanuni tələblərini yerinə yetirməmiş, nəticədə X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X13 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1116/2021-003 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 29 iyul 2007-ci il təvəllüdlü X9 və 28 noyabr 2018-ci il təvəlüldlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment tutularaq Nəbiyeva Sevinc Yaqub qızına verilməlidir. Aliment tutulmasının əvvəli 19 may 2021-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə daxil olmuş, icraata başlanılmışdır. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb tam yerinə yetirilməmiş, 1575 manat aliment borcu yaranmışdır. Şəki regional "ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-261 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs cəmi 267 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə daxil olmuş, icraata başlanılmış, lakin icra sənədi icra edilməmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə “Elektron İcra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bır pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Şöbədə olarkən borcluya 1575 manat aliment borcunun olduğu bildirildi, ümumiyyətlə aliment ödəyib-ödəməməsi barədə sual verildi, borclu bildirdi ki, aliment ödəyib, sonuncu dəfə oktyabr ayında aliment ödəmişdir. Yaranmış aliment borcunun ödənilməsi tələb edildi, borclu icra sənədi üzrə tələbləri yerinə yetirmədi, növbəti ayın sonunadək icra sənədləri üzrə tələbləri yerinə yetirəcəyini bildirdi. Tələbkar isə bildirdi ki, o aliment borcunun tam ödənilməsini istəyir. Borclu şöbədə olarkən verdiyi izahatında rayonda tikintilərdə usta işlədiyini, ayda 500-manat qazancının olduğunu bildirir. Halhazırda isə borclunun 1575 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranmasını, aliment ödəməməsinin səbəbini qazancının az olmasıyla bağlı olduğunu bildirdi. X2 borclunun inzibati məsuliyyətə cəlb olunması üçün AR İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə verilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, X3 12:00-da polis tərəfindən axtarışla gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd edilənlər doğrudur, lakin 800 manat ödəniş etmişdir, lakin həmin məbləğ qeyd edilməmişdir. Vaxt verilsə 1 ay ərzində borcunu bağlaya bilər. X18 Vəkil Bürosunun vəkili X19 izahatında X5 əməlində hər hansı qərəz olmadığını, həmçinin X10 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X8 məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Borclu tərəfindən icra sənədlərində göstərilən borcdan ödəniş edilməmiş, icra sənədləri tam olaraq icra edilməmişdir. Bununla da, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün X6 tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. X8 və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, X8 30 oktyabr 2025-ci il tarixdə, saat 12:00-da polis əməkdaşları tərəfindən xəbərdar olunduğundan Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gəlmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, X1 hərəkət etmək imkanı 30 oktyabr 2025-ci il tarixdən, saat 12:00-dan məhdudlaşdırıldığından, X5 həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan, yəni 30 oktyabr 2025ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 30 oktyabr 2025-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar