Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-706/2025 04.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş EQ 30616283 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş EQ 30616283 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ 30616283 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmiş və bu barədə ona elektron qaydada protokol və qərar tərtib olunmuşdur. O, həmin qərarla razı deyildir. Qəbul edilmiş qərar qanunsuzdur və heç bir sübut olmadığından və tərəfimdən qeyd edilən inzibati xəta törədilmədiyindən ləğv edilməlidir. **-LF-*** dövlət nömrə nişanlı MAN TGA 18.400 yük markalı nəqliyyat vasitəsi üzrə maksimum yük kütləsinin 40000 kq (40 ton) olduğu nəzərdə tutulmuşdur. "xxxx" MMC-də xx.xx.2025-ci il tarixdə saat 18:03:42-də idarə etdiyi nəqliyyat vasitəsi yüklə - qumla birlikdə 40360 kq olmuşdur. Həmin tarixdə saat 18:18:21-də İmişli rayonu Qaradonlu kındindən Hacıqabul rayonu istiqamətində hərəkətdə olarkən elektron tərəzidə nəqliyyat vasitəsinin çəkisinin guya 44370 kq olduğu qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:56:42-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən "xxxx" MMC-də nəqliyyat vasitəsi ölçülmüş və nəqliyyat vasitəsinin yüklə birlikdə cəmi çəkisi 40360 kq olmuşdur. Nəqliyyat vasitəsinin maksimum kütləsi 42000 kq-dan (40000 kq-ın 5%-i) çox olardısa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin trkibi yaranacaqdır. O, hesab edir ki, heç bir inzibati xəta törətmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi və inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Şikayətçi ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə şikayətçinin və inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ilə bağlı əlavə materialların əldə olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə və X3 Agentliyinə sorğular vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abdullazadə tərəfindən tərtib edilmiş EQ 30616283 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 18:18:21 radələrində idarə etdiyi MAN TGA 18.400 yük markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrara törədilməsi haqqında protokol tərtib edilmiş və barəsində 1200 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarda hərəkət halında çəki ölçmə nəzarət sistemi “Kistler” 9835A adlı xüsusi texniki vasitənin məlumatı əsasında qeyd edilmişdir. İnzibati xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Qərara əlavə edilən kamera görüntüsündə hadisənin tarixi və vaxtı: xx.xx.2025-ci il tarixdə, saat 18:18:21 radələri, stansiya: M-6 91.6 km, İmişli rayonu, Qaradonlu kəndi, Hacıqabul istiqaməti, avtomobil: MAN TGA 18.400 yük markalı **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, maksimum kütlə 40000 kq, faktiki kütlə: 44370 kq olduğu müəyyən olunur. X3 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikat və ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən məlum olur ki, “Kistler” 9835A adlı xüsusi texniki vasitə xx.xx.2025-ci il tarixdə yoxlanılmış, sertifikat xx.xx.2029-cu il tarixədək etibarlıdır. Məktubda qeyd olunur ki, sürücü davranışları elektron tərəzilərin ölçmə nəticələrinə təsir edir. Belə ki, tərəzi üzərində kəskin tormozlama, qəfləti sürətlənmə, qəfil sükan çevirmə və ya manevretmə, yükün düzgün yerlşdirilməməsi, bərkidilməməsi, aralıq məntəqələrində nəqliyyat vasitəsinin yüklənməsi və ya boşaldılması kimi amillər ölçmə nəticələrinə təsir edə bilər. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(075)-159/2025 saylı qərarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş EQ 26121385 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan verilmiş şikayət təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli, 104 nömrəli Qərarında göstərilmişdir ki, ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl edib, səlahiyyətli orqanın qəbul etdiyi xx.xx.2025-ci il tarixli, EQ 30616283 saylı qərarı və ona əlavə edilmiş, hərəkət halında çəki ölçmə nəzarət sistemi olan “Kistler” adlı xüsusi texniki vasitənin qeydə aldığı fotocədvəllərdə əks olunmuş məlumatların məzmununa uyğun olaraq, X2 xx.xx.2025-ci il tarixdə, saat 18:18:21 radələri, stansiya: M-6 91.6 km, İmişli rayonu, Qaradonlu kəndi, Hacıqabul istiqaməti, avtomobil: MAN TGA 18.400 yük markalı **- LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, maksimum kütlə 40000 kq, faktiki kütlə: 44370 kq olmasını, bu səbəbdən sonucunun əməlində Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Azərbaycan Respublikası İXM-in 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30616283 saylı inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Şikayətçinin öz təqsirsizliyi ilə bağlı gətirdiyi dəlil isə əsaslı və qanuni deyil. Məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 120–126, 128 və 133– 136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30616283 saylı inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-706/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-706/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver