Məhkəmə qərarları › İş №3(075)-707/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-707/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-707/2025 04.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1977-ci il tarixdə Şəki rayonu Qayabaşı kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işsiz, Şəki rayonu Qayabaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 04 noyabr 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-748/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 82000 (səksən iki min) manat borc, 336 (üç yüz otuz altı) manat dövlət rüsumu və 110 (bir yüz on) manat xidmət haqqı alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu X4 göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu hər hansı bir icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə borclunun əmlakının siyahıya alınması məqsədi ilə qeydiyyatda olduğu Şəki rayonu Qayabaşı kəndinə gedilmişdir, lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmiş və bu barədə müvafiq akt yazılmışdır. xx.xx.2024-cü il tarixdə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində borclunun axtarışı haqqında qərar yazılmış və qərar icra edilməsi üçün Şəki şəhər rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu Şəxs Şəki şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilərək Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəki şəhər rayon Polis Şöbəsinə verdiyi izahatında bildirmişdir ki, onun bütün borcu ödəməyə gücü çatmadığını tələbkarla əlaqə saxlayıb özü ilə razılaşmağı düşünür. Eyni zamanda borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron icra" informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Borclu bu günədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sonədlərini icra edilmədən qalmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, pulu aldığını və əvvəllər hissə-hissə ödəniş etdiyini bildirmişdir. Məhkəmədən iş üzrə qanuni qərarın çıxarılmasını xahiş etmişdir. X7 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş; Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır,icra sənədi üzrə borcludan 82000 manat məbləğində borc, 336 manat dövlət rüsumu və vəkilə hüquqi yardıma görə ödənilmiş 110 manat xidmə haqqı tutularaq tələbkar X5 ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-748/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki rayonu Qayabaşı kənd icra nümayəndəliyinə xx.xx.2023-cü il tarixli sorğusu ilə borclu Şəxs Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatda olub, yaşayıb yaşamaması, əmək fəaliyyəti və əlaqə telefonu haqqında məlumat, əmlakların mal qaranın sayı göstərilməklə ətrafı məlumat verilməyi xahiş edilmişdir. Şəki rayonu, Qayabaşı kən icra nümayəndəliyinin sorğusuna cavab məktubunda Şəxs Qayabaşı kənd qeydiyyatında olmaqla 3 (üç) ildən artıq müddətə ailəsi ilə birgə Bakı şəhərində yaşadığı qeyd edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən borclu haqqında axtarış işinin açılması xahiş edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Şəxs barəsində Şəki rayonu üzrə axtarış elan edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubu ilə Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən borclu haqqında axtarış işinin surətləndirilməsi xahiş edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin tələbkar X3 Ədliyyə Nazirliyinə daxil olmuş müraciəti ilə bağlı arayışında borclunun yeri müəyyən edilərək şöbəyə gətirilməsi təmin edildikdən sonra qanunamüvafiq tədbirlərin həyata keçirilməsi qeyd edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki şəhər-rayon Polis Şöbəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunda borclu Şəxs gətirilməsi polis əməkdaşları tərəfindən təmin olunduğundan, borclu barəsində axtarış işinin dayandırılması xahiş edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci il tarixdə borclu Şəxs izahat verərək icra sənədi üzrə heç bir ödəniş etmədiyini və borcu ödəməyə imkanı olmadığını, tələbkarla əlaqə saxlayıb razılaşmağı düşündüyünü bildirmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilikin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasını İXM- 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsi məqsədə uyğun hesab edilir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasinda olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 04 noyabr 2025-ci il tarixdən, saat 10:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində xx.xx.2025-ci il tarixdə yenidən izahatı alınmışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində saxlanıldığı vaxtdan, yəni 04 noyabr 2025-ci il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 04 noyabr 2025-ci il tarixdən saat 10:00-dan hesab edilsin. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar