Məhkəmə qərarları › İş №3(075)-712/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-712/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-712/2022 10.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə X1 Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonu Öryət kəndi ərazisində şəxsi mülkiyyətində olan, şərti yararsız kateqoriyaya aid edilmiş ehtiyat fondu təyinatlı 6 hektar torpaq sahəsi var. Təxminən 2-3 ildir ki həmin torpaqda arpa, buğda, kartof əkini ilə məşğuldur. 19 sentyabr 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki rayon şöbəsinin məsləhətçi müfəttişi X6 və X11 qeyd etdiyi, şəxsi mülkiyyətində olan torpaq sahəsinə icazəsiz və əvvəlcədən xəbər etmədən gələrək, onun iştirakı olmadan inzibati xəta törətməsi ilə bağlı akt tərtib etmişlər. Aktda göstərilir ki, mülkiyyətində olan 6.0 hektar torpaq sahəsinin 180 kv.m ərazisində mal tövləsi tikmişdir və bununla da inzibati xəta törətmişdir. Bundan sonra elə həmin tarixdə yenə də iştirakı olmadan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. 21 sentyabr 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki rayon şöbəsindən ünvanına bildiriş daxil olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 10:00-da inzibati xəta haqqında işə baxılacaqdır. 04 oktyabr 2022-ci il tarixdə rəsmi olaraq ƏMDX-nin Şəki rayon şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati protokol əsassızdır, işə baxılarkən inzibati xəta haqqında icraata xitam verilməlidir. Lakin buna baxmayaraq 07 okytabr 2022-ci il tarixdə poçt vasitəsi ilə ünvanına 300 manat cərimə edildiyi qeyd olunan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar daxil olmuşdur. Aktda və inzibati protokolda mal tövləsi tikdiyi qeyd edilmişdir. Lakin o, mülkiyyətində olan 6.0 hektar, yəni 60.000 kv.m torpaq sahəsinin 180 kv.m hissəsində mal tövləsi deyil, arpa və buğda saxlanması üçün anbar tikmişdir ki, bu da torpağın məqsəddən kənar istifadəsi sayılmamalı və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinin dispozisiyasında göstərilən xətanın tərkibini yaratmır. Məhkəmə iclasında izahat verən X3 qeyd etdi ki, onun barəsində tərtib edilmiş qərarla razı deyil. Protokol tərtib etmiş şəxs tam araşdırma aparmadan onun inzibati məsuliyyətə cəlb olunması ilə bağlı qərar qəbul etmişdir. Həmin torpaqda, o, kənd təsərrüfatı mallarının əkini ilə məşquldur və ərazidə tikdirdiyi bina buğdanın saxlanması üçün nəzərdə tutulmuş anbardır. Ona görə də, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 04 oktyabr 2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin nümayəndəsi X11 bildirdi ki, X5 şikyəti əsassızdır. X12 оğlu Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 247.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək 300 mаnаt məbləğində inzibаti cərimə edilmişdir. İnzibati protokol və qərar tam düzgündür. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin mütəxəssisləri tərəfindən keçirlən monitorinq zamanı X12 оğlunun istifadəsində olan torpaq sahəsində əsaslı tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, X5 faktiki istifadə etdiyi və üzərində tikinti işləri aparmış torpaq sahəsi onun mülkiyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür və kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Ona görə də, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 13 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olmuş materiallar Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsindən tələb olunaraq araşdırılmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu Çeşməli Bələdiyyəsinin 05 avqust 2011-ci il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, Çeşməli bələdiyyəsinin əkinə yararsız və az yararlı torpaqlarından kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətə verilməsi üçün 6 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayonu Çeşməli Bələdiyyəsi ilə X8 arasında bağlanmış 06 mart 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Çeşməli Bələdiyyəsinin mülkiyyətində olan, Şəki rayonu, Öryət kəndində yerləşən 6 hektar torpaq sahəsini X2. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəki rayonu Öryət kəndində yerləşən 06 hektar torpaq sahəsi X5 tam mülkiyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət XidmətininDaşınmaz X13 və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X7 məxsus Şəki rayonu Öryət kəndində yerləşən **********12 reyestr nömrəli 6 ha torpaq sahəsi Şəki rayonu Öryət kənd ərazisində inşa etdirdiyi tikilinin (ferma) torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarına əlavə edilmiş 01 noyabr 2022-ci il tarixli aktdan görünür ki, torpaq elektron kadastr uçotu informasiya sisteminə daxil olmuş məlumatlara və ilkin torpaq ayırma sənədlərinə əsasən Şəki rayonunun Öryət kənd ərazisində X8 tərəfindən inşa edilmiş tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatlı təyinatlıdır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X3 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəki rayonu Çeşməli Bələdiyyəsinin 05 avqust 2011-ci il tarixli qərarına əsasən X5 mülkiyyətinə kənd təsərrüfatı malları istehsalı üçün 6 hektar torpaq sahəsi verilmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin mütəxəssisləri tərəfindən keçirlən monitorinq zamanı X12 оğlunun mülkiyyətinə verilmiş torpaq sahəsində əsaslı təmir-tikinti işləri aparılaraq onun özünün də etiraf etdiyi kimi torpaq sahəsinin 180 kv.m hissəsində arpa və buğda saxlanması üçün anbar tikmiş, bununla da mülkiyyətinə verilmiş torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etmişdir. Həmçinin araşdırma nəticəsində müəyyən olundu ki, X5 inşa etdirdiyi bina onun mülkiyətində olan torpaq sahəsində deyil kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin üzərində olmuşdur. Məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinində kifayət qədər araşdırma aparılmış və X12 оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 300 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin X12 оğlu torpaq sahəsində anbar tikməsini əsassız olaraq qanun pozuntusu hesab etməmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutlmuşdur və X12 оğlu məhz həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Halbuki məhkəmə iclasında müəyyən oldu ki, X4 təsərrüfatlı təyinatlı torpaq sahəsində bina inşa etdirmişdir. İXM-nin 247.2-ci maddəsilə isə həmin Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə daha ağır inzibati tənbeh növləri nəzərdə tulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Hər bir halda X8 istifadə etdiyi torpaq sahəsinin təyinatına uyğun olmayan tikinti işləri aparmış və buna görədə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X1 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən barəsində tərtib edilmiş 19 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 04 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar