Məhkəmə qərarları › İş №3(075)-714/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-714/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-714/2022 19.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Laçın rayonu, Hacısamlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmayan, Laçın rayonu, Hacısamlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Kürdaxanı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və X1 Sənani Eyvaz oğlunun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-842/2018 nömrəli, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq X3 verilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-399/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimenyin məbləği artırılaraq cəmi 240 manat müəyyən olunmuşdur. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarını ödəməmiş, həmçinin icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq yayınmış və bunula da Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-842/2018 saylı, 05 aprel 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat sabit pul məbləğində aliment alınaraq X2 ödənilməlidir. Bundan başqa Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-399/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs tutulan alimenyin məbləği artırılaraq cəmi 240 manat müəyyən olunmuşdur. İcra sənədləri müvafiq olaraq xx.xx.2018-ci ildə və 29.03 2021-ci il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Borclunun halhazırda 6110 manat borcu yaranmışdır. Həmçinin borclu dəfələrlə icra şöbəsinə çağırılmış, gəlməmiş, yeri barədə dəqiq məlumat verməmiş, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclu yaşayış yerini dəyişdiyi halda icra məmuruna məlumat verməli olduğu halda məlumat verməmiş, yeri məlum olmadığından axtarışa verilmiş, xx.xx.2020-ci il tarixdə polis tərəfindən tapılaraq şöbəyə gətirilmişdir. Həmin tarixdə barəsində İXM-nin 528.1-ci maddəsi ilə pritokol tərtib edilərək məhkəməyə verilsədə məhkəmədən özbaşına getmiş, işə baxılması mümkün olmamışdır. Borclunun yeri məlum olmadığından axtarış işi açılmışdır. Bu gün borclunun yeri müəyyən olunaraq polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, ondan borcunu ödəmək tələb olunmuş, o, isə heç bir əsas göstərmədən borcundan ödəniş etməmişdir. Kürdaxanı qəsəbəsində yaşadığını işi və qazancı olduğunu bildirmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına neç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Protokolu müdafiə edir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar ona xəbərdarlıq edilməsinə baxmayaraq maddi imkanı yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. Lakin hazırda 5-6 gün olar ki, qeyri rəsmi işləyir. Möhlət verilsə 3 gün ərzində ödəyəcəyinə söz verir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun, izahatları və digər sənədlərlə təsdiq olundu. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(075)-701/2020 saylı qərarı ilə borclu barəsində olan inzibati iş üzrə icraata xitam verilmiş, lakin tələbkar X5 narazı qalaraq apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 3(107)-23/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(075)-701/2020 saylı qərarı ləğv edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 3 (075)-103/2021 saylı qərarı ilə borclu barəsində axtarış elan edilmiş və qərarın axtarışla bağlı hissəsi Şəki ŞRPŞ-ya həvalə edilmişdir. Borclu 18 may 2022-ci il tarixdə saxlanılaraq Şəki Rayon Məhkəməsinə gətirilmiş və həmin tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən müddətin keçməsi ilə bağlı borclunun barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün X6 tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 19 oktyabr 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar