Məhkəmə qərarları › İş №3(075)-714/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-714/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-714/2023 07.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X7 Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən 07 avqust 2023-cü il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki, o, Şəki Rayon Məhkəməsinin 2(075)-629/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində olan material baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəki rayon İcra və probasiya şöbəsinin icra məmuru Cəsarət Fətəliyev tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İXMnin yuxarıda qeyd olunan normalarının tələblərinə riayət edilməmişdir. Belə ki, İXM-nin 100.1.6-ci maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda öz əksini tapmalıdır. Göründüyü kimi protokolda zərər çəkmiş şəxsin adı, soyadı və onun hüquqi ünvanı protokolda öz əksini tapmamışdır. Həmçinin İXM-in 100.3-cü maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında protokoldan göründüyü kimi, zərərçəkmiş şəxsə inzibati xəta haqqında protokolun surəti verilməsi barədə protokolda heç bir qeyd aparılmamışdır. Ona, İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır Bunlardan əlavə protokolda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin fərdi identifikasiya nömrəsi də göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarından görünür ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları isə işin məhkəmə baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Göründüyü kimi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə qaytarılsın. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar